Yayda "palto havası" hər il olacaq? - AÇIQLAMA
Far.Az xəbər saytı

Yayda "palto havası" hər il olacaq? - AÇIQLAMA


İyul ayının ilk ongünlüyündə qeyri-adi sərin havalar müşahidə olunur. Əvvəlki illərlə müqayisədə bu ilin yayı daha mülayim keçir. Lakin bu sizi təəccübləndirməsin - əslində bu da iqlim dəyişikliyinin bir növ təzahürüdür.

Bunu Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova Far.Az-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, biz iqlim dəyişikliyini yalnız havanın temperaturunun artması kimi qəbul etsək də, əslində bu anlayış daha genişdir:

"Biz iqlim dəyişikliyi dedikdə havanın temperaturunun qalxmasını deyil, eyni zamanda enməsini, küləyin, dolunun, yağıntıların artıb-azalmasını və əvvəlkindən fərqli vəziyyət almasını nəzərdə tuturuq. Sadəcə olaraq son dövrlər iqlim dəyişikliyini istiləşmənin çox olması ilə müşahidə etdiyimizə görə, adətən insanların beynində belə formalaşıb".

Fəridə Talıbovanın sözlərinə görə, 60–90-cı illəri iqlim müşahidələrinin baza dövrü kimi qəbul edirik və bu dövrlə müqayisədə indiki sərinlik qeyri-adi sayılmır. Lakin 1990-cı ildən sonrakı dövrdə istilərin ardıcıl davam etməsi insan yaddaşında "yay = isti" modelini formalaşdırıb.

"İndi bu sərinlik bizə qeyri-adi gəlir. Halbuki baza dövrü ilə uyğunluq və oxşarlıq müşahidə olunur".

Ekspert onu da vurğuladı ki, meridional proseslərin Azərbaycana təsiri çoxdur. Yayda havanı sərinləşdirən, qışda isə sərtləşdirən şimaldan gələn hava kütlələri olur. Yayda istiləri çoxaldıb, qışda isə havanı mülayimləşdirən isə cənub (tropik) hava kütlələridir:

"Hazırda şimal axınları üstünlük təşkil edir".

Mütəxəssis Günəşin fəallığının da hava şəraitinə birbaşa təsir göstərdiyini bildirir. Lakin son araşdırmalara əsasən, Günəş fəallığında azalma müşahidə olunmayıb və yaxın zamanda qızmar havalar müşahidə ediləcək.

"Günəşin rolu temperaturun və iqlim sisteminin formalaşmasında böyükdür. İndiki sərin havalarda da onun təsiri var. Çox güman ki, yayın növbəti aylarında bizə tanış olan qızmar istilər geri qayıdacaq".

Banu Hüseynli

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər