Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlanıb, 300 metrdən artıq tor zərərsizləşdirilib
Far.Az xəbər saytı

Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlanıb, 300 metrdən artıq tor zərərsizləşdirilib


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirib.

Far.Az  ADSEA-ya istinadən xəbər verir ki, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər balıq ovu vasitələrindən istifadə halları aşkarlanıb. Eyni zamanda, su obyektlərinin çirkləndirilməsi faktlarına da rast gəlinib.

Nəticədə müxtəlif ölçülərdə və ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar, eləcə də çoxlu sayda vintil (balıq tutma vasitəsi) su hövzəsindən çıxarılıb və qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Agentliyin məlumatında qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının axıdılması, eləcə də suyun çirklənməsinə səbəb olan digər fəaliyyətlər qadağandır.

"Təəssüf ki, sintetik torların istifadəsi qanunla qadağan edilməsinə baxmayaraq, bəzi şəxslər bu vasitələrdən istifadə etməyə davam edirlər. Bu, su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur", - deyə məlumatda bildirilir.

Bundan əlavə, sintetik torlardan istifadənin balıq ehtiyatlarının kütləvi məhvinə və uzunmüddətli ekoloji zərərlərə yol açdığı, suyun axımının dəyişməsi ilə durğun zonaların və çöküntülərin yaranmasına, dib faunasının məhvinə səbəb olduğu qeyd olunub. Torların suvarma sistemlərində boruları və kanalları tıxaması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini bəyan edib və vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi halları ilə rastlaşdıqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər