Xalq artisti Rəşid Behbudovun doğum günüdür
Far.Az xəbər saytı

Xalq artisti Rəşid Behbudovun doğum günüdür


Bu gün Xalq artisti Rəşid Behbudovun doğum günüdür.

Görkəmli sənətkar 1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib.

1943-cü ildə "Bakıkinostudiyası" "Arşın mal alan" filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib. Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1949-cu ildə Budapeştdə Gənclərin və Tələbələrin Ümumdünya festivalında çıxış edib. Behbudovun repertuarında "Azərbaycan", "Neftçi", "Züleyxa" və başqa mahnılar yer alır.

"Gözəlim sənsən", "Ana", "Sevgilim", "Gecələr", "İlk Görüş", "Bakının ulduzları", "Evləri var", "Küçələrə su səpmişəm" Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun "Sevil" operasında əsas qəhrəman - Balaş rolu Rəşid Behbudova tapşırılıb.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və həyatının sonunadək bu teatrın bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında Moskva şəhərində vəfat edib. Müğənninin məzarı Bakıda birinci Fəxri Xiyabandadır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 17 il ötür
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər