Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB


Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mili Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin "Şərəf" medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib.

Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.

Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları arasında mövcud olan əlaqələrin, eləcə də ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd ediblər. Bu çərçivədə Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğu məmnunluqla vurğulanaraq bildirilib ki, qanunvericilik orqanları həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Vurğulanıb ki, parlamentlərarası əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir və bu sahədə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri formalaşıb.

Görüşdə bildirilib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və koordinasiyalı fəaliyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Gürcüstan və Azərbaycan parlamentlərinin spikerləri Şalva Papuaşvili və Sahibə Qafarova strateji enerji layihələrinin irəlilədilməsi məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyası çərçivəsində Qafarova ilə görüşün yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.

"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşməyə şad oldum. Gürcüstan parlamentində bu yaxınlarda təsis edilmiş Parlament Fəxri medalını ilk dəfə ona təqdim etmək mənim üçün xüsusi şərəf idi. O, Gürcüstan və Azərbaycan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə, eləcə də xalqlarımız arasında dostluğun inkişafına mühüm töhfə verib", - o yazıb.

Papuaşvili qeyd edib ki, bu mükafat Sahibə Qafarovanın parlamentlər arasında münasibətlərin möhkəm normativ bazasının formalaşmasında müstəsna rolunu, həmçinin parlament komitələri, dostluq qrupları arasında əlaqələrin inkişafına və birgə diplomatik fəaliyyətə verdiyi şəxsi töhfəsini əks etdirir.

"Biz fəal parlamentlərarası əməkdaşlığı alqışladıq və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqliyimizi təsdiqlədik. Görüş zamanı həmçinin, regionda sülh prosesi müzakirə olundu və strateji enerji layihələrinin irəlilədilməsi zərurəti vurğulandı", - o əlavə edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər