Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
23 aprel 2025-ci il Azərbaycan-Çin münasibətlərinin inkişafında dönüş nöqtəsidir. Həmin gün Bakı və Pekin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalayaraq ikitərəfli əməkdaşlıqda yeni səhifə açıb.
Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycan və Çinin genişmiqyaslı layihələr həyata keçirməsinə, vizasız rejimin tətbiqinə yol açıb, əməkdaşlıq isə siyasət və iqtisadiyyatdan humanitar mübadiləyə qədər getdikcə daha çox sahəni əhatə edir.
Ötən ilin aprelində Çinin Azərbaycandakı yeni səfiri Lu Mey vəzifəsinin icrasına başlayıb. Səfir "Far.Az"a müsahibəsində fəaliyyətinin birinci ilinin yekunlarını açıqlayıb, ikitərəfli münasibətlərin dinamikası, ticarət dövriyyəsinin artımı və əməkdaşlığın əsas istiqamətləri barədə danışıb.
- Siz ötən ilin aprelində diplomatik missiyanızın icrasına başlamısınız və bu dövr Çin-Azərbaycan münasibətlərinin nəzərəçarpacaq dərəcədə canlanması ilə üst-üstə düşüb. İkitərəfli əməkdaşlığın cari vəziyyətini və son bir il ərzindəki dinamikasını necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyev 22-24 aprel 2025-ci il tarixlərində Çinə dövlət səfəri zamanı ölkə Sədri Si Cinpinlə birlikdə iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan edərək Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açdı.
Ötən il aprelin 14-də Bakıya gəldim və vəzifəmin icrasına başladım. Azərbaycana gəldikdən üç gün sonra etimadnaməmi Prezident İlham Əliyevə təqdim etmək şərəfinə nail oldum. Eyni zamanda, vəzifəyə başladıqdan dərhal sonra mühüm bir tədbirdə – Prezident İlham Əliyevin Çinə səfərində iştirak etdim.
Çinin Azərbaycandakı onuncu səfiri kimi son bir il ərzində iki ölkə arasında müxtəlif sahələrdə və qurumlar arasında sıx mübadilələrin aparıldığını görmək məni çox sevindirir. İki ölkə liderinin əldə etdiyi konsensusu rəhbər tutaraq, hər iki tərəf siyasi qarşılıqlı etimadı dərinləşdirib, əməkdaşlıq potensialını üzə çıxarıb, insanlar arasında qarşılıqlı anlaşmaya töhfə verib və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını yeni tammiqyaslı inkişaf mərhələsinə yüksəldib.
Birincisi, ikitərəfli mübadilələr getdikcə mütəmadi xarakter alır. Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfərindən sonra Azərbaycan lideri Tyantszində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Çin xalqının Yaponiya işğalçılarına qarşı Müqavimət Müharibəsində və faşizmə qarşı müharibədə Qələbənin 80-ci ildönümünün qeyd olunmasında iştirak etmək üçün 30 avqust - 3 sentyabr tarixlərində Çində ikinci dəfə səfərdə olub. Keçən il Baş nazirin müavini, Milli Məclisin vitse-spikeri, prezidentin köməkçisi, energetika naziri, səhiyyə naziri, elm və təhsil naziri, Azərbaycanın digər yüksək vəzifəli nümayəndələri də Çinə səfər ediblər və iki ölkə arasında qarşılıqlı səfərlərin sayı rekord səviyyəyə çatıb. 2026-cı ildə iki ölkə arasında yüksək səviyyəli sıx əlaqələr davam edib. Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfərlər ediblər. Bu səfərlər çərçivəsində onlar ikitərəfli münasibətlər və iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığa dair dərin fikir mübadiləsi aparıblar.
İkincisi, siyasi qarşılıqlı etimad daim möhkəmlənir. Prezident İlham Əliyev Çin hökumətinin milli birliyə yönəlmiş bütün səylərinə dəstəyini aydın şəkildə bildirib. Azərbaycan tərəfi dəfələrlə vahid Çin prinsipinə sadiqliyini təsdiqləyən və Tayvanın müstəqilliyinin tərəfdarı olan separatçı qüvvələri pisləyən bəyanatlar verib. Çin tərəfi bundan sonra da Azərbaycanın milli şərtlərə uyğun inkişaf yolu ilə irəliləməsi, eləcə də təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında qətiyyətli dəstək verəcək. İlham Əliyev aydın şəkildə bildirib ki, Sədr Si Cinpinin irəli sürdüyü bəşəriyyətin vahid taleyi birliyinin qurulması konsepsiyası və dörd qlobal təşəbbüs dünyada sülhə, sabitliyə və firavanlığa xidmət edir, Azərbaycan tərəfi bunu yüksək qiymətləndirir və fəal şəkildə dəstəkləyir. Çin və Azərbaycan, Qlobal Cənub ölkələri olaraq, BMT, ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli mexanizmlər çərçivəsində səmərəli əməkdaşlıq edir, birlikdə həqiqi multilateralizmi tətbiq edir və beynəlxalq bərabərliyi və ədaləti müdafiə edirlər.
Üçüncüsü, praqmatik əməkdaşlığın nəticələri məhsuldar olub. Çin və Azərbaycanın bir-birini tamamlayan iqtisadi strukturları və əməkdaşlıq konsepsiyalarının üst-üstə düşməsi kimi unikal üstünlüklər hesabına hər iki tərəf "Bir kəmər, bir yol" təşəbbüsünün birgə reallaşdırılmasını əsas xətt olaraq qəbul edərək hərtərəfli praktiki əməkdaşlığı dərinləşdirir. Bu isə Çinin yüksək keyfiyyətli istehsal güclərinin Azərbaycanın inkişaf sahəsindəki ehtiyacları ilə uyğunlaşdırılmasına imkan yaradıb. Ötən il Çin və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çataraq ardıcıl üçüncü dəfə rekord nümayiş etdirib və yüksək artım tempini qoruyub. Bu ilin əvvəlində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Qarşılıqlı vizasız rejim sayəsində iki ölkə vətəndaşları arasında əlaqələr nəzərəçarpacaq dərəcədə möhkəmlənib, turizm sahəsində əməkdaşlıq potensialı inkişaf etməkdə davam edir, regional səviyyədə, eləcə də elm və texnologiya sahəsində mübadilələr, təhsil və analitik mərkəzlər arasında əlaqələr əhəmiyyətli dərəcədə intensivləşib.
Azərbaycanda işlədiyim bir il ərzində müxtəlif dairələrin nümayəndələri ilə geniş əlaqələr qurmuşam və ölkənin bir çox regionlarını ziyarət etmişəm. Bu, mənə Çin-Azərbaycan dostluğunun nəsildən-nəslə ötürüldüyünü və zamanla daha da möhkəmləndiyini tam hiss etməyə imkan verib. 2026-cı il Çinin 15-ci beşillik proqramının həyata keçirilməsinin birinci ili və Çin-Azərbaycan münasibətlərinin 35 illik yubileyidir. Gələcəkdə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq üçün geniş perspektivlər və böyük imkanlar açılır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə iki ölkə başçılarının əldə etdikləri mühüm konsensusu rəhbər tutaraq, qarşılıqlı dəstək və dostluq ənənələrini inkişaf etdirmək, modernləşdirilmiş inkişaf imkanlarını birgə bölüşmək və Çin-Azərbaycan münasibətlərinin inkişafına daha böyük töhfə vermək üçün səy göstərməyə hazırdır.
- 2025-ci ildə Azərbaycanla Çin arasında ikitərəfli ticarət 5 milyard ABŞ dollarına yaxınlaşdığını qeyd etdiniz. Hər iki ölkə ikitərəfli ticarətin daha da inkişaf etdirilməsi üçün hansı tədbirləri görməyi planlaşdırır? Çin-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hansı potensial sahələr mövcuddur?
- İkitərəfli münasibətlərin keyfiyyətinin yüksəldilməsi iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına güclü təkan verib. Artıq dediyim kimi, ötən il ticarət dövriyyəsi illik müqayisədə 30,2 % artaraq 4,87 milyard ABŞ dollarına çatıb. Qeyd etmək lazımdır ki, bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ikitərəfli ticarətin dəyəri 780 milyon ABŞ dollarına çatıb və artıq dediyim kimi, Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.
İki ölkə arasında ticarətin həcmi artmaqla yanaşı, praktiki əməkdaşlığın keyfiyyəti və səviyyəsi də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Çin kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələr Azərbaycanda yeni enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, avtomobil sənayesi, informasiya-kommunikasiya texnologiyaları və tikinti materialları istehsalı kimi sahələrdə fəal şəkildə layihələr həyata keçirir. Çin və Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılması üzərində birlikdə çalışır, Trans-Xəzər marşrutu üzrə Çin-Avropa dəmir yolu xətti isə Orta Dəhliz vasitəsilə əsas mal tədarükünü təmin edir və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin qorunmasında mühüm rol oynayır.
Çin tərəfi həmçinin Azərbaycanda Cənubi Qafqazın ən böyük fotovoltaik və külək enerjisi, keramik plitələr və elektrik avtobuslarının istehsalı layihələrini həyata keçirib. Prezident İlham Əliyevin cari ilin əvvəlində mətbuata müsahibəsində qeyd etdiyi kimi, Çinlə praqmatik əməkdaşlıq Azərbaycanın strateji qərarı olub və layihələrin icra peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqləyir. Eyni zamanda, Azərbaycan Çinin altı şəhərində ticarət evləri açıb, "Made in Azerbaijan" brendi altında getdikcə daha çox keyfiyyətli mallar Çin bazarına daxil olur və istehlakçılar arasında böyük populyarlıq qazanır.
Gələcəyə nəzər salsaq, deyə bilərik ki, Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın böyük potensialı var və gələcək inkişaf üçün bir çox imkanlar mövcuddur. Pekin yüksək texnoloji istehsal, süni intellekt, informasiya sənayesi, infrastruktur və digər sahələrdə malik olduğu aparıcı üstünlüklərini Bakı ilə bölüşməyə hazırdır və daha çox keyfiyyətli Azərbaycan məhsullarının Çin bazarına daxil olmasını səbirsizliklə gözləyir.
Çin həmçinin Azərbaycan tərəfi ilə birlikdə ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın əlaqələndirici və istiqamətləndirici rolunu gücləndirməyə, ikitərəfli praktiki əməkdaşlığın keyfiyyətli inkişafına töhfə verməyə hazırdır.
- Siz Orta Dəhlizin rolundan bəhs etdiniz... Bildiyiniz kimi, Azərbaycan bu marşrutu fəal şəkildə inkişaf etdirir. Bu il daşımaların artırılması üçün hansı tədbirlər görüləcək?
- Çində Orta Dəhliz "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) adı ilə də tanınır. Çin regional bağlantının gücləndirilməsi, regional iqtisadi inkişafa töhfə verilməsi və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində TBNM-in mühüm roluna böyük əhəmiyyət verir.
2013-cü ilin sentyabrında Çin Sədri Si Cinpin "Bir kəmər, bir yol" təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün məqsədi İpək Yolu ruhunu yaşatmaq, açıq əməkdaşlıq platforması yaratmaq və müxtəlif ölkələrin inkişafına yeni təkan verməkdir.
2023-cü ilin oktyabrında Sədr Si Cinpin "Bir kəmər, bir yol" çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində sözügedən təşəbbüsün həyata keçirilməsini dəstəkləyən 8 addımı elan etdi, bunlardan birincisi "Çin-Avropa konteyner qatarlarının yüksək keyfiyyətli inkişafının sürətləndirilməsi və TBNM-in inşasına qoşulma"dır. Bu mühüm təşəbbüs "Bir kəmər, bir yol" təşəbbüsü ilə TBNM arasında sinerjiyə güclü təkan verib.
2024-cü ildən etibarən Çinin Sian, Nancin, Çunçin, Urumçi, Lyanyunqanq və İvu şəhərləri Trans-Xəzər marşrutu üzrə Çin-Avropa yük qatarlarını işə salıb, orta hesabla hər gün birdən çox belə qatar hərəkət edir. 2025-ci ildə TBNM üzrə yükdaşımaların həcmi yeni rekord səviyyəyə çataraq 4,7 milyon ton olub. Bu ilin birinci rübündə Trans-Xəzər marşrutu üzrə Çin-Avropa yük qatarları (Sian) ilə ümumilikdə 85 qatar yola salınıb ki, bu da illik müqayisədə 150 % artım deməkdir. Çinin TBNM üçün ən böyük mal mənbəyinə çevrilməsi bu marşrutun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırır.
Çin Azərbaycan tərəfi ilə birlikdə "Bir kəmər, bir yol" layihəsini həyata keçirməyə davam edəcək və TBNM-in ötürmə qabiliyyətini artıracaq. Onu da vurğulamaq istəyirəm ki, Çin iki ölkə arasında yol əlaqəsini və transsərhəd nəqliyyat əməkdaşlığını yeni səviyyəyə çıxarmaq üçün Azərbaycanla avtomobil daşımaları üzrə hökumətlərarası beynəlxalq sazişlərin imzalanmasına fəal şəkildə töhfə verməyə hazırdır.
- Çin Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində həyata keçirdiyi layihələrə böyük maraq göstərib. İki ölkə bu sahədə daha hansı yeni layihələr həyata keçirəcək?
- Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir. İki ölkənin yaşıl inkişaf konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür. Məhz Çin texnologiyaları və avadanlıqları Azərbaycanın yaşıl inkişafa nail olmasına imkan yaradır. Çin və Azərbaycan arasında BOEM sahəsində əməkdaşlıq səmərəli nəticələr verib. Çin kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələr fotovoltaik və külək enerjisi üzrə irimiqyaslı əməkdaşlıq layihələrinin həyata keçirilməsinə qoşulub və bir sıra mühüm nəticələr əldə edib.
2023-cü ilin oktyabrında Çin şirkəti tərəfindən Qobustanda inşa edilmiş 230 meqavat gücündə günəş elektrik stansiyası elektrik enerjisi istehsalı üçün Azərbaycanın enerji şəbəkəsinə uğurla qoşulub. Bu, Çinin Azərbaycanda BOEM sahəsində iştirak etdiyi ilk irimiqyaslı layihə idi.
2025-ci ilin iyununda Mingəçevirdə Çin şirkətlərinin iştirakı ilə inşa edilmiş Azərbaycanın ən böyük istilik elektrik stansiyası "8 Noyabr" istismara verilib. Prezident İlham Əliyev bu layihəni "beynəlxalq əməkdaşlığın yaxşı nümunəsi" adlandırıb.
2026-cı ilin yanvarında Çin şirkəti tərəfindən həyata keçirilmiş "Xızı-Abşeron" külək enerjisi layihəsinin istismara verilməsi mərasimində iştirak etdim. Bu, Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsidir. Stansiyanın 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi və karbon qazı emissiyalarını 400 min ton azaldacağı, eləcə də Azərbaycanın və Cənubi Qafqaz regionunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Çin iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına, eləcə də ekoloji cəhətdən təmiz enerji sahəsində qlobal əməkdaşlığın irəli aparılmasına töhfə vermək üçün Azərbaycanla BOEM sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid edir.
- Çində süni intellektin inkişaf səviyyəsi çox yüksək olaraq qalır. Ölkələmiz arasında bu sahədə hansı əməkdaşlıq imkanları mövcuddur?
- Cəmi bir neçə il ərzində süni intellekt Çində sərgi eksponatlarından adi insanların evlərində istifadə olunan texnologiyaya çevrilib və minlərlə sənaye sahəsinin imkanlarını genişləndirib. Çin hazırda süni intellekt sahəsində patentlərin sayına görə dünyanın ən böyük ölkəsidir. Ölkədə süni intellektin əsas bazar həcmi 1,2 trilyon yuanı (165,5 milyard ABŞ dolları - red.) ötüb, müvafiq sahə üzrə müəssisələrin sayı isə 6200-dən çoxdur ki, bu da onu qlobal intellektual transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir.
Çinin milli iqtisadiyyat və sosial inkişaf üzrə 15-ci beşillik proqramının əsas müddəalarında deyilir ki, "Süni intellekt+" fəaliyyət planını hərtərəfli həyata keçirərkən, süni intellekti istehsal sahələrinin inkişafına, mədəni quruculuğa, xalqın rifahının təmin edilməsinə və sosial idarəetməyə daha fəal şəkildə tətbiq etmək, müxtəlif sahələrin inkişafını hərtərəfli stimullaşdırmaq üçün süni intellektin istehsalda tətbiqi prosesində aparıcı mövqelərə yiyələnmək lazımdır. Çin hökumətinin iş hesabatında artıq ardıcıl üç ildir ki, "Süni intellekt+" texnologiyasından bəhs olunur. Bu il hesabatda ilk dəfə "intellektual iqtisadiyyatın yeni formalarının yaradılması" təklif edilir. Beləliklə, Çin müxtəlif sahələrin inkişafını hərtərəfli stimullaşdırmaq üçün süni intellektin tətbiq miqyasını və dərinliyini genişləndirəcək.
Süni intellekt bütün bəşəriyyətin ortaq sərvətidir. Çində süni intellektin sürətli inkişafı təkcə elmi-texniki sahədə yüksək səviyyəli müstəqilliyin və özünütəminatın təşviqinin nəticəsi deyil, həm də Çinin ardıcıl olaraq birgə məsləhətləşmə, quruculuq və istifadə konsepsiyasına sadiqliyinin, açıq mənbə kodunun və şəffaflığın, eləcə də süni intellektin əlçatanlığının təşviqinin nəticəsidir. Sədr Si Cinpin Süni İntellektin Qlobal İdarə Edilməsi Təşəbbüsünü irəli sürüb və Çin süni intellektin qlobal idarə edilməsi üçün Çin modelini təklif etmək məqsədilə "Süni intellekt+" üzrə beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Buna görə də demək istəyirəm ki, biz bütün tərəflərlə mübadiləni və əməkdaşlığı dərinləşdirməyə və süni intellektin həqiqətən ortaq fayda və mənfəətlə xarakterizə olunan beynəlxalq ictimai məhsula çevrilməsi üçün açıq, inklüziv, qarşılıqlı faydalı və uğurlu inkişaf mühitinin yaradılması üzərində birlikdə çalışmağa hazırıq.
Ötən il Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın və " Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu, iki ölkənin inkişaf strategiyalarının bir çox cəhətdən üst-üstə düşdüyünü tam şəkildə nümayiş etdirib. Çin tərəfi Azərbaycan tərəfi ilə süni intellekt sahəsində qabaqcıl texnologiyaları və inkişaf təcrübəsini bölüşməyə, siyasi tədbirlər üzrə mübadilə, texniki dəstək, kadr hazırlığı və birgə tədqiqatlar vasitəsilə texnologiya sahəsində potensialı gücləndirməyə, rəqəmsal uçurumun aradan qaldırılmasına kömək etməyə, birlikdə parlaq "rəqəmsal gələcəyə" və "ağıllı gələcəyə" doğru irəliləməyə hazırdır.
- 2025-ci ilin iyul ayından Çin və Azərbaycan qarşılıqlı vizasız rejimin tətbiqinə başlayıb. Bu, iki ölkə arasında turizmə necə təsir edib? Azərbaycanın hansı regionları Çin turistləri arasında daha çox populyardır? Hər iki ölkə yeni aviareyslər açmağı planlaşdırırmı?
- Ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkənin dövlət başçıları Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Sazin imzalanmasının şahidi oldular. Prezident İlham Əliyevin Çin mediasına müsahibəsində dediyi kimi: "Əgər hər il xaricə səyahət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, bizim ölkə üçün kifayət edər. Həqiqətən, bu Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir. Onlar sadəcə bilet alaraq Çinə gedə bilərlər".
Vizasız rejim sayəsində hər iki ölkədən olan turistlərin qarşılıqlı səfərlərinin dinamikasında davamlı artım müşahidə edilir. Azərbaycan ənənə və müasirliyi, eləcə də Şərq və Qərb mədəniyyətlərini birləşdirən unikal cazibəsi ilə getdikcə daha çox sayda çinli turist cəlb edir. İçərişəhər, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi və digər məkanlar yeni populyar turizm istiqamətlərinə çevrilib. 2025-ci ildə 60 mindən çox Çin vətəndaşı Azərbaycana səfər edib ki, bu da rekord göstəricidir.
Vətəndaşların viza rejimindən qarşılıqlı şəkildə azad edilməsinin müsbət təsiri turizm və insanlar arasında mübadilə sahəsində əməkdaşlığın inkişafı ilə məhdudlaşmır. Bu tədbir iki ölkə xalqları arasında ünsiyyəti və qarşılıqlı anlaşmanı əhəmiyyətli dərəcədə dərinləşdirir. Ötən il Azərbaycanın bir çox tanınmış bloqerləri Çinə səfər ediblər. Onlar Instagram və digər sosial şəbəkələrdə Pekin, Şanxay, Çunçin və Çendu kimi meqapolislərin müasir simasının, eləcə də Yantszı çayının Üç dərəsi, Çjanctszyatsye, qədim Kaşqar şəhərinin gözəl mənzərələrinin fotolarını paylaşıblar. Eyni zamanda, bəzi Azərbaycan bloqerləri Çində təhsil almaq və səyahət etmək istəyənlər üçün ölkədə sosial şəbəkələrdən və bank kartlarından istifadə qaydalarına dair təlimatlar dərc ediblər. Azərbaycandakı bir çox dostum Çin mətbəxi ilə tanış olmağa başlayıb və qızardılmış ördək, Çin samovarı "hoqo", ramen və qızardılmış pelmen kimi təamlar böyük populyarlıq qazanır. Azərbaycanda Çin dilini öyrənməyə başlayan gənclərin sayı sürətlə artır. Bir çox gənc Çin mahnılarını məharətlə ifa edir və Çin üslubunda şou nömrələr sərgiləyir.
Aviareyslərin sayının artırılmasına gəldikdə, bu gün "China Southern Airlines" və "Azerbaijan Airlines" aviaşirkətləri Pekin, Urumçi və Bakı arasında həftədə ondan çox birbaşa reys həyata keçirir. Bu isə iki ölkə əhalisinin səfərlərini əhəmiyyətli dərəcədə asanlaşdırır. Səfirliyimiz bundan sonra da Çini tanımaq, anlamaq və Çin dilini öyrənmək istəyən hər kəsə dəstək göstərəcək. Biz həmçinin Azərbaycandan daha çox dostumuzu Çinə səfər etməyə və müasir Çinin həyat gücünü, dərin və çoxəsrlik mədəni cazibəsini yaxından hiss etməyə dəvət edirik.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













