Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY
Far.Az xəbər saytı

Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY


Azərbaycanın Ukraynaya humanitar yardımı dövlət maraqları baxımından balanslaşdırılmış, prinsipial və praqmatik siyasətin nümunəsidir.

Bununla bağlı "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov danışıb.

Onun sözlərinə görə, uzun illər münaqişədən, işğaldan və mina problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan müharibənin mülki əhali üçün yaratdığı nəticələri yaxşı anlayır:

"Buna görə Ukraynaya göndərilən elektrik generatorları, kabellər, transformatorlar, tibbi və zəruri ləvazimatlar siyasi tərəf tutmaqdan çox humanitar məsuliyyət kimi qiymətləndirilməlidir. 2025–2026-cı illərdə Azərbaycan Ukraynaya elektrik təchizatının bərpası üçün yeni yardım partiyaları göndərib. Ukrayna tərəfi Azərbaycanın ümumi humanitar dəstəyinin 45 milyon ABŞ dollarını keçdiyini bildirib. Mina təmizlənməsi sahəsində yardım da xüsusi əhəmiyyət daşıyır".

O qeyd edib ki, Azərbaycan özü işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzədir və bu sahədə həm ağrılı təcrübəyə, həm də texniki biliklərə malikdir:

"ANAMA xətti ilə Ukraynaya "Revival P" minatəmizləmə texnikasının verilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın humanitar diplomatiyasının konkret nəticəsidir".

Deputat vurğulayıb ki, müharibədən zərər çəkmiş uşaqların Bakıya gətirilməsi, onların psixoloji və sosial bərpasına dəstək göstərilməsi gələcək nəsillərin travmadan çıxmasına xidmət edir:

"Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası da bu siyasətin mühüm hissəsidir. 2025-ci ildə daha 30 uşağın reabilitasiya üçün Azərbaycana göndərilməsi, 2026-cı ildə isə yeni qrupların qəbul edilməsi bu təşəbbüsün davamlı xarakter daşıdığını göstərir".

V.Qafarov onu da qeyd edib ki, Azərbaycanın Ukrayna-Rusiya müharibəsində neytral mövqe tutması dövlət maraqlarına əsaslanan rasional siyasətdir:

"Azərbaycan Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır, lakin müharibədə hərbi-siyasi bloklaşmaya qoşulmur. Bu yanaşma ölkəmizə həm Ukrayna ilə humanitar və siyasi əlaqələri saxlamağa, həm də Rusiya ilə təhlükəsizlik, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində münasibətləri davam etdirməyə imkan verir. Bu siyasətin məntiqi ondan ibarətdir ki, Azərbaycan öz aralarında problem yaşayan dövlətlərlə münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirməyi bacarır. Rusiya-Gürcüstan münasibətləri fonunda Azərbaycanın həm Moskva, həm də Tbilisi ilə işlək münasibətlər saxlaması buna nümunədir. Eyni model Ukrayna və Rusiya istiqamətində də görünür: Azərbaycan humanitar məsələlərdə Ukraynaya dəstək verir, eyni zamanda Rusiya ilə açıq qarşıdurmaya getmir".

Deputat vurğulayıb ki, Ukraynaya yardım Azərbaycanın beynəlxalq imicini gücləndirir, mina və müharibə qurbanları ilə həmrəyliyini göstərir, amma ölkəni böyük güclərin qarşıdurmasının birbaşa tərəfinə çevirmir:

"Nəticə etibarilə, Azərbaycanın mövqeyi üç əsas prinsipə söykənir: humanizm, ərazi bütövlüyünə hörmət və milli maraqların qorunması. Dövlət maraqlarımız baxımından ən düzgün xətt də məhz budur: humanitar dəstək göstərmək, diplomatik balansı qorumaq və Azərbaycanın regional sabitlikdə müstəqil aktor kimi rolunu möhkəmləndirmək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər