Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər
Far.Az xəbər saytı

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və bazarda bir neçə yerli şirkət təşəbbüsü tamamilə ələ almışdı. Lakin son vaxtlar vəziyyət kəskin dəyişib. Bazara xarici markaların axını başlayıb və yerli istehsal səssizcə mövqelərini itirməkdədir.

O zaman sual yaranır: yerli markalar xarici rəqiblərinə uduzurlar? Yerli şirkətlərin qorunması üçün hansı addımların atılmasına ehtiyac var?

Far.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

"Reklam və marketinq zəifliyi"

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, Azərbaycan bazarında digər ölkələrdən gələn meyvə şirələrinin nisbətən ucuz olmasının və yerli məhsulların rəqabətdə uduzmasının müəyyən səbəbləri var: "Əsas səbəblərdən biri inamla bağlıdır. Məsələn, yanvar ayında bəzi yerli karton qablaşdırmalı şirələrdə mənşəyi məlum olmayan maddələr aşkar olunmuşdu. Nəticədə, istehlakçılar ümumilikdə Azərbaycanda istehsal olunan şirələri almaqdan ehtiyat edirlər. Daxili bazara təsir edən digər ciddi amil isə istehsal keyfiyyətidir. Yerli şirələrin dadı çox vaxt qutunun üzərində qeyd olunan meyvənin dadına belə uyğun gəlmir, sadəcə müəyyən əlavələrdən ibarət olur. Bu cür hallar istər məhsulun anbarda düzgün saxlanılmaması, istərsə də istehsal xətası səbəbindən olsun, ciddi antireklama səbəb olurdu. Nəticədə, ad qazanmış zavodların belə reputasiyası zədələnir və istehlakçılar həmin markaları boykot edirdilər. Əvvəllər yerli konserv zavodları reklama daha çox vəsait ayırırdısa, hazırda bu büdcələr də nisbətən azalıb. Yerli məhsulların xarici meyvə şirələrinə uduzmasının bir səbəbi də məhz reklam və marketinq zəifliyidir".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Keyfiyyətli şirələr xaricə satılır?

R.Qarayevin fikrincə, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli meyvə şirələri əsasən xarici ölkələrə ixrac olunur. Daxili bazarın tələbatını ödəmək üçün qalan məhsullar isə keyfiyyət baxımından xaricdən gələn şirələrə uduzur: "Bildiyiniz kimi, hər bir ölkənin öz standartları var. Xarici şirkətlər ixrac üçün nəzərdə tutduqları məhsullarda keyfiyyətə və qablaşdırmaya xüsusi önəm verirlər. Marketlərdəki xarici meyvə şirələrinə diqqət yetirsək, onların həm dizayn, həm də dad baxımından istehlakçıya daha cəlbedici və fərqli gəldiyini görərik. Bizdə isə xarici bazara göndərilənlər istisna olmaqla, ənənəvi olaraq eyni formada və standart dadda şirələr istehsal olunur. Əgər yerli məhsul keyfiyyətli deyilsə, rəflərdə qalacaq. Hətta yerli məhsullara davamlı endirimlər edilsə belə, keyfiyyət amilinə görə onların alıcı kütləsi kifayət qədər olmur. Marketinq psixologiyası və sahibkarların yanaşması mütləq dəyişməlidir".

"Daxili təhlil aparmalıdırlar"

İqtisadçı bildirdi ki, yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq ilk növbədə onların özlərindən asılıdır: "Onlar bazarı dərindən təhlil edərək keyfiyyətli məhsul ortaya qoymalıdırlar. Əgər istehsal prosesində onlara mane olan qanunvericilik və ya xərc məsələləri varsa, bunu dövlət qurumları qarşısında qaldıraraq vergi, kommunal güzəştlər tələb edə bilərlər. İstehsalçılar əvvəlcə yüksək keyfiyyətli məhsul yaradaraq özlərini sübut etməli, daha sonra hökumətdən güzəştlər tələb etməlidirlər. Bu sektorun yenidən yüksəlməsi üçün istehsalçılar mütləq daxili təhlil aparmalı, öz zəif tərəflərini müəyyənləşdirməli və buraxdıqları səhvləri aradan qaldırmalıdırlar".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

"Premium şirələr yoxdur"

Marketoloq Qələndər Məmmədli isə düşünür ki, artıq yerli şirkətlər kommunikasiya və tanıtım kampaniyalarına əvvəlki qədər büdcə ayırmırlar: "Bunun əvəzinə, əsas diqqət distribusiya fəaliyyətinə, məhsulun rəflərdə yer almasına yönəldilib. Başqa sözlə, məhsulun fiziki mövcudluğu ön plandadır, lakin istehlakçı ilə kommunikasiya arxa plana keçib. Yerli brendləri dəyərləndirərkən görürük ki, onlar əsasən kütləvi mediadan istifadə edərək geniş auditoriyaya xitab etməyə üstünlük verirlər. Təəssüf ki, dar çərçivəyə və ya premium seqmentə yönəlmiş yerli meyvə şirələri bazarda demək olar ki, yoxdur. Əvvəllər mövcud olan bəzi markalar isə artıq fəaliyyətini dayandırıb".

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Sağlam həyat trendi

Q.Məmmədlinin fikrincə, bütün bunların fonunda istehlakçıların zehnində belə bir stereotip formalaşıb ki, yerli məhsul ucuz və keyfiyyətsizdir, xarici məhsul isə bahalı və keyfiyyətlidir: "Halbuki, xarici məhsulun qiymətinin yüksək olması əksər hallarda onun daşıma və gömrük xərcləri ilə bağlıdır. Hətta yerli məhsul eyni keyfiyyətdə olsa və bazara daha münasib qiymətə daxil olsa belə, alıcı psixologiyası bahalı xarici məhsulu daha etibarlı hesab edir. Son dövrlərdə vüsət alan sağlam həyat trendi də bu sektora ciddi təsir edib. İnsanlar artıq meyvə şirələrindən imtina edərək daha çox adi su içməyə üstünlük verirlər. Bu dəyişiklik brendlərin bazar payına mənfi təsir göstərsə də, ən böyük problem yerli şirkətlərin yeni trendə uyğun alternativ məhsullar təklif edə bilməməsidir. Kütləvi istehsal ənənəsinə davam etmək şirkətləri çətin vəziyyətlə üz-üzə qoyur".

"Markalar rəqabətədavamlı olmalıdır"

Marketoloqun sözlərinə görə, hökumətin requlyativ addımları nəticəsində xarici brendlərin qiymətləri müəyyən çərçivədə tənzimlənir. Lakin yalnız daxili bazarı qorumağa yönəlmiş proteksionist siyasət çıxış yolu deyil: "Yerli markaları xarici rəqabətdən süni şəkildə qorumaq qısamüddətli perspektivdə müsbət effekt verə bilər, amma orta və uzunmüddətli dövrdə uğurlu nəticə vəd etmir. Bunun əvəzinə, dövlət yerli brendlərin ixrac potensialını dəstəkləməlidir. Əsas hədəf yerli istehsalı sadəcə qorumaq yox, onu qlobal miqyasda rəqabətədavamlı etmək olmalıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər