Dövlət katibi: "Almaniya və Avropa Azərbaycandan ixrac olunan "yaşıl enerji"də maraqlıdır" - MÜSAHİBƏ
Qlobal enerji keçidi oyunun yeni qaydalarını diktə edərək Xəzər regionunu qazıntı yanacağı tədarükçüsündən bütün Avropa üçün ən mühüm "yaşıl enerji" qovşağına çevirir. Bu gün Azərbaycan mövcud boru kəməri güclərinin istifadəsini, Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini təmin edəcək "yaşıl hidrogen" istehsalı texnologiyalarının tətbiqini əhatə edən genişmiqyaslı transformasiyanın astanasındadır.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) parlament dövlət katibi Yohan Saathoff "Report"a müsahibəsində ölkəsinin bərpa olunan enerji mənbələrinin potensialının reallaşdırılmasında Bakını dəstəkləmək niyyəti, dayanıqlı tədarük zəncirlərinin təmin edilməsində Orta Dəhlizin rolu və rəqəmsallaşmanın gələcək iqtisadiyyat üçün əhəmiyyəti barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Cənab Saathoff, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edərkən enerji keçidinin sürətləndirilməsinin vacibliyini vurğuladınız. Azərbaycanın Xəzər dənizi akvatoriyasındakı potensialını nəzərə alaraq, Almaniya ölkənin Avropaya "yaşıl enerji"nin iri ixracatçısına çevrilməsi səylərinə necə dəstək vermək niyyətindədir?
- Yaşıl resurslara genişmiqyaslı çıxışın təmin edilməsi təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün prinsipial əhəmiyyət kəsb edir. Söhbət yalnız naqillər vasitəsilə elektron formada ötürülən resurslardan deyil, həm də molekulyar formada olan resurslardan gedir.
Bu kontekstdə boru kəməri infrastrukturu tamamilə fərqli məna kəsb edir, çünki boru vasitəsilə daşınan enerjinin həcmi elektrik şəbəkələrinin ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə üstələyir. Bunlar nəhəng miqyaslardır. Regionlar, xüsusilə də Azərbaycan və dünyanın digər hissələri ilə Avropa arasında əlaqə qurulmalıdır.
- Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanda "yaşıl hidrogen" sahəsində layihələrin həyata keçirilməsi üçün konkret maliyyə mexanizmlərini və ya texniki yardım proqramlarını nəzərdən keçirirmi?
- Əlbəttə. Məsələ təkcə qazıntı yanacağının ixracı ilə məhdudlaşmamalı, ölkənin genişmiqyaslı enerji potensialı düzgün qiymətləndirilməlidir. Azərbaycan nəhəng bərpa olunan enerji resurslarına, həmçinin sənayeləşmə, hidrogen istehsalı və onun boru kəmərləri vasitəsilə Avropaya nəqli sahəsində təcrübəyə malikdir. Bunlar böyük iqtisadi perspektivlər vəd edir. Əgər mən Azərbaycanda qərar qəbul etməli olsaydım, məhz bu istiqaməti fəal şəkildə inkişaf etdirərdim.
- Almaniya ardıcıl olaraq regional əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Asiya və Avropa arasında dayanıqlı tədarük zəncirlərinin təmin edilməsində Orta Dəhlizin rolu nədən ibarətdir və BMZ bu marşrut boyunca ekoloji təmiz logistika infrastrukturunun yaradılmasında iştirak etməyə hazırdırmı?
- Bu, şübhəsiz ki, əhəmiyyətli təşəbbüsdür. Bu magistral üçün əsas müəyyənedici amillərdən biri sabitlik və vahid qaydaların mövcudluğudur.
Biz artıq bu istiqamətin fəaliyyəti üçün müvafiq normativ-hüquqi baza formalaşdırmışıq. Bu istiqamətin inkişafı bizim üçün son dərəcə vacibdir.
- Nazirlik regional ticarətdə şəffaflığın və əməliyyat səmərəliliyinin artırılması aləti kimi Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasının potensialını necə qiymətləndirir?
- Rəqəmsallaşma yaxın onilliklərdə iqtisadiyyatın əsasını təşkil edir. Bu proses təkcə qlobal miqyasda deyil, həm də regional müstəvidə həyata keçirilməlidir. Biz bir-birimizlə sıx və etibarlı şəkildə bağlı olmalıyıq. Cəmiyyətlərimizi və dövlətlərimizi birləşdirməklə birgə iqtisadi inkişafa töhfə veririk – məqsədimiz hər iki tərəfin bu tərəqqidən faydalanmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik













