Yığmanın baş məşqçisi Elnur İsmayılov: "Avropa Kubokundakı nəticə inkişafın göstəricisidir"
Far.Az xəbər saytı

Yığmanın baş məşqçisi Elnur İsmayılov: "Avropa Kubokundakı nəticə inkişafın göstəricisidir"


Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət yığmasının Polşanın Bielsko-Biala şəhərində keçirilmiş Avropa Kubokunda qazandığı nəticə həm komandanın inkişafının, həm də görülən işin göstəricisidir.

Bunu "Far.Az"a açıqlamasında yeniyetmə qızlardan ibarət komandanın baş məşqçisi Elnur İsmayılov deyib.

Mütəxəssis bu yarışın Avropa çempionatı öncəsi son beynəlxalq turnir olduğunu bildirib:

"Bu, Avropa çempionatı öncəsi son beynəlxalq yarışımız idi və ümumilikdə nəticədən razıyıq. Avropa Kubokunda qızlardan ibarət komanda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Yarışın ilk günündə qızlar medalların sayına və əyarına görə yarışı birinci pillədə başa vurdu. Ümumilikdə isə Azərbaycan yığması yarışda medal sayına görə birinci oldu. Bu nəticə həm komandanın inkişafının, həm də görülən işin göstəricisidir. Oğlanlardan ibarət komandamızla bağlı onu deyə bilərəm ki, çox güclü və perspektivli bir heyətimiz var. Komanda həm fiziki, həm texniki, həm də taktiki baxımdan yüksək səviyyədədir və hər gün daha da inkişaf edir. İnanıram ki, bu il oğlanlardan ibarət komandamız da Avropa və dünya çempionatlarında uğurlu çıxış edəcək".

O, idmançıların beynəlxalq arenada təcrübə toplamasının vacibliyini vurğulayıb:

"Bu il ərzində artıq 5 beynəlxalq yarışda iştirak etmişik və komanda ümumilikdə 19 medal qazanıb. Komanda əsasən yeniyetmə idmançılardan ibarətdir və əsas məqsəd yalnız medal qazanmaq deyil, eyni zamanda onların beynəlxalq arenada daha çox təcrübə toplamasıdır. Hər yarış idmançıların həm psixoloji, həm texniki, həm də taktiki baxımdan inkişafına kömək edir".

E.İsmayılov qitə birinciliyinə hazırlıq planlarından da bəhs edib:

"Hazırda bütün diqqəti Avropa çempionatına yönəltmişik. Çempionata təxminən 6 həftə vaxt qalıb və qarşıda bizi ciddi və məsuliyyətli hazırlıq prosesi gözləyir. Məqsəd Avropa çempionatında da uğurlu çıxış edib ölkəni layiqincə təmsil etməkdir. İdmançıların əzmkarlığına və potensialına inanıram. Düzgün hazırlıq, intizam və komanda ruhu ilə daha böyük uğurlar qazanmaq mümkündür".

Qeyd edək ki, Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər