Bakı-Brüssel xəttində yeni dövr: qaydaları artıq Azərbaycan diktə edir – ŞƏRH
Far.Az xəbər saytı

Bakı-Brüssel xəttində yeni dövr: qaydaları artıq Azərbaycan diktə edir – ŞƏRH


Bakıda bu il mayın 20-də keçirilən Azərbaycan və Avropa İttifaqı arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası Brüssellə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyduğundan xəbər verir.

Tərəflər formatın genişlənib onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyini və strateji əhəmiyyətini göstərir. Formatın genişləndirilməsi bir tərəfdən bu gün dünyada baş verən proseslər fonunda Aİ-nin Azərbaycana xüsusi marağını göstərir, digər tərəfdən isə rəsmi Bakının beynəlxalq arenada artan siyasi çəkisini və strateji nüfuzunu bir daha ortaya qoyur.

Qısa zaman kəsiyində Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərləri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri də sübut edir ki, bu gün Brüssel üçün Orta Dəhliz kimi iri meqalayihələrin formalaşmasında, qlobal enerji təhlükəsizliyində, dayanıqlı nəqliyyat bağlantılarının qurulmasında Bakı artıq əvəzedilməz, etibarlı bir tərəfdaş rolunda çıxış edir.

Son illər rəsmi Bakının çoxvektorlu xarici siyasət kursunda Avropa ölkələri və paytaxtları ilə münasibətlərdə dəyişiklik müşahidə edilir. Azərbaycan Aİ ilə yeni, strateji və fundamental bir gündəlik formalaşdırır.

Bu prizmadan yanaşdıqda Azərbaycan Prezidentinin Aİ-yə, o cümlədən Tirana və Kopenhagenə səfərləri bir daha göstərir ki, rəsmi Bakı ikitərəfli formatlarda diplomatik coğrafiyasını genişləndirir.

Bu səfərlər eyni zamanda Azərbaycanın öz milli maraqlarını ən yüksək səviyyədə üstün tutduğunu da nümayiş etdirir.

Eyni zamanda bu yanaşma göstərir ki, Aİ artıq Azərbaycanı yalnız regional sabitliyi və enerji təhlükəsizliyini qoruyan dövlət kimi görmür. Brüssel xarici siyasət və qlobal məsələlərdə Bakı ilə məsləhətləşir, onunla ortaq addımlar atmaq niyyətini ortaya qoyur. Münasibətlərin bu yeni, genişlənmiş forması həm də yaxın gələcəkdə tərəflər arasında daha böyük sazişlərin və ortaq layihələrin imzalanmasına hüquqi və siyasi zəmin hazırlayır.

Ehtimal etmək olar ki, bu dialoqların davamı olaraq Bakı və Brüssel arasında gələcəyə yönəlik qlobal hədəflər müzakirə ediləcək və işin maraqlı tərəfi də odur ki, artıq Azərbaycan bu müzakirə və planlamalarda bərabərhüquqlu tərəfdaş kimi çıxış edir.

Dünyada baş verən geosiyasi təlatümlər, münaqişələr fonunda Avropa enerji xəritəsini yenidən cızır. Məhz bu işdə Azərbaycanın alternativ və təhlükəsiz marşrutların təmin edilməsi məsələsində rolu köhnə qitənin iqtisadi sabitliyi üçün əvəzedilməzdir. Orta Dəhliz nəqliyyat layihəsi isə tərəflər arasındakı münasibəti tamamilə fərqli müstəviyə daşıyır. Brüssel gözəl bilir ki, bu nəhəng tranzit xətti digər alternativ yollarla müqayisədə yüklərin daşınma müddəti və logistik xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Bakıda keçirilən yeddinci dialoqda da avropalı rəsmilərin iqtisadi cəhətdən səmərəli və davamlı tərəfdaşlıq məsələsinə vurğu vurmasına bu prizmadan baxmaq lazımdır. Avropanın siyasi mərkəzləri dünyada baş verən proseslər fonunda qlobal logistika zəncirinin qırıldığı bir dövrdə məhz Azərbaycanın etibarlı bir qovşaq və dayanıqlı körpü olduğu həqiqətini dərk edirlər. Bu gün əminliklə söyləmək olar ki, Brüsselin Bakı ilə qurduğu bu əlaqələr hər iki tərəfin maraqlarına xidmət edir, qarşılıqlı asılılığa söykənən uzunmüddətli və çoxşaxəli bir strategiyadır.

Bu gün Azərbaycan Avropanın 16 ölkəsinə təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizinin son nöqtəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan hər il Avropaya milyardlarla kubmetr təbii qaz ixrac edir. Təkcə son illərin rəsmi statistikasına baxsaq, ölkəmizin Avropa bazarına qaz ixracı ildən-ilə artaraq illik 11-12 milyard kubmetr səviyyəsini keçib.

Ən əsası odur ki, tərəflər arasında imzalanmış strateji memorandumlar çərçivəsində bu həcmin yaxın perspektivdə illik 20 milyard kubmetrə çatdırılması hədəflənir və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. Bu isə köhnə qitənin enerji tədarükü coğrafiyasını tamamilə dəyişdirib. 20 may görüşü bir daha sübut edir ki, qlobal enerji böhranları, resurslar uğrunda kəskin mübarizələrin getdiyi bir dövrdə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri qüsursuz şəkildə yerinə yetirən tərəfdaşdır.

Bununla belə, vurğulamaq lazımdır ki, Azərbaycan təkcə bu günün deyil, həm də gələcəyin qlobal enerji trendlərini diktə edir. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı Bakı-Brüssel xəttində tamamilə yeni bir səhifə açır. Artıq yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək nəhəng sualtı kabel vasitəsilə Azərbaycandan birbaşa Avropaya "yaşıl enerji"nin nəql edilməsi planlaşdırılır. Bu tarixi layihə ölkəmizin qitənin ekoloji keçid və "sıfır emissiya" hədəflərində də baş rola keçdiyini göstərir. Avropa ölkələri üçün Azərbaycan mavi yanacaqla yanaşı, həm də gələcəyin təmiz elektrik enerjisini təmin edən ən etibarlı sabitlik xəttinə çevrilir.

Bununla bağlı vurğulamaq lazımdır ki, Bakı və Brüssel arasındakı bu strateji tərəfdaşlıq Avropadakı bəzi dairələrin qərəzli yanaşması səbəbindən bəzən süni maneələrlə üzləşir. Xüsusilə, Avropa parlamentində ermənipərəst dairələrin cari ilin aprel ayında qəbul etdiyi qətnamədən sonra rəsmi Bakının haqlı narazılığı və atdığı addımlar (Avronestdən çıxmaq, Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq) Brüsseldə də birmənalı qarşılanmayıb.

Strasburqda keçirilən son plenar iclasda avropalı deputatların özləri açıq şəkildə etiraf ediblər ki, Bakı ilə yaşanan bu böhranın əsl səbəbkarı Avropa Parlamentinin öz təkəbbürlü siyasətidir. Avropalı parlamentarilər yaxşı anlayırlar ki, Azərbaycanla Ermənistan onilliklərlə davam edən münaqişədən sonra nəhayət barışığa və sülh müqaviləsinə bu qədər yaxınlaşdığı bir vaxtda, Brüsselin odun üstünə yağ tökən qətnamələr qəbul etməsi tamamilə səhv addımdır.

Bu səbəbdən də bəzi qüvvələrin Azərbaycanı təcrid etmək və ya ona təzyiq göstərmək cəhdləri heç bir səmərə verə bilməz. Çünki Avropa İttifaqının real təhlükəsizlik və iqtisadiyyat strategiyası rəsmi Bakının artan çəkisini görməzdən gələ bilməyəcək qədər real maraqlara söykənir.

Deputat Anjelin Fürenin də vurğuladığı kimi, Azərbaycanın bu qərarları sadəcə prosedur addımı deyil, Avropanın strateji cəhətdən cəzalandırılmasıdır. Avropa eyni vaxtda həm Azərbaycandan qaz tədarükünü təmin etməyə çalışır, həm də siyasi təzyiq mexanizmlərini işə salmaq istəyir. Lakin bu ikili standartlar artıq işləmir. Əgər Avropanın bəzi siyasi dairələri qərəzli siyasətdən, dünyaya dərs vermək xəstəliyindən qurtulmasa, Mərkəzi Asiyanın və Cənubi Qafqazın yeni siması Avropasız qurulacaq və geosiyasi baxımdan təcrid olunan tərəf məhz Aİ özü olacaq.

Çünki digər avroparlamentari Tomas Frölihin xəbərdar etdiyi kimi, Azərbaycanla bu dildə danışmağa davam etmək Avropanın enerji təhlükəsizliyinə son zərbə vura bilər. Bir sözlə, bəzi dairələrin prosesi pozmaq cəhdlərinə baxmayaraq, rəsmi Bakının sarsılmaz mövqeyi və qlobal logistikadakı əvəzedilməz rolu bu süni cəhdləri boşa çıxarır və Avropanı reallıqlarla hesablaşmağa məcbur edir.

Bakı ilə dialoqu qorumaq və inkişaf etdirmək Aİ üçün sadəcə diplomatik bir seçim deyil, birbaşa öz qlobal maraqlarını təmin etmək üçün qaçılmaz bir zərurətdir.

Yekun olaraq söyləyə bilərik ki, Bakıda keçirilən bu tarixi görüş bir daha təsdiq etdi ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin gələcək taleyi bəzi Avropa paytaxtlarının birtərəfli bəyanatlarında deyil, məhz rəsmi Bakının qurduğu bərabərhüquqlu və praqmatik dialoq masasında müəyyən olunur. Bakı görüşü Avropanın ali rəhbərliyinə aydın mesaj verdi: Cənubi Qafqazda və daha geniş coğrafiyada dayanıqlı sülh, enerji təhlükəsizliyi və qlobal nəqliyyat layihələri yalnız Azərbaycanın liderliyi və razılığı ilə reallaşa bilər...

Kamil Məmmədov

Oxşar xəbərlər

Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər