Lin O'Qreydi: "EBRD Aİ ilə birlikdə Qarabağda layihələrin həyata keçirilməsi imkanlarını öyrənir" - MÜSAHİBƏ
Son otuz il ərzində Azərbaycan əsas nəqliyyat infrastrukturunun bərpasından genişmiqyaslı rəqəmsal və ekoloji transformasiyaya qədər böyük bir modernləşmə yolu keçib. Şəhərlərin qlobal iqlim gündəliyinin əsas iştirakçılarına çevrildiyi bir dövrdə respublika dayanıqlı şəhər inkişafı və intellektual texnologiyalar prinsiplərinə diqqət yetirib. Bu proses çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) strateji tərəfdaş rolu oynayaraq Azərbaycan şəhərlərinin layihələndirmə mərhələsindən ekoloji yönümlü infrastruktura praktiki sərmayə qoyuluşuna keçidinə kömək edir.
EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində Bakının uzunmüddətli transformasiyası, Gəncənin "Yaşıl şəhərlər" proqramının flaqman şəhəri kimi əldə etdiyi nailiyyətlər, paytaxtın sənaye ərazilərinin bərpası perspektivləri və elektrik nəqliyyatına hərtərəfli keçid barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Məndə olan məlumata görə, siz 1990-cı illərdə Azərbaycanda işləmisiniz. Son 30 ildə ölkənin necə dəyişdiyi barədə təəssüratlarınızı bölüşə bilərsinizmi?
- Mən ilk dəfə Azərbaycana 30 il əvvəl gəlmişəm. O vaxtlar mən EBRD-nin Qafqaz regionuna nəzarət edən nəqliyyat komandasının tərkibində idim. Biz yerli dəmir yolu və avtomobil yolu strukturları ilə sıx əməkdaşlıq edirdik. Xüsusilə, EBRD "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə "Şərq-Qərb" dəmir yolu xəttinin modernləşdirilməsini maliyyələşdirmişdi.
Bundan başqa, Bank Qara dəniz limanlarına aparan "Şərq-Qərb" avtomobil magistralının, eləcə də Bakı-Astara yolunun tikintisini dəstəkləyib. Belə uzun fasilədən sonra görürəm ki, ölkə irimiqyaslı transformasiyadan keçib. Bakı həqiqətən də müasir bir şəhərə çevrilib. İnsanda elə bir hiss yaranır ki, sanki tamamilə başqa bir yerə gəlmisən, bununla belə, Azərbaycan öz zəngin tarixi və mədəni irsini qoruyub saxlamağa müvəffəq olub.
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) EBRD-nin Azərbaycan şəhərləri ilə əməkdaşlıq dinamikasını necə dəyişib?
- COP29 şəhər inkişafı üçün mühüm mərhələ oldu, çünki bu gün məhz şəhərlər iqlim gündəliyinin əsas elementlərindən birinə çevrilir. Bu dəyişiklik xüsusilə burada, Bakıda nəzərə çarpır.
Daha geniş kontekstdə qeyd edim ki, biz Azərbaycan şəhərlərinin inkişafını dəstəkləmək məqsədilə COP29 çərçivəsində Azərbaycan hökuməti ilə Anlaşma Memorandumu imzaladıq. O vaxtdan bəri bu təşəbbüs həqiqətən də fəal şəkildə inkişaf edib.
- COP29 zamanı Şəhər iqlim fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası işə salınıb. EBRD-nin "Yaşıl şəhərlər" proqramı Bakıda və ölkənin digər şəhərlərində bu öhdəliklərin dəstəklənməsində hansı rolu oynayır?
- Bakı Koalisiyasının əsas mövzularından biri mərkəzi hökumət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətinə əsaslanan çoxsəviyyəli idarəetmənin vacibliyi ilə bağlı olub. Bu, Bankın strategiyasına tam uyğundur.
Biz mərkəzi hökumətlərlə, o cümlədən Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir, eyni zamanda, yerli səviyyədə şəhərlərin birbaşa kreditləşdirilməsini fəal şəkildə dəstəkləyirik. Beləliklə, çoxsəviyyəli idarəetmə prinsipi bizim şəhər maliyyələşdirməsi modelimizə üzvi şəkildə inteqrasiya olunub.
- Gəncə artıq planlaşdırma mərhələsindən konkret layihələrin həyata keçirilməsinə keçib. Əldə olunmuş tərəqqini necə qiymətləndirirsiniz və Gəncə Qafqazın digər şəhərləri üçün nə dərəcədə nümunə ola bilər?
- Miqyası anlamaq üçün qeyd edim ki, EBRD-nin "Yaşıl şəhərlər" proqramı fəaliyyət göstərdiyimiz bütün ölkələri əhatə edir. Bu günə qədər proqrama 60 şəhər daxildir və 100-dən çox layihə çərçivəsində investisiyaların ümumi məbləği 3,5 milyard avronu ötüb. Biz Gəncənin bu təşəbbüsə qoşulmasına şad olduq. O, bir çox cəhətdən "Yaşıl şəhərlər" proqramının təcrübədə necə işləməli olduğuna bir nümunə oldu.
Bizim dəstəyimizlə işlənib hazırlanmış layihə "Yaşıl şəhər" Fəaliyyət Planını uğurla hazırlayıb həyata keçirməyi bacaran yerli administrasiyanın özü tərəfindən idarə olunub. Dayanıqlı və ekoloji investisiyalarla bağlı Yol Xəritəsi əsasında EBRD küçə işıqlandırılmasının və su infrastrukturunun modernləşdirilməsini maliyyələşdirdi. Hazırda biz yeni layihələrin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiririk.
Bundan başqa, biz siyasət səviyyəsində, xüsusən də su ehtiyatlarının idarə edilməsi sahəsində dəstək göstərmişik. Beləliklə, Gəncə bizim flaqman proqramımızın hər üç əsas komponentini uğurla yerinə yetirdi.
- Paytaxtın "Yaşıl şəhərlər" təşəbbüsünə tam şəkildə daxil edilməsi perspektivləri nələrdir?
- Artıq qeyd etdiyim kimi, COP29 zamanı imzalanmış Anlaşma Memorandumu Azərbaycan şəhərləri, o cümlədən Bakı və Şəki ilə daha dərin əməkdaşlıq üçün imkanlar yaradıb.
Biz artıq su infrastrukturunun inkişafı və şəhər regenerasiyasına diqqət yetirərək Bakı ilə konkret layihələrin hazırlanmasına başlamışıq. Sonuncu istiqamət ilk növbədə, neftlə çirklənmiş ərazilərin bərpası və profilinin dəyişdirilməsi ilə bağlıdır.
Gələcəkdə biz paytaxtla tərəfdaşlığı inkişaf etdirəcəyik və müəyyən edilmiş meyarlara uyğun gəldiyi təqdirdə Bakının EBRD-nin "Yaşıl şəhərlər" proqramına qoşulmasına tam açığıq. Bu məsələ ilə bağlı dialoq aparılır və biz onu şəhər administrasiyası ilə bundan sonra da davam etdirmək niyyətindəyik.
- Gəncə və Şəki ilə yanaşı, EBRD digər şəhərlərin, məsələn, Sumqayıtın və ya bu gün "ağıllı" və "yaşıl" texnologiyalara diqqət yetirilməklə bərpa olunan Qarabağ bölgəsi şəhərlərinin proqrama daxil edilməsi mümkünlüyünü nəzərdən keçirirmi?
- Biz "Yaşıl şəhərlər" proqramının meyarlarına cavab verən istənilən şəhəri nəzərdən keçirməyə hazırıq. Qısaca desək, bələdiyyə ilk növbədə, bizimlə birlikdə ilkin "yaşıl" və dayanıqlı investisiya layihəsini həyata keçirməyə hazır olduğunu bildirməlidir. Bunlar müxtəlif sahələrdə – su təchizatı, tullantı sularının axıdılması, nəqliyyat, bərk tullantıların idarə edilməsi, energetika və ya mənzil infrastrukturu sahələrində təşəbbüslər ola bilər. Bu gün WUF13 çərçivəsində müzakirələrin mərkəzində də məhz bu mövzular dayanır.
Bundan başqa, şəhər "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanması öhdəliyini öz üzərinə götürməlidir. Məhz buna görə Gəncə uğurlu nümunə oldu. Belə bir plan yalnız bir layihənin həyata keçirilməsi xatirinə yaradılmır – o, uzunmüddətli baxışın mövcudluğunu və gələcək investisiyalara hazırlığı nəzərdə tutur. EBRD də öz növbəsində, şəhərlərlə uzunmüddətli tərəfdaşlıq qurmağa çalışır.
Digər bir meyar isə əhalinin sayıdır – bu rəqəm 50 mini ötməməlidir. Azərbaycan şəhərlərinin əksəriyyəti bu tələbə cavab verir.
Qarabağ bölgəsinə gəldikdə, "Yaşıl şəhərlər" proqramı ilə yanaşı, biz artıq orada Avropa İttifaqı ilə birlikdə işləyir, Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə dəstək imkanlarını öyrənirik.
- EBRD-nin yeni strategiyası iqlim risklərinin idarə edilməsində süni intellektin rolunu vurğulayır. Azərbaycanda rəqəmsal əkizlər və ya süni intellekt əsaslı monitorinq sistemləri tətbiq etməyi planlaşdırırsınızmı?
- EBRD müştəri yönümlü təşkilatdır. Biz tərəfdaşlarımızın Bankın əsas strateji prioritetlərinə uyğun olan konkret ehtiyaclarını maksimum dərəcədə nəzərə almağa çalışırıq. Qabaqcıl texnologiyalar, o cümlədən süni intellekt və rəqəmsal transformasiya həm bütövlükdə EBRD, həm də xüsusilə "Yaşıl şəhərlər" proqramı üçün mühüm istiqamətlərdir. Buna görə də tərəfdaşlarımızdan belə bir sorğu daxil olacağı halda, AI əsaslı həllərin inteqrasiyasını və rəqəmsal əkizlərin hazırlanmasını dəstəkləməyə hazırıq.
- Azərbaycan fəal şəkildə avtobus parkını yeniləyir. "Yaşıl şəhərlər" proqramı paytaxtla yanaşı, regionlarda da elektriklə işləyən avtobus və mikromobillik infrastrukturunun inkişafını dəstəkləməyi planlaşdırırmı?
- Elektromobillik EBRD-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Əminik ki, qlobal enerji keçidi çərçivəsində məhz bu sahədə əhəmiyyətli effektə nail olmaq və daxili yanma mühərrikli nəqliyyatdan tədricən imtina edilməsinə kömək etmək mümkündür.
EBRD Batumi, Səmərqənd və Bişkekdə elektrikli avtobus parklarının inkişafı layihələrini artıq uğurla maliyyələşdirib. Buna görə də Bank analoji təşəbbüslərin Azərbaycanda da həyata keçirilməsində çox maraqlı olardı.
Bununla yanaşı, infrastrukturun inkişafının nəqliyyat vasitələrinin satın alınması ilə eyni vaxtda baş verməsi son dərəcə vacibdir. Müvafiq enerji doldurma stansiyaları şəbəkəsi yaratmadan elektrobusların səmərəli şəkildə tətbiqi mümkün deyil. Məhz buna görə də bizim maliyyə paketlərimiz kompleks yanaşmanı – elektrobusların alınmasına dəstəyi, ixtisaslaşmış depoların tikintisini və zəruri enerji doldurma infrastrukturunun inkişafını nəzərdə tutur.
Bundan başqa, bu cür layihələrin dayanıqlıq səviyyəsini artırmaq məqsədilə biz şəraitin imkan verdiyi yerlərdə depoların günəş panelləri ilə təchiz edilməsi potensialını da nəzərdən keçiririk.
- EBRD Azərbaycana aşağı karbonlu hidrogen sahəsindəki potensialı öyrənməyə kömək edir. Şəhər nəqliyyatı və ya yaşayış binalarının isidilməsi üçün hidrogendən istifadəni nəzərdə tutan layihələrlə bağlı planlar varmı?
- Hazırda konkret investisiya layihələri yoxdur. Lakin biz COP29 zamanı təqdim olunan hidrogen strategiyasının həyata keçirilməsi çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edirik. "Yaşıl hidrogen" sahəsində layihələrin inkişafı strateji prioritetlərdən biridir və gələcəkdə EBRD bu istiqamətdə portfelini genişləndirmək niyyətindədir.
- Bakı WUF13-ə ev sahibliyi etdiyi üçün şəhərlərin gələcəyini müzakirə etmək məqsədilə aparıcı qlobal platformalardan birinə çevrilir. EBRD Azərbaycanda və daha geniş regionda "Yaşıl şəhərlər" proqramının uğurlarını nümayiş etdirmək üçün bu platformadan necə istifadə etməyi planlaşdırır? Gəncə bütün dünyadan gələn nümayəndələr üçün əldə olunmuş nəticələrin bir növ "vitrini" ola bilərmi?
- Artıq qeyd etdiyim kimi, Gəncə "Yaşıl şəhərlər" proqramının ən səmərəli şəkildə necə işləyə biləcəyinin bariz nümunəsidir. Şəhər hərtərəfli "Yaşıl şəhər" Fəaliyyət Planı hazırlayıb və Bank hazırda onun icrasını bir sıra bələdiyyə investisiya layihələri və davamlı siyasi əməkdaşlıq vasitəsilə dəstəkləyir.
Bundan başqa, həm yerli administrasiya, həm də aidiyyəti dövlət qurumları ilə çox səmərəli şəkildə əməkdaşlıq edirik. Buna görə də Gəncə həqiqətən də "Yaşıl şəhərlər" proqramının aparıcı uğur hekayələrindən biri hesab olunur.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir













