Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR
Far.Az xəbər saytı

Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR


"Bayram yaxınlaşdıqca həm satıcılar, həm də heyvandarlıqla məşğul olan şəxslər daha çox qazanc əldə etmək məqsədilə mal-qaranı bazara çıxarırlar".

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, il ərzində heyvanların saxlanılması, yem xərcləri, baytarlıq xidmətləri və digər qulluq xərcləri kifayət qədər yüksək olur:

"Xaricdən gətirilən heyvanlarda isə logistika və daşınma xərcləri qiymətlərin daha da bahalaşmasına səbəb olur.

Hazırda bazarda standart qurbanlıq qoyunların qiyməti təxminən 350-400 manat arasında dəyişir. Daha iri və çəkili heyvanların qiyməti isə 500-700 manata qədər yüksəlir. Bu vəziyyət bir çox ailələrin artıq qurbanı tək yox, ortaq şəkildə kəsməsinə səbəb olur. Çünki bəzi hallarda qurbanlıq heyvanın qiyməti minimum əməkhaqqına yaxınlaşır, hətta onu üstələyir.

Müşahidələr göstərir ki, qurban kəsmək dini və milli ənənə olduğu üçün bu ritualdan imtina edənlərin sayı çox azdır. Lakin vətəndaşlar xərcləri azaltmaq üçün qruplaşaraq ortaq qurban kəsməyə üstünlük verirlər. Azərbaycanda bu ənənə uzun illərdir mövcuddur. Hətta sovet dövründə də rayonlarda bir neçə ailənin birləşərək iri mal-qara alıb öz aralarında bölməsi geniş yayılmışdı. İndi isə bu praktika daha çox xırdabuynuzlu heyvanlar üzərində tətbiq edilir".

AQC sədri əlavə edib ki, qiymət artımı təkcə bayram günləri ilə məhdudlaşmır:

"Bayram ərəfəsində bahalaşan ət və qurbanlıq heyvan qiymətləri sonradan əvvəlki səviyyəyə tam qayıtmır və növbəti bayrama qədər müəyyən qədər yüksək olaraq qalır. Bunun əsas səbəblərindən biri Azərbaycanda ətə olan yüksək tələbatdır. Yerli heyvandarlıq isə bu tələbi tam ödəmək imkanında deyil. Xaricdən gətirilən heyvanların baha başa gəlməsi də bazara təsir edir.

Bayram günlərində hətta gündəlik həyatda az miqdarda ət istifadə edən ailələr belə dini inanclar və ənənələr səbəbindən qurbanlıq almağa çalışırlar. Bu isə bazarda tələbatı artırır və nəticədə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Rayonlarda qiymət artımı daha aşağı - təxminən 3-5 faiz civarında müşahidə olunsa da, paytaxt və iri şəhərlərdə bəzi hallarda artım 20-30 faizə qədər yüksəlir. Ümumilikdə isə bayram günlərində ət və qurbanlıq heyvanların qiymətində əvvəlki dövrlə müqayisədə orta hesabla 8-15 faiz arasında bahalaşma qeydə alınır".

Orxan Hüseyn

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər