Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir?
Far.Az xəbər saytı

Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir?


Bayram günlərində Azərbaycanda otel və istirahət mərkəzlərində qiymət artımı ənənəvi hal alıb. Xüsusilə Qurban bayramı dövründə insanlar şəhərdən kənara və turizm bölgələrinə üz tutduqları üçün hotellərdə qiymətlər adi günlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlir.

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, turizm sektorunda ən yüksək qiymətlər əsasən Qəbələ, Quba, Qusar və Naftalan istiqamətlərində müşahidə olunur:

"Bunun əsas səbəbi həmin bölgələrdə otelçilik və turizm infrastrukturunun daha inkişaf etmiş olmasıdır.

Bayram günlərində hotellərdə boş otaqların sürətlə azalması və bölgələrə axının artması qiymətlərin yüksəlməsinə səbəb olur. Müşahidələr göstərir ki, qiymətlər bəzi hallarda adi günlərlə müqayisədə 30-60 faiz arasında artır. Qiymət fərqi əsasən otelin xidmət səviyyəsi, yerləşdiyi ərazi və təqdim etdiyi imkanlardan asılı olur.

Bəzi premium hotellərdə bir gecəlik qiymətlər 300 manatdan başlayaraq 1000 manata qədər yüksələ bilir. Bu isə SPA xidmətləri, əyləncə proqramları, hovuz, dağ mənzərəsi və digər əlavə xidmətlərlə əlaqələndirilir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə də bayram günlərində qiymət artımının müşahidə olunacağı gözlənilir. Həmin istiqamətlərə marağın artması səbəbindən əvvəlcədən rezervasiya edənlərin sayı çoxalır.

Qiymətlərin yüksəlməsi səbəbindən bir çox vətəndaş hotellər əvəzinə günlük kirayə evlərə üstünlük verir. Lakin bu seqmentdə də əvvəlki illərlə müqayisədə ciddi bahalaşma müşahidə olunur. Əvvəllər 30-50 manata kirayə verilən evlərin qiyməti indi minimum 100-150 manatdan başlayır. Buna baxmayaraq, kirayə evlər yenə də hotellərlə müqayisədə daha sərfəli hesab edilir".

AQC sədri hesab edir ki, bayram paketləri təqdim edən bəzi hotellərdə isə qiymətlər daha yüksək olur: "Xüsusi əyləncə proqramları, canlı musiqi, səhər və axşam yeməkləri daxil olan paketlərin qiyməti bəzi hallarda 1000-1500 manata qədər yüksəlir. Bayram günləri hotellər üçün ilin ən gəlirli dövrlərindən biri hesab olunur və bir çox obyekt bu müddətdə adi həftələrlə müqayisədə ikiqat gəlir əldə edir.

Bununla yanaşı, daha münasib qiymətli alternativ bölgələr də var. Son illərdə Şamaxı turizm baxımından sürətlə inkişaf edən rayonlardan biri hesab olunur. Hazırda bəzi kənd və istirahət məkanlarında qiymətlər məşhur turizm bölgələri ilə müqayisədə daha münasibdir.

Eyni zamanda Lankaran və ümumilikdə cənub bölgəsi də turizm potensialı ilə diqqət çəkir. İnfrastruktur tam inkişaf etmədiyi üçün burada qiymətlər nisbətən aşağı qalır. Şəki və Zaqatala kimi bölgələrdə də qiymətlər məşhur kurort rayonları ilə müqayisədə daha münasib hesab olunur. Mingəçevir də gələcəkdə turizm potensialı yüksək olan şəhərlərdən biri kimi ön plana çıxa bilər. Xüsusilə su turizmi və istirahət zonalarının inkişafı baxımından bu şəhər perspektivlidir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər