Qardabanidə rəqs dili ilə dostluq, hörmət və birgəyaşayış mədəniyyəti sərgilənir - REPORTAJ
Gürcüstanda Azərbaycan və gürcü milli rəqslərini bir araya gətirən maraqlı təşəbbüs həyata keçirilir. Qardabani bələdiyyəsinin mədəniyyət evində fəaliyyət göstərən "Svanta" rəqs studiyası artıq təkcə rəqs məkanı deyil, həm də iki xalq arasında mədəni körpü rolunu oynayır.
"Report"un yerli bürosu Qardabaniyə gedərək rəqs studiyasında olub, burada yaradılan xüsusi atmosferə şahidlik edib.
Həftənin dörd günü bu məkanda xüsusi canlanma yaşanır. Müxtəlif yaş qruplarından olan uşaqlar və gənclər həm Azərbaycan, həm də gürcü milli rəqslərini öyrənmək üçün bura üz tuturlar.
"Svanta" rəqs studiyasında Azərbaycan milli rəqslərini əslən gürcü olan, amma Balakən rayonunun İtitala kəndində böyüyən Aksana Baliaşvili, gürcü rəqslərini isə həyat yoldaşı Xviça Avaliya tədris edir. Maraqlısı odur ki, burada azərbaycanlı uşaqlar gürcü rəqslərini, gürcü uşaqlar isə Azərbaycan milli rəqslərini böyük həvəslə öyrənirlər.
22 yaşlı Aksana Baliaşvili Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. O, Azərbaycanda təhsil aldıqdan sonra ailə quraraq Gürcüstana gəlib və burada fəaliyyətə başlayıb.
Aksana xanım deyib ki, taleyin onu yenidən azərbaycanlıların yaşadığı mühitə gətirməsi onun üçün xüsusi məna daşıyır: "Bakıda təhsil aldıqdan sonra ailə qurub Gürcüstana gəldim və burada həyat yoldaşım Xviça Avaliya ilə birlikdə Mədəniyyət Evində həm gürcü, həm də Azərbaycan milli rəqslərini tədris etməyə başladıq. Mən azərbaycanlıların arasında böyümüşəm. Gürcüstana gələndən sonra da burada insanların əksəriyyətinin azərbaycanlı olduğunu gördüm. Mənim üçün qürurverici haldır ki, burada azərbaycanlı uşaqlara öz milli rəqslərini öyrədirəm".
O bildirib ki, uşaqlıqdan rəqslə maraqlanıb. Professional şəkildə Azərbaycan rəqsləri ilə tanışlığı Bakı Xoreoqrafiya Akademiyasına daxil olduqdan sonra başlayıb. Orada rəqsin incəliklərini öyrənib: "Bu gün burada Azərbaycan milli rəqslərini tədris etməyimdə Bakıdakı müəllimlərimin böyük əməyi var".
A.Baliaşvilinin sözlərinə görə, Qardabanidə Azərbaycan milli rəqslərinə maraq gözlədiyindən də çox olub:
"Gördüm ki, burada azərbaycanlı uşaqlar böyük həvəslə gürcü rəqslərini öyrənirlər. Amma onların öz milli rəqslərini öyrənməsi üçün mütəxəssis yox idi. Valideynlər dəfələrlə müraciət etdilər ki, Azərbaycan rəqsləri də tədris olunsun. Biz də 2025-ci ilin oktyabr ayında bu dərslərə başladıq".
Rəqs müəllimi hesab edir ki, rəqs yalnız sənət deyil, həm də tarix və mədəniyyətin yaşadılmasıdır: "Rəqs canlı tarixdir. Biz səhnədə sadəcə hərəkətlər etmirik. Tariximizi, mədəniyyətimizi yaşadır və gələcək nəsillərə ötürürük. Burada azərbaycanlı uşaqlar gürcü rəqslərini, gürcü uşaqlar isə Azərbaycan rəqslərini ifa edirlər. Bu isə xalqlarımız arasında dostluğun və qardaşlığın göstəricisidir. Özüm gürcü olsam da, Azərbaycan mənim üçün doğma vətəndir. Orada qazandığım bütün təcrübələri bu gün burada uşaqlara ötürmək mənim üçün böyük qürurdur".
O əlavə edib ki, gələcəkdə Balakənin İtitala kəndində də uşaqlara həm Azərbaycan, həm də gürcü milli rəqslərini öyrətmək istəyir.
Rəqs müəllimi vurğulayıb ki, gürcü və Azərbaycan xalqları arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub: "Müəllimlərin əsas məqsədi milli rəqsləri gələcək nəsillərə düzgün şəkildə ötürməkdir. Biz də çalışırıq ki, bu mədəni irs olduğu kimi qorunsun və uşaqlara doğru formada çatdırılsın. Eyni zamanda, azərbaycanlı uşaqlara gürcü rəqslərini, gürcü uşaqlara isə Azərbaycan milli rəqslərini öyrətməklə biz Azərbaycan–Gürcüstan dostluğu və qardaşlığını bir daha nümayiş etdirmiş oluruq. Burada hər kəs bir ailə kimidir - uşaqlar istədikləri rəqsləri öyrənir, müxtəlif mədəniyyətlərlə tanış olur və bu da onları bir-birinə daha da yaxınlaşdırır".
Studiyanın digər müəllimi, Aksananın həyat yoldaşı Xviça Avaliya isə bildirir ki, onların əsas məqsədi uşaqları milliyyətinə görə ayırmadan bir araya gətirməkdir:
"Azərbaycan və Gürcüstan xalqları arasında çox qədim və dərin dostluq münasibətləri var. Təbii ki, hamımız sevinirik ki, bu dostluq illərdir davam edir. Şəxsən mən azərbaycanlılarla münasibətlərdən çox məmnunam. Mənim çoxlu azərbaycanlı dostlarım var və bu dostluq bu gün də davam edir. Tələbələrim yalnız azərbaycanlılardan ibarət deyil, burada müxtəlif millətlərdən olan uşaqlar və gənclər var.
Bu işdə həyat yoldaşım Aksana müəllimə ilə birlikdə çalışırıq. Gürcü rəqslərinin çox qədim və zəngin tarixi var. Gürcü mədəniyyətində rəqs və musiqi xüsusi yer tutur. Gürcü rəqsləri və mahnıları insanlara xüsusi duyğular yaşadır. Həyat yoldaşım da bu sahədə çalışdığı üçün mənim bu sənətə marağım daha da artdı. Bu sənət bizim münasibətlərimizi daha da möhkəmləndirdi".
X.Avaliya qeyd edib ki, burada uşaqlara yalnız rəqs öyrətmirlər, eyni zamanda, mədəniyyət, dostluq, hörmət və düzgün tərbiyə aşılayırlar: "İstəyirik ki, uşaqlar bir-birini sevən, dost olan və mədəniyyətləri paylaşan insanlar kimi böyüsünlər. Bu gün gürcü uşaqların Azərbaycan milli rəqslərinə böyük maraq göstərməsi bizi çox sevindirir. Eyni zamanda, azərbaycanlı uşaqlar da gürcü rəqslərini böyük həvəslə ifa edirlər. Bu qarşılıqlı maraq xalqlarımız arasındakı dostluğun ən gözəl nümunəsidir".
O, Azərbaycana və azərbaycanlılara xüsusi sevgisi olduğunu da gizlətməyib, hətta Azərbaycan dilində danışmağa çalışaraq Gürcüstandan azərbaycanlılara salam göndərib: "Mən Azərbaycan dilində də bir neçə söz demək istəyirəm. Azərbaycan xalqını çox sevirəm. Siz çox gözəl insanlarsınız. Gürcüstandan hər kəsə salam göndərirəm".
Rəqs müəlliminin sözlərinə görə, artıq uzun illərdir, festivallarda iştirak edirlər və bu il ilk dəfə Azərbaycan milli rəqsi ilə də çıxış etməyə hazırlaşırlar.
Valideynlər də studiyada yaradılan mühitdən razılıq edirlər. Qardabani sakini Mehriban Nəsibovanın sözlərinə görə, uşaqlar buraya sevə-sevə gəlirlər: "Müəllimlər uşaqlarla çox maraqlanırlar. Burada uşaqlara təkcə rəqs yox, sevgi və mehribanlıq da öyrədilir".
Şagirdlərdən Anna Avaliani bildirib ki, Azərbaycan milli rəqslərini öyrənməsinə azərbaycanlı dostlarının təsiri olub: "Azərbaycan mədəniyyəti məni çox maraqlandırdı və buna görə bu rəqsləri öyrənmək istədim".
Digər şagird Alina Hüseynova isə qeyd edib ki, Aksana müəllim sayəsində Azərbaycan milli rəqslərinə marağı yaranıb: "Bu rəqsləri çox sevdiyim üçün öyrənməyə başladım. Hazırda həm öyrənir, həm də böyük həvəslə ifa edirəm".
Balaca gürcü qız Ani Dolbani də Azərbaycan rəqslərini çox xoşladığını deyib: "Burada rəqs etməyi çox sevirəm".
Qardabanidə fəaliyyət göstərən bu studiya bir daha göstərir ki, incəsənət və mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü körpülərdən biridir. Burada səhnədə yalnız rəqs edilmir, eyni zamanda, dostluq, hörmət və birgəyaşayış mədəniyyəti sərgilənir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"













