Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.
ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu əməkdaşlıq sayəsində Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin olunacaq.
Nəticədə ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.
Layihə çərçivəsində artıq Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün nəzəri və praktiki dərslərə başlanılıb. Dərslər müvafiq cədvələ uyğun Federasiyanın Təlim-Məşq Mərkəzində aparılıb və ümumilikdə proqramda hazırda 62 tələbə iştirak edir. Dərslər professor Mayk Kallenla yanaşı, dəvət edilmiş xarici və yerli ekspertlər tərəfindən tədris olunur.
İmzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak ediblər.
R.Rəsullu bildirib ki, bu əməkdaşlıq ölkədə cüdonun hərtərəfli inkişafını təmin etmək istiqamətində mühüm addımdır:
“Federasiyanın 2024-2028-ci illər üzrə inkişaf strategiyasının əsasında cüdo üzrə ən müasir tələblərə cavab verən məşqçilərin yetişdirilməsi və onların inkişafı dayanır. Bu təşəbbüslə biz cüdonun Azərbaycanda gələcəyinə sərmayə qoyur və məşqçilərimizin ən yüksək beynəlxalq standartlara uyğun təlim almalarını təmin edirik”.
Hertfordşir Universitetinin professoru Dr. Mayk Kallen qarşılıqlı rifah prinsipinin federasiyanın işinin əsasını təşkil etdiyini vurğulayıb:
“Federasiya fəaliyyətinin təkcə milli komandaların üzvləri olan idmançıların inkişafı ilə məhdudlaşdırmır, eyni zamanda cüdo ekosistemində olan bütün tərəfdaşlarla birgə çalışaraq qarşılıqlı fayda təmin edən bir icma yaratmaq istiqamətində mühüm addımlar atır. Əminəm ki, bu layihə Azərbaycanda yeni nəsil cüdo məşqçilərinin yetişməsinə birbaşa töhfə verəcək”.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, bu əməkdaşlığın Azərbaycanda cüdo təhsili və məşqçiliyin keyfiyyətinin artırılması, həmçinin gələcək nəsillərin idmanla daha təhlükəsiz və sağlam şəkildə məşğul olması üçün əhəmiyyətli fürsət olduğunu bildirib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Hertfordşir Universiteti ilə əməkdaşlığın aparılmasından və Britaniya təcrübəsinin tətbiq olunmasından məmnunluğunu ifadə edib, gələcək nəsillərin təhsili və sağlamlığı üçün əhəmiyyətli addım olan mərasimə dəvət olunduğuna görə minnətdarlığını bildirib.
Daha sonra tədbir iştirakçıları praktiki dərsə baxış keçiriblər. Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələr qarşısında çıxış edərək, onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə etmələri üçün tövsiyələrini verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













