Yeni prioritetlər: dövlət xidmətləri bir mərkəzdə cəmlənir - TƏHLİL
Rəqəmsal transformasiya, data əsaslı iqtisadi modelə keçid, süni intellekt alətlərinin geniş tətbiqi və innovasiyaların təşviqi Azərbaycanın yaxın illər üçün müəyyən etdiyi əsas prioritetlərdir. Bu, ölkənin neft-qaz tədarükçüsündən, yüksək texnoloji həllər ixracatçısına çevrilməsini şərtləndirir. Son illər ölkədə bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilsə də xüsusilə bu ilin əvvəlində prosesin sürətləndirilməsi yönündə mühüm qərarlar qəbul edilib. Dövlət başçısının Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Digər tərəfdən yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilib. Ötən ayın 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.
Əsas inkişaf vektoru texnoloji tərəqqiyə yönəlir
İclasda Şuranın sədri Mehriban Əliyeva bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. Birinci vitse-prezident qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə öz növbəsində Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə danışarkən dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Şuranın ilk iclasının yekunlarını "Report"a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov bu hadisəni ölkədə rəqəmsal transformasiya və innovasiya əsaslı iqtisadi inkişaf modelinin formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir: "Əgər son illərdə əsas diqqət rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsinə yönəlmişdisə, artıq qəbul olunan qərarlar göstərir ki, məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, innovasiya, süni intellekt, texnologiya transferi və rəqəmsal sahibkarlığın inkişafı üçün müasir hüquqi, maliyyə və institusional mühitin yaradılmasıdır. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şuranın vahid koordinasiya mexanizmi kimi çıxış etməsi rəqəmsallaşma, innovasiya, kibertəhlükəsizlik və süni intellekt sahələrində həyata keçirilən islahatların daha sistemli və qarşılıqlı əlaqəli şəkildə icrasına imkan yaradacaq. Bu yanaşma həm dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, həm də rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha dayanıqlı zəmin formalaşdıracaq".
Pərakəndəlikdən vahid idarəçiliyə keçid
Rəqəmsal inkişaf sahəsində bu gün ən böyük çağırışlardan birinin dövlət qurumlarının fəaliyyəti ilə bağlı olduğunu deyən iqtisadçı-ekspert Eldəniz Əmirov burada vahid strateji çərçivənin əlaqələndirilməsinə böyük ehtiyac olduğunu qeyd edib: "Qərarlarının koordinasiyalı qəbulunda, eyni zamanda da, resurslardan daha səmərəli istifadə olunmasında institusional platformanın yaradılması mütləq idi. Bu kontekstdə Rəqəmsal İnkişaf Şurasının yaradılması mühüm əhəmiyyət daşıyırdı. Məhz Şura müxtəlif sahələr üzrə siyasətin uzlaşdırılmasının, yəni koordinasiya olunmasının və rəqəmsal layihələrin vahid yanaşma ilə həyata keçirilməsinə imkan yaradacaqdır. Bu, innovasiyanın və rəqəmsallaşmanın iqtisadi artıma təsirini gücləndirəcəkdir. Şuraya məhz Mehriban Əliyevanın rəhbərlik etməsi isə öz növbəsində qərarların daha operativ qəbul olunmasına imkan yaratmaqla əməkdaşlığın daha yüksək səviyyədə qurulmasını, nəticə etibarı ilə irimiqyaslı rəqəmsal layihələrin daha sürətli və daha effektiv icra olunmasını təmin edəcək".
Vətəndaş məmnunluğunda yenə səhifənin başlanğıcı
Artıq sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət tam şəkildə "mygov" üzərindən həyata keçirilə bilir. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, pasport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də tam şəkildə "mygov" üzərindən etmək mümkün olacaq. Digər tərəfdən ali təhsil müəssisələrinə qəbul olan şəxslər qeydiyyatı onlayn tamamlaya bilər (cəmi ~75 min nəfər). Həmçinin, övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbul etdirmək istəyən 225 min valideyn də bunu "mygov" veb üzərindən edə biləcək. Ədliyyə Nazirliyi üzrə notariat xidmətləri olan azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi "mygov" üzərindən aparılması mümkün olan yeni xidmətlərdir. Bütün bunların nəticəsində "mygov" platformasından istifadə sürətlə artır. Son 3 ay ərzində istifadəçi sayı 30 % artaraq 2,7 milyondan 3,5 milyona yüksəlib.
E. Əmirov hesab edir ki, dövlət xidmətlərinin vahid platformada toplanması inzibati yükün azalmasına və biznesin gündəlik fəaliyyətinin sadələşdirilməsinə gətirib çıxaracaq: "Artıq test mühitində uğurla yoxlanılan "mygov Biznes" platforması sahibkarların dövlət xidmətlərinə sürətli və rahat çıxışını təmin edəcək. Bildiyiniz kimi ölkədə "E-KOB evi", "KOB evi" kimi müxtəlif platformalar fəaliyyət göstərir. Lakin bütün xidmətlər burada öz əksini tapmayıb. Vahid platforma prinsipində vətəndaşların da buraya sahibkarlarla bərabər transfer olunması nəticədə vətəndaş və sahibkarların müxtəlif qurumlara ayrı-ayrı müraciət etməsi ilə deyil, vahid platformadan müraciət etməsinə imkan yaradacaqdır. Təbii ki, bu vaxta, maliyyə xərclərinə, şəffaflığa, xidmətin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bundan əlavə, dövlət idarəçiliyində informasiya mübadiləsinin, yəni məlumat mübadiləsinin səmərəliliyini artırmış olur. Şuranın qarşıya qoyduğu və icrasını hədəflədiyi məsələlərdən sonra bu işlər daha vahid platformaya gələcək və koordinasiyalı şəkildə həyata keçiriləcək. Bu da inzibati yükün azalmasına və biznesin gündəlik fəaliyyətinin sadələşdirilməsinə gətirib çıxaracaq. Nəticə etibarilə, uzunmüddətli perspektivdə rəqəmsal sahibkarlığın və biznes mühitinin bir çox istiqamətlərdə gücünü artıracaq, ələlxüsus da rəqabət qabiliyyətini gücləndirəcək".
Biznes mühitinin investisiya cəlbediciliyi artırılır
Vətəndaşlar və biznes üçün dövlət xidmətlərinin "mygov" və "mygov Biznes" platformalarında cəmləşdirilməsinin həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri olduğunu deyən İ. Qasımov məqsəd sadəcə müxtəlif mobil tətbiqləri bir platformada toplamaqdan ibarət olmadığını hesab edir: "Əsas məqsəd dövlət xidmətlərinin insan mərkəzli model əsasında yenidən qurulmasıdır. Dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişlənməsi nəticəsində vətəndaş və sahibkar hansı quruma müraciət etməli olduğunu düşünməyəcək, xidmətlər daha operativ, proaktiv və fərdiləşdirilmiş şəkildə təqdim olunacaq. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsini formalaşdırır".
Fəaliyyət Planının digər strateji istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Bu məqsədlə vençur maliyyələşdirilməsi, kraudfandinq və "mələk investorlar" institutunun hüquqi bazasının yaradılması, yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə "Fondlar Fondu"nun formalaşdırılması, yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan edilməsi, eləcə də "Rəqəmsal Səyyah" və "Rəqəmsal İstedad" vizalarının tətbiqi və frilanserlər üçün vergi güzəştlərinin təmin olunması nəzərdə tutulur.
Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. O, hüquqi aydınlığın təmin edilməsi, rəqabətqabiliyyətli fiskal mühitin yaradılması, müasir vençur kapitalı ekosisteminin qurulması, tədqiqat və innovasiyanın təşviqi və istedadların cəlbi və bazara çıxış kimi 5 əsas istiqaməti əhatə edir.
İ. Qasımov hesab edir ki, qəbul olunan islahat paketinin ən mühüm tərəfi innovasiya iqtisadiyyatı üçün zəruri hüquqi və institusional infrastrukturun yaradılmasıdır: "İlk dəfə olaraq rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti kimi anlayışların qanunvericilikdə dəqiq müəyyən edilməsi innovasiya ekosistemində hüquqi aydınlığı təmin edəcək. Hüquqi müəyyənlik isə istər yerli sahibkarlar, istərsə də xarici investorlar üçün risklərin azalması və investisiya qərarlarının daha inamla qəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, rəqabətqabiliyyətli fiskal mühitin formalaşdırılması xüsusi diqqət çəkir. Texnologiya şirkətləri üçün nəzərdə tutulan vergi təşviqləri, yüksək ixtisaslı mütəxəssislərin stimullaşdırılması, texnoloji avadanlıqların idxalında vergi və gömrük yükünün azaldılması, eləcə də bulud texnologiyaları və rəqəmsal xidmətlər üzrə maneələrin aradan qaldırılması Azərbaycanın regionda texnologiya şirkətləri üçün daha cəlbedici biznes mühitinə çevrilməsinə xidmət edəcək".
Müasir investisiya alətlərinə "yaşıl işıq"
Onun fikrincə vençur kapitalının "SAFE" (Simple Agreement for Future Equity), "Convertible Note" və "ESOP" (Employee Stock Ownership Plan), kraudfandinq kimi alətlərinin hüquqi statusunun müəyyən olunması islahatların vacib elementidir: "Bu mexanizmlər dünyanın aparıcı innovasiya ekosistemlərində uzun illərdir uğurla tətbiq olunur. Məsələn, "Y Combinator" tərəfindən hazırlanmış SAFE modeli bu gün minlərlə erkən mərhələli startapın maliyyələşdirilməsində istifadə olunur. ESOP mexanizmi isə Google, Microsoft və digər aparıcı texnologiya şirkətlərində peşəkar mütəxəssislərin cəlb edilməsi və uzunmüddətli motivasiyası üçün əsas alətlərdən biri hesab edilir. Azərbaycanda da bu alətlərin hüquqi əsas qazanması innovasiya ekosisteminin inkişafına mühüm töhfə verə bilər".
İ. Qasımov hesab edir ki, istedadların cəlbi və saxlanılması istiqamətində nəzərdə tutulan "Rəqəmsal səyyah" vizası, frilanser fəaliyyəti üçün hüquqi mexanizmlərin yaradılması və yüksək ixtisaslı mütəxəssislər üçün təşviqlər də strateji əhəmiyyət daşıyır: "Bu gün innovasiya uğrunda rəqabət əslində insan kapitalı uğrunda rəqabətdir və ölkələrin uğuru məhz bilik və bacarıqlı insanların cəlb edilməsindən asılıdır. Qlobal tendensiyalar da bu istiqamətdə həyata keçirilən islahatların nə qədər vacib olduğunu göstərir. Son dövrdə qəbul edilən bu kompleks islahatlar Azərbaycanın beynəlxalq rəqəmsallaşma və innovasiya indekslərində mövqeyinin yüksəlməsinə ciddi töhfə verəcək. Hüquqi bazanın müasirləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, müasir vençur kapitalı mexanizmlərinin tətbiqi, texnologiya transferinin təşviqi, süni intellekt həllərinin inkişafı və insan kapitalına yönəlmiş siyasət ölkəmizin innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçidini sürətləndirəcək və Azərbaycanın regional texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da gücləndirəcək".
Görünən odur ki, Azərbaycanda tarixi boyu görünməyən miqyasda təsərrüfat sisteminin yenilənməsini start götürüb. Xammal vektorunun qabaqcıl texnologiyaların inkişafı ilə əvəz edilməsi qərarlaşdırılıb və prosesin ən yüksək səviyyədə koordinasiyası təmin edilib. Yaxın perspektivdə islahatların əsas istiqaməti qurumlar arasındakı pərakəndəliyi aradan qaldırmaq və vətəndaşlarla qarşılıqlı əlaqəni "bir pəncərə" prinsipi əsasında yenidən qurmaq yönündə maksimal irəliləyişin əldə olunmasından ibarət olacaq. Bunlar nəticə etibarı ilə dövlət idarəçiliyinin effektivliyini və çevikliyi artıracaq. Bu da nəticə etibarı ilə dövlət xidmətlərini daha əlçatan və anlaşılan edərək əhali məmnunluğunu əhəmiyyətli dərəcədə artırmış olacaq. Müasir maliyyələşmə alətlərinin hüquqi statusunun müəyyən olunması isə ölkəni beynəlxalq səviyyədə ən yaxşı beyinlər və perspektivli startap layihələri uğrunda rəqabət aparmağa qadir əsas texnoloji qovşaqlardan birinə çevirə bilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı
-
"Qarabağ" Dani Boltla yolları ayırıb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
ABŞ İslandiyanın NATO-da qalmasını istəyir
-
"Prius" manevr edərkən hadisə törədib, qaçdı













