Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik
Far.Az xəbər saytı

Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik


Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasında uzun illər əsas fiqurlardan biri hesab olunan Mixail Fyodorovun müdafiə naziri vəzifəsindən azad edilməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, postundan ayrılandan sonra Fyodorov rəhbərliyi dövründə Müdafiə Nazirliyinin əldə etdiyi əsas nəticələri açıqlayıb. Onun sözlərinə görə, nazirlik innovativ silah sistemlərinə investisiyaları artırıb, pilotsuz uçuş aparatlarının tədarükünü əhəmiyyətli dərəcədə genişləndirib, Rusiya istiqamətində "logistika blokadası" layihəsini işə salıb və Krımın təcrid olunmasına yönələn fəaliyyətləri gücləndirib. O, həmçinin partlayıcı maddələr və raket istehsalçıları üçün irimiqyaslı qrant proqramının başladıldığını, Avropa tərəfdaşları ilə mühüm müdafiə sazişlərinin imzalandığını və ordunun transformasiyası prosesinə start verildiyini bildirib.

Mixail Fyodorov 2019-cu ildə Volodimir Zelenskinin seçki kampaniyasından etibarən prezidentin ən yaxın və etibarlı komanda üzvlərindən biri hesab olunurdu. Bu səbəbdən müxalifət uzun müddət ona tənqidi münasibət sərgiləyib. Bununla belə, son kadr dəyişiklikləri zamanı parlamentdə müxalifətin də dəstəyini qazanan yeganə namizəd sırf hərbi uğurlarına görə məhz Fyodorov olub. Bu baxımdan, onun vəzifədən uzaqlaşdırılması Ukrayna cəmiyyətində narazılıq yaradıb. Müxtəlif şəhərlərdə etiraz aksiyaları intensivləşib. Eyni zamanda, ölkənin Baş Qərargah rəisi Aleksandr Sırskinin istefası tələbi ilə çıxış edənlərin də sayı artıb.

Bəs Mixail Fyodorovun vəzifədən azad edilməsinin arxasında hansı səbəblər dayanır? Bu qərar Ukraynanın daxili siyasi vəziyyətinə və müharibənin gedişinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, həqiqətən də hazırda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırskinin istefası ilə bağlı çağırışlar kifayət qədər çoxdur:

"Bu, ilk növbədə müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən getməsi ilə bağlıdır. O, istefasına dair keçirdiyi mətbuat konfransında bildirib ki, general Sırski ilə bir sıra məsələlərdə razılığa gələ bilməyib. Onun sözlərinə görə, aralarında normal əlaqə qurmaq, ortaq mövqe tapmaq mümkün olmayıb. Hətta müəyyən mənada demək olar ki, Fyodorov açıq şəkildə Sırskini Müdafiə Nazirliyinin fəaliyyətinə mane olmaqda ittiham edib. Məhz bu hadisələrdən sonra Ukrayna vətəndaşları küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar. Etirazçılar təkcə Mixail Fyodorovun vəzifədən uzaqlaşdırılmasına deyil, həm də Aleksandr Sırskinin vəzifədə qalmasına etiraz edirlər".

Ekspert bildirib ki, hazırda Volodimir Zelenskinin hansı qərarı verə biləcəyi ilə bağlı müxtəlif və bir-birini təkzib edən məlumatlar yayılır:

"Lakin ümumilikdə demək olar ki, əgər prezident Silahlı Qüvvələrin Baş Komandanını dəyişmək qərarı versə, onun yerinə Ukrayna cəmiyyətinə yaxşı tanış olan və yüksək nüfuza malik namizədlərdən biri seçiləcək. Küçədən gələn, heç kimin tanımadığı bir şəxsin bu vəzifəyə təyin olunacağı gözlənilmir. Potensial namizədlər arasında artıq 3-cü Ordu Korpusunun komandanı Andrey Biletskinin adı çəkilir. O, həm hərbçilər, həm də ictimaiyyət arasında yüksək nüfuza malikdir, mediada tanınan simadır və əlavə təqdimata ehtiyacı yoxdur. Digər namizəd isə general Mixail Drapatıdır. O da mediada kifayət qədər tanınır. 2014-cü ildən məşhurdur. Həmin dövrdə Mariupol istiqamətində həyata keçirilən yarma əməliyyatına rəhbərlik edib. Bu əməliyyat Rusiya Federasiyasının hibrid qüvvələrinin Mariupolu nəzarətə götürmək cəhdinə qarşı həyata keçirilmişdi. Bundan başqa, o, bir sıra müdafiə mövqelərinə və hücum əməliyyatlarına da komandanlıq edib. Bu baxımdan hazırda Volodimir Zelenski seçim qarşısındadır. Əgər Aleksandr Sırskinin dəyişdirilməsi barədə qərar qəbul olunarsa, fikrimcə, yeni baş komandan böyük ehtimalla bu iki namizəddən biri olacaq. Alternativ olaraq üçüncü namizəd də seçilə bilər, lakin o da zəngin xidmət yolu keçmiş şəxs olmalıdır. Bu amilə görə müdafiə naziri vəzifəsinin icraçısı olaraq da Yevgeni Xmara təyin olundu. Müxtəlif variantlar müzakirə olunsa da, nəticədə məhz Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Yevgeni Xmara seçildi. O, Rusiya Federasiyası ərazisində həyata keçirilən bir sıra Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatlarının ideoloqlarından və təşkilatçılarından biri olub. Bunlara 2025-ci il iyunun 1-də keçirilən "Tor" əməliyyatı da daxildir. Yəni yenə də cəmiyyətin yaxşı tanıdığı və həm mülki, həm də güc strukturları arasında nüfuz qazanan şəxs seçilib. Ona görə də əgər Baş Komandan general Aleksandr Sırski ilə bağlı dəyişiklik qərarı qəbul edilərsə, onun yerinə də analoji nüfuza malik namizədlərdən biri təyin olunacaq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər