Problemli aktivlərin geri qaytarılmasında mövcud olan maneələr açıqlanıb
Far.Az xəbər saytı

Problemli aktivlərin geri qaytarılmasında mövcud olan maneələr açıqlanıb


Problemli aktivlərin geri qaytarılmasında ən böyük maneə məhkəmə və icra prosesləridir.

"Report" xəbər verir ki, bunum bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, problemli aktivlərin geri qaytarılması təkcə ləğvedici qismində Fondun deyil, ümumilikdə aktiv bankların da üzləşdiyi çətinliklərdəndir: "Lakin aktiv bankların ləğv prosesində olan banklarla müqayisədə daha geniş imkanları var. Onlar mövcud maliyyə resursları hesabına kreditləri restrukturizasiya edə, əlavə maliyyələşmə ayıra və biznes kreditlərinin geri qaytarılması istiqamətində daha çevik addımlar ata bilirlər. Bundan başqa, müştərilər aktiv banklarla yalnız kredit deyil, digər bank xidmətləri üzrə də əməkdaşlıq etdiklərinə görə öhdəliklərinə daha məsuliyyətlə yanaşırlar".

Onun fikrincə, təhlillər göstərir ki, ləğv prosesində olan banklarda problemlər əsasən iri həcmli biznes kreditlərində müşahidə olunur, istehlak kreditlərində isə vəziyyət nisbətən yaxşıdır: "Məsələn, "DəmirBank" 2017-ci ilin sonunda ləğv prosesinə başladıqdan sonra onun müştəri bazasının böyük hissəsini mikrokreditlər təşkil etdiyindən, həmin bank üzrə vəsaitlərin yığımı digər ləğv olunan banklarla müqayisədə daha yüksək olub. Biznes kreditlərinin geri qaytarılması isə daha mürəkkəb prosesdir. Çünki biznes müştəriləri banklardan yalnız kredit deyil, zəmanət məktubları, akkreditivlər, hesablaşma xidmətləri və digər bank məhsullarından da istifadə edirlər. Ləğv prosesi başladıqdan sonra isə fəaliyyətlərini davam etdirmək üçün başqa banklarla işləməyə başlayırlar. Nəticədə ləğv prosesində olan bank qarşısındakı öhdəliklər ikinci plana keçir və gecikmələr yaranır. Bu isə məhkəmə çəkişmələrinə səbəb olur. Bir çox hallarda kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş nöqsanlar məhkəmə proseslərini uzadır. Girov əmlaklarının qiymətləndirilməsi, borc məbləğinin hesablanması və ekspertizaların aparılması da əlavə vaxt tələb edir".

A.Əmirov qeyd edib ki, məhkəmə qərarından sonra başlayan icra mərhələsində də proses uzana bilir: "Borcalanlar icra məmurlarının hərəkətlərindən şikayət verdikdə icra prosedurları ləngiyir və vəsaitlərin geri qaytarılması daha da gecikir. Bütün bunlar göstərir ki, ləğv prosesində olan bankların problemli aktivlərinin idarə olunması və geri qaytarılması aktiv banklarla müqayisədə xeyli mürəkkəbdir".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirilir
Azər Əmirov: "Qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsinə ehtiyac yoxdur"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər