Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB-3
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb.
"Report" Yaponiya mediasına istinadən xəbər verir ki, bu barədə Kumamoto prefekturasının təbii fəlakətlərə reaksiya qərargahından bildirilib.
İndiyədək onlardan səkkizi Yatsuşiro şəhərində tüstü borusunun uçduğu "Nippon Paper Industries" zavodunda həlak olub.
Kaşima şəhərindəki "AEON Mall" ticarət mərkəzində xilasetmə əməliyyatı zamanı bu gün səhər saatlarında iki nəfər tapılıb, onlardan birinin öldüyü təsdiqlənib. Beləliklə, ticarət mərkəzində ölənlərin ümumi sayı 5-ə çatıb.
Qərargahdan həmçinin bildirilib ki, zəlzələnin fəsadları səbəbindən 39 nəfər orta ağır, 22 nəfər isə yüngül xəsarət alıb.
Kumamoto prefekturasında 415 təxliyə mərkəzi açılıb. Bundan başqa, təxminən 74 800 ev təsərrüfatının hələ də susuz, 23 000-ə yaxın ev təsərrüfatının isə işıqsız qaldığı bildirilir.
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib.
"Bu rəqəmə ölümünün zəlzələnin fəsadları ilə əlaqədar ola biləcəyi ehtimal edilən şəxslər də daxildir", - o bildirib.
Təbii fəlakət nəticəsində bir çox evlər elektrik enerjisi, su və qazsız qalıb. Bir sıra rayonlarda yaşayış evləri dağılıb, yollar və körpülər zədələnib.
Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbi qulluqçusu cəlb edilib.
7,1 maqnitudalı zəlzələ son illər ərzində ölkədə baş verən ən güclü yeraltı təkanlardan biri olub.
Çərşənbə axşamı Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Associated Press"ə istinadən məlumat yayıb.
Ən azı 62 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.
Xilasedicilər və hərbçilər axtarış-xilasetmə işləri həyata keçirirlər, qurbanların sayının arta biləcəyi istisna edilmir.
Yaponiyada təxminən 40 min insan elektrik enerjisiz, 9,5 min ev isə qazsız və rabitəsiz qalıb. 9 mindən çox insan evlərini tərk edib, hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.
Yaponiyanın Kyuşu adasında baş vermiş 7,1 maqnitudalı zəlzələ nəticəsində azı altı nəfər həlak olub.
"Report" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən "Aeon" ticarət mərkəzində yeraltı təkanlardan sonra, ehtimal ki, güclü qaz partlayışı baş verib.
Nəticədə iki nəfər həlak olub, daha bir nəfər isə kliniki ölüm vəziyyətindədir. Dağıntılar altından səkkiz nəfər çıxarılıb, onlardan beşi xəsarət alıb. Daha əvvəl ticarət mərkəzinin 20–30 əməkdaşı ilə əlaqənin kəsildiyi bildirilirdi.
Zəlzələ nəticəsində "Nippon Paper Industries" zavodunda tüstü borusu uçub. İki nəfər kliniki ölüm vəziyyətində tapılıb, daha doqquz nəfərlə əlaqə yoxdur. Yatsuşiro şəhərində binanın uçması nəticəsində bir nəfər həlak olub. Onun cəsədi dağıntılar altından çıxarılıb. Kyuşunun müxtəlif rayonlarındakı xəstəxanalara onlarla xəsarət alan şəxs çatdırılıb.
"Kyodo" agentliyinin istinad etdiyi Yaponiyanın Baş naziri Sanae Takaiçinin sözlərinə görə, həlak olanların sayı artaraq 13-ə çatıb.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













