Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 10-da keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.
Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.
Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.
Akkreditasiya Şurasının qərarı və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.
Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.
İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.
Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.
İqtisadiyyat Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumata əsasən, universitetin lisenziyası iyulun 22-də dayandırılıb və ötən müddət ərzində "Bakı Qızlar Universiteti" MMC tərəfindən dayandırılmaya əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə əlavə məlumat təqdim edilməyib.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaların verilməsi, dayandırılması və ləğvini (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) aidiyyəti dövlət qurumlarının rəyi və təqdimatı əsasında İqtisadiyyat Nazirliyi həyata keçirir.
Oxşar xəbərlər
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













