İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH
Far.Az xəbər saytı

İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH


Son günlər İspaniya Krallığının yarım anklavı sayılan Seuta şəhərinə Mərakeşdən mühacir axını Avropa İttifaqında da narahatlıq yaradıb. Mərakeşin Daxili İşlər Nazirliyi bildirib ki, yarımanklavın ərazisinə 40 min mühacir daxil olub. Məlumata görə, Krallığın başqa anklavına - Meliliya adlı muxtar bölgəsinə isə 1 135 nəfər yollansa da, onlar geri qaytarılıb.

Seuta hakimiyyəti isə bildirib ki, şəhərə daxil olan miqrantların sayı 60 minə yaxındır. Yerli hökumətin məlumatına əsasən, şəhərə daxil olmaq istəyərkən ölənlərin sayı 72 nəfər çatıb.

İspaniyanın bu bölgəsi ilə Mərakeş çox yaxındır, bəzi yerlərdə məsafə 70 metrə çatır. Ancaq aradakı su hövzəsinin dərinliyi iki metrdən artıqdır. Bildirilib ki, elə bu, insanlar arasında təhlükəsizliklə bağlı yanlış təsəvvür yaradaraq itkilərin sayının çox olmasına təsir göstərib.

Seutaya miqrant axını ilk hadisə deyil. 2021-ci ilin mayında bölgəyə üzərək və quru yolla minlərlə Mərakeş vətəndaşı daxil olmuşdu. Onda İspaniya hökuməti yerli polis və Mülki Qvardiyanı dəstəkləmək üçün sərhəd nəzarətinə təcili olaraq ordu bölmələri göndərmişdi. Onların böyük bir hissəsi geri, Mərakeşə qaytarılmışdı. Bununla belə, 15 min qanunsuz mərakeşli mühacirin bölgədə qaldığı bildirilir.

Builki böhrandan sonra İspaniya şəhərə humanitar və sosial faciənin qarşısının alınması məqsədilə yenə hərbçi yeridib. Seutadakı miqrantların deportasiyası ilə bağlı tərəflər razılıq əldə ediblər.

İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkəsinin "ərazi bütövlüyünün pozulması" adlandırıb.

Mərakeşlilər niyə İspaniyaya qaçır? Heç şübhəsiz, ilk növbədə, sosial mədəni məsələlərə görə materikdəki insanlar təhlükəni göz önünə alaraq başqa bir dövlətin ərazisinə keçirlər. Seutada Mərakeş vətəndaşlarının çoxlu sayda qohumları var. Başqa sözlə, orada müştərək ailələr yaşayır. Bu onların muxtar bölgəyə getməsi, orada yaşaması üçün işlərini asanlaşdırır. Başqa bir amil Mərakeşlə müqayisədə İspaniyada lüks həyatın olmasıdır.

Krallıq onların öz ölkələri ilə müqayisədə iş tapmasına da şərait yaradır. Məsələn, üzərək İspaniya sərhədini keçərkən ölənlərdən biri "Mağrib Atletik" futbol klubunun 20 yaşlı oyunçusu Fatən Ben Amar əl-Əzizdir. Belə ehtimal etmək olar ki, o, İspaniyada futbol klublarından birində oynamaq üçün bu addımı atıb.

Mərakeşdə adambaşına düşən ÜDM nominal dəyərlə təxminən 4 200 - 4 600 ABŞ dolları, istehlakçıların alıcılıq qabiliyyəti isə 10 600-10800 dollar təşkil edir.

İspaniyada adambaşına düşən nominal ÜDM təxminən 38 000 - 41 000 ABŞ dolları olduğu halda, alıcılıq qabiliyyəti üzrə isə göstərici 56 000 dolları keçir. Ölkə iqtisadiyyatı Avropa İttifaqının ən böyük iqtisadiyyatları sırasındadır. Bu göstərici yaşayış səviyyəsinin müəyyənləşməsinə yardım göstərən amillərdəndir. Ona görə sakinlərin mühacirət etmək istədiyi ən yaxın ölkə İspaniya, onun Seuta və Meliliya şəhərləridir.

Medianın məlumatlarına əsasən, miqrasiya etmək istəyənlər İspaniya və Avropanın başqa ölkələrində yaşamağın xeyli yaxşı olduğunu da bilirlər. Bundan başqa, İspaniyada qanunsuz yaşayanların çoxunun işləmək hüququ və ya işsizlik müavinətindən istifadə hüququ, yaxud belə miqrantlara amnistiya verilməsi tədbirləri tətbiq edilir. İnsanların İspaniyaya qaçmağını təşviq edən amillərdən biri də bu sayılır.

Məlumata görə, Seutaya yola düşənlər üçün əsas stimul İspaniya Ali Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərar olub. Həmin qərara əsasan, Seutaya Mərakeşdən yetişən insanların deportasiyası yolverilməz sayılır. Bildirilib ki, İspaniya məhkəmələri bir qayda olaraq gec qərar qəbul edirlər. Bu da ölkəyə qanunsuz gələn əcnəbilərə məhkəmədən gizlənməyə və ya onun qərarlarını öz xeyrinə həll etməyə, əsaslandırmağa imkan verir. Onlar bu istiqamətdə əsasan siyasi, dini düşüncəni, cinsi oriyentasiyanı səbəb göstərirlər.

Məlumata görə, 2026-cı il iyunun sonunda İspaniya Ali Məhkəməsi 2023-cü ildə Mərakeşdən Seutaya keçmiş və İspaniyada heç bir araşdırma aparılmadan deportasiya edilmiş Əlcəzair vətəndaşının iddiası ilə bağlıdır. Həmin qərara əsasən, dərhal deportasiyaya yalnız quru sərhədi qanunsuz keçən şəxslər məruz qala bilər. Bundan başqa, belə bir tədbir həmişə deyil, yalnız müəyyən şəraitdə, məsələn, zorakılıqla kütləvi keçid baş verərsə, tətbiq oluna bilər.

Yerli hüquq müdafiəçilərinin qənaətincə, İspaniyada yalnız məhdud dairənin xəbərdar olduğu əlcəzairli şəxsin iddiasının araşdırılması indiki hadisələrdə həlledici amil ola bilər. Başqa sözlə, əlcəzairlinin deportasiyasının yerli qanunlara zidd olduğu cəmiyyət tərəfindən yanlış anlaşılıb. Sosial şəbəkədə belə xəbər yayılıb ki, guya Mərakeşdən Seutaya dəniz yolu ilə gedənlərin dərhal deportasiya edilməsi haqqında İspaniya Ali Məhkəməsinin qərarı tətbiq edilmir. Bundan başqa, sosial şəbəkədə yayılan dezinformasiyada bildirilib ki, Seuta ilə sərhəd açıqdır və onu problemsiz keçmək mümkündür.

Deməli, bir məhkəmə qərarının sosial şəbəkədə yanlış təsvir edilməsi mərakeşlilərin Seutanın beş il öncəki faciəni yenidən yaşamasına səbəb olub.

Bu hadisələrdə Mərakeşlə İspaniya arasındakı tarixi anlaşılmazlıq rol oynayırmı? Yaxud siyasi baxımdan məsələni necə dəyərləndirmək olar? Məlum olduğu kimi, Mərakeş bir müddət İspaniyanın müstəmləkəsi olub. Odur ki, tərəflər arasında ərazi, torpaq məsələsi ilə bağlı ziddiyyətlər qalmaqdadır. Bununla belə, rəsmi Rabatla Madrid münasibətlərin normallaşması istiqamətində bir sıra sazişlər də imzalayıblar. Miqrantların deportasiyasına dair 2023 və 2026-cı illərdə saziş imzalanıb. Həmin sənəddə sərhəd nəzarətinin gücləndirilməsi, Seuta və Melilya anklavlarına qanunsuz keçənlərin sürətlə repatriasiyası nəzərdə tutulub.

2025-ci ilin dekabrında isə tərəflər arasında iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, elm və ədalət mühakiməsini əhatə edən 14 sazişdən ibarət paket sənədlər imzalanıb.

Bu baxımdan, ölkələr arasında münasibətlər zahirən normal sayılır. Ancaq İspaniyada iddia edirlər ki, rəsmi Rabat hadisəyə aktiv münasibət göstərməyib, onun passiv müşahidəçisi olub. İddiaçıların qənaətincə, Mərakeşdə bəzi radikal millətçilər İspaniyanın bu yarım-anklavına iddia edir, vaxtaşırı bu istiqamətdə müxtəlif aksiyalara əl atırlar. Belə siyasi təhliçilərin fikirincə, gənclər arasında sərhədi asanlıqla keçmək, İspaniya hakimiyyətindən yardım almaq və orada qalmaq imkanı barədə şayiələri həmin düşüncə sahibləri yaya bilər. Burada məqsəd isə İspaniyaya qarşı ərazi iddialarını təsdiqləməkdir.

Bununla belə, İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska bildirib ki, Mərakeş hakimiyyəti vəziyyətin normallaşdırılması üçün Krallıqla əməkdaşlığa hazırdırlar.

Seuta hadisəsindən Avropa İttifaqı ölkələri də narahatdırlar. Fransa və İtaliya İspaniya ilə sərhədlərdə nəzarəti gücləndirir. Fransanın daxili işlər naziri Loran Nünyes iyulun 31-də İspaniya ilə sərhəddə qanunsuz miqrantların Seutaya kütləvi axınından sonra sərhəd nəzarətinin gücləndirilməsini elan edib.

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin sərhədlərini qorumaq üçün tədbirlər görməyə hazır olduğunu, o cümlədən İspaniyaya münasibətdə Şengen sazişinin fəaliyyətinin dayandırılması imkanını açıqlayıb. Bu ölkənin XİN başçısı Antonio Tayani də İspaniyanın bu müqavilədən müvəqqəti çıxarılması tərəfdarı olub.

Bunlar Avropa İttifaqının Seutada yaşanan miqrant probleminin qarşısını almaq cəhdləridir. Ancaq hadisələrin əsasında iki məsələnin dayandığı gizli deyil. Biricinsi İspaniya Krallığının tarixi müstəmləkəçilik siyasəti ilə bağlıdır. Vaxtilə işğal etdiyi əraziləri Mərakeşin, yaxud oradakı insanların geri qaytarmaq cəhdləri müəyyən mənada anlaşılandır. Belə ehtimal etmək olar ki, Seutadakı İspaniya vətəndaşlarının assimilyasiyasının qarşısının alınması məqsədilə bu kimi aksiyalar keçirilir. Oranın əhalisi əsasən bərbərlər sayılır. Mərakeş əhalisinin təxminən 40 faizini, 13-15 milyonunu təşkil edir. Başqa sözlə, bərbərlər tarixən işğal edilmiş torpaqlarının geri qaytarılması uğurunda İspaniyaya qarşı miqrant silahından istifadə edə bilərlər.

İkinci və daha çox qəbul edilən isə İspaniyada Mərakeşlə müqayisədə daha yaxşı həyatın olmasıdır.

Vaxtilə Böyük Britaniya ilə İspaniya arasında Cəbəllütariq, Argentina ilə Birləşmiş Krallıq uğurunda isə Folklend adası üzrə yaranmış problem referendum yolu ilə öz həllini tapmışdı. Onda Cəbəllütariq və Folklen sakinlərinin çoxu Böyük Britaniyanın tərkibində qalmağa üstünlük vermişdilər. Heç şübhəsiz, buna əsas səbəb tarixi vətəndə yaşayışın reallıqdan aşağı olmasıdır. Müasir dünyada insanlar daha çox yüksək həyat tərzinə üstünlük verirlər.

Mərakeş sakinlərinin Seuta vasitəsilə İspaniyanı, deməli, həm də Avropanı seçməsi təsadüfi deyil. Odur ki, mərakeşlilərin İspaniyanın anklavına kütləvi axınının əsasında daha çox bu amilin dayandığı məntiqidir.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər