Şaffer: ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir
Far.Az xəbər saytı

Şaffer: ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir


ABŞ Ermənistandan Vaşinqton razılaşmaları çərçivəsində götürdüyü öhdəliyin – Azərbaycanın Qarabağ bölgəsinə aid müddəaların Konstitusiyadan çıxarılmasının yerinə yetirilməsini tələb etməlidir.

"Report" xəbər verir ki, bu barədə Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş elmi əməkdaşı Brenda Şafferin "Qafqazda bir illik sülh – və onu necə qorumaq olar" adlı məqaləsində əks olunub.

O xatırladıb ki, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı tarixi sülh bəyannaməsinin altına şahid qismində imza atıb.

Razılaşmalar TRIPP – "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun yaradılmasını nəzərdə tutur.

"Bir il sonra bu planın əhəmiyyəti daha da artıb", – Şaffer vurğulayıb və əlavə edib ki, Trampın davam edən şəxsi iştirakı sülhün qorunmasına kömək edib.

O, dünyanın ən mühüm geosiyasi qovşaqlarından birində yerləşən Cənubi Qafqazın strateji mövqeyinə diqqət yetirib. Müəllifin yazdığına görə, region enerji resurslarının mənbəyidir və bu resursların tədarükü Hörmüz boğazı və Qırmızı dəniz kimi dəniz dar keçidlərindən yan keçməyə imkan verir.

Ekspert vurğulayıb ki, Yaxın Şərqdəki son müharibə zamanı İranın hava marşrutları bağlandıqda, Cənubi Qafqaz dəhlizi Şərqlə Qərb arasında ən mühüm hava yoluna çevrilib.

Şafferin qiymətləndirməsinə görə, TRIPP layihəsi ABŞ-nin regiona qayıdışından xəbər verir, sülh prosesi isə cəmi bir il ərzində artıq real nəticələr verib.

"Atəşkəs rejimi qorunub saxlanılır, sərhədin delimitasiyası üzrə danışıqlar irəliləyib, azərbaycanlılar və ermənilər arasında təmaslar intensivləşib, ticarətin həcmi isə artıb. Dünyada qiymətlərin artmasına baxmayaraq, Azərbaycan Ermənistana bazar qiymətindən aşağı qiymətlərlə əhəmiyyətli həcmdə yanacaq tədarük edib. Bakı və İrəvan həmçinin qaz ticarətini və elektrik şəbəkələrinin birləşdirilməsini müzakirə edir, TRIPP ilə bağlı infrastrukturun tikintisi davam edir", - müəllif yazıb.

Onun sözlərinə görə, razılaşmaların enerji komponentinin genişləndirilməsi əldə edilmiş nəticələri möhkəmləndirməyə kömək edəcək, çünki Hörmüz boğazındakı böhran bir daha nümayiş etdirib ki, enerji ehtiyatları tədarükünün coğrafi diversifikasiyası təkcə iqtisadiyyat məsələsi deyil, həm də strateji zərurətdir.

Şaffer həmçinin eyd edib ki, Vaşinqton Ermənistandan Ağ Evdəki imzalama mərasimi zamanı üzərinə götürdüyü öhdəliyi – Azərbaycanın Qarabağ regionu ilə bağlı müddəanı Konstitusiyadan çıxarmağı yerinə yetirməsini tələb etməlidir.

"Əgər o, qüvvədə qalarsa, bu, Ermənistanın gələcək hökumətlərinə sülh gündəliyindən imtina etməyə imkan verə bilər", - müəllif xəbərdarlıq edib.

Ekspert həmçinin hesab edir ki, ABŞ administrasiyası Cənubi Qafqazı ayrıca regional istiqamət kimi nəzərdən keçirmək əvəzinə, onu özünün daha geniş strategiyalarına daxil etməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər