Azərbaycanda qonaq evləri dövlətdən nə dəstək gözləyə bilər? – ARAŞDIRMA
Son vaxtlar Azərbaycanın regionlarına səfər edən xarici turistlərin, xüsusilə sosial şəbəkələrdə böyük auditoriyası olan şəxslərin gecələmək üçün qonaq evlərini seçməsi diqqət çəkir. Belə turistlərin qonaqpərvərlik, milli mətbəx və yerli həyat tərzi ilə bağlı müsbət təəssüratlarını milyonlarla izləyicisi ilə bölüşməsi Azərbaycanın turizm imkanlarını xaricdə tanıdır. Son olaraq məşhur hindistanlı turistin Şəkiyə səfəri zamanı yerli qonaq evində qalması və Azərbaycan haqqında müsbət fikirlərini sosial şəbəkədə paylaşması bu məsələnin aktuallığını bir daha gündəmə gətirib.
Hindistanlı turist Chithran R. Şəkiyə ilk dəfə səfər etdiyini və böyük şəhər hotelləri əvəzinə kənd mühitində yerləşən qonaq evlərində qalmağa üstünlük verdiyini bildirib. O, qaldığı qonaq evi ilə bağlı təəssüratlarını bölüşərək seçiminin uğurlu olduğunu qeyd edib. Turist qonaq evində yaşayan ailənin səmimiliyini və qonaqpərvərliyini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, ev sahibləri qonaqların özlərini rahat hiss etmələri üçün hər cür şərait yaradırlar: "Buradakı ailə olduqca səmimi və qonaqpərvərdir. Ev sahibi məni çox mehriban qarşıladı. Eyni zamanda yaxınlıqda gəzə biləcəyim yerləri kəşf etməyimə kömək etdilər, yaxşı restoranlar və görməli məkanlar tövsiyə etdilər".
Bu nümunələr regionlardakı qonaq evlərinin yalnız yerləşmə vasitəsi deyil, eyni zamanda ölkənin turizm imicinin formalaşmasında iştirak edən mühüm element olduğunu göstərir. Bəs bu potensialdan daha səmərəli istifadə etmək üçün qonaq evlərinə hansı formada dəstək verilməlidir? Xidmət keyfiyyətinin artırılması, infrastrukturun yaxşılaşdırılması, beynəlxalq platformalarda tanıtım, subsidiya və digər maliyyə təşviqləri regionlara daha çox xarici turist cəlb edə bilərmi?
"Far.Az" mövzu ilə bağlı araşdırma aparıb.
Şəkidə fəaliyyət göstərən qonaq evinin sahibi Arzu Əhmədova deyir ki, Hindistandan gələn qonaqlar əsasən təbiətdə vaxt keçirməsi, dağlıq və meşəlik ərazilərdə kamp qurması ilə sosial şəbəkələrdə tanınır. Onun sözlərinə görə, turist qonaq evini xarici onlayn rezervasiya platformalarından biri vasitəsilə tapıb və seçimində evin dağlıq ərazidə, təbiətlə iç-içə yerləşməsi əsas rol oynayıb:
A.Əhmədovanın sözlərinə görə, xarici turistlər üçün yerli mətbəx, qonaqpərvərlik, milli adət-ənənələr və bölgənin həyat tərzi xüsusi maraq doğurur:
"Ən önəmlisi onların burada özlərini rahat və doğma hiss etmələridir. Xarici turistlər sadəcə gəlib bir evdə qalmaq deyil, Azərbaycanın təbiətini, insanlarını və həyat tərzini yaxından yaşamaq istəyirlər. Biz də çalışırıq ki, qonaqlarımıza məhz bu səmimi və yerli atmosferi yaşadaq".
Qonaq evlərinin əsas ehtiyacı tanıtımdır
Qonaq evinin sahibi hesab edir ki, bu sahədə fəaliyyət göstərən sahibkarların ən çox tanıtım dəstəyinə ehtiyacı var: "Regionlara üz tutan xarici turistlərin bir qismi hotellərdən daha çox yerli həyat tərzini yaxından hiss edə biləcəkləri qonaq evlərinə maraq göstərir. Onlar regionlara gedərək ailə evlərində qalmaq, yerli insanlarla ünsiyyət qurmaq, mətbəximizi dadmaq və həmin bölgənin ruhunu hiss etmək istəyirlər. Ancaq belə qonaq evlərinin bir çoxunun mövcudluğundan xəbərləri olmur. Dövlətin onları sosial şəbəkələrdə, turizm saytlarında və xarici bazarlarda daha geniş tanıtması bizim üçün böyük dəstək olardı".
A.Əhmədova əlavə edib ki, əvvəllər Şəkidə turist qəbul etmək imkanına malik evlərin siyahısı hazırlanıb və turistlərin həmin obyektlərə yönləndirilməsi həyata keçirilib: "Bizim evimiz də həmin siyahıda idi və turistlər bizə bu sistem vasitəsilə yönləndirilirdi. Hazırda isə belə bir sistem yoxdur. Turistlər çox vaxt qonaq evlərini özləri axtarıb tapmalı olurlar, bəzi hallarda isə xoşagəlməz hallarla qarşılaşırlar. Xarici turistlər özləri də vahid və etibarlı sistemin olmamasından narazılıqlarını bildirirlər. Düşünürəm ki, əvvəlki kimi etibarlı və rəsmi qonaq evləri siyahısının yaradılması həm turistlər, həm də bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün faydalı olardı".
Turizm eksperti Rəhman Quliyev hesab edir ki, qonaq evlərində xidmət keyfiyyətinin yüksəldilməsi və onların xarici turistlər üçün daha cəlbedici olması məqsədilə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi faydalı ola bilər:
Qonaq evlərinə dəstək regionlarda turist axınını artıra bilər
R.Quliyevin fikrincə, qonaq evlərinə sistemli dəstəyin artırılması regionlarda turizmin inkişafına mühüm töhfə verə bilər: "Xidmət keyfiyyətinin yüksəldilməsi və qonaq evlərinin tanıtım imkanlarının genişləndirilməsi turist axınının artmasına, onların regionlarda qalma müddətinin uzanmasına və nəticədə yerli iqtisadiyyata daha çox vəsait daxil olmasına şərait yarada bilər. Bu, eyni zamanda kənd təsərrüfatı, sənətkarlıq, nəqliyyat, ictimai iaşə və digər xidmət sahələrinin inkişafını stimullaşdıra, yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər. Nəticədə qonaq evlərinin inkişafına dəstək regionların sosial-iqtisadi inkişafına, eləcə də Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə daha geniş tanıdılmasına töhfə verə bilər", – deyə ekspert bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, bütövlükdə turizm sektoruna dövlət dəstəyinin gücləndirilməsinə və bu istiqamətdə təşviq alətlərinin genişləndirilməsinə ehtiyac var.
Qonaq evlərinə birbaşa subsidiyalar verilə bilər
V.Bayramov bildirib ki, turizm sektoru daha çox dəstək tələb edən sahələrdən biridir və region ölkələri arasında bu istiqamətdə rəqabət kifayət qədər yüksəkdir: "Güclü regional rəqabət dövlət dəstəyinin artırılmasını və mövcud dəstək mexanizmlərinin genişləndirilməsini aktuallaşdırır. Birbaşa subsidiyaların və güzəştli kredit mexanizmlərinin tətbiqi qonaq evlərinin xərclərinin azalmasına, eyni zamanda xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verə bilər. Bu cür dəstək həm gəlmə, həm də daxili turizmin inkişafı baxımından yeni imkanlar yarada bilər".
Milli Məclisin digər deputatı Göydəniz Qəhrəmanov isə bildirir ki, son illər turizm üçün əhəmiyyət daşıyan infrastrukturun inkişafına xüsusi diqqət ayrılır: "Qısa müddət ərzində Qarabağ bölgəsində 3 beynəlxalq hava limanı inşa edilərək istifadəyə verilib, yeni dəmir yolu xətləri çəkilir, sürətli qatarların sayı artırılır, yeni avtomobil yolları, tunellər və körpülər tikilir. Eyni zamanda paytaxtda və regionlarda tanınmış beynəlxalq brendlərə məxsus 4 və 5 ulduzlu hotellər fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanın geniş turizm potensialına malik olduğunu göstərir. Dövlət bu sahənin inkişafını dəstəkləyir və düşünürəm ki, ölkəyə gələn turistlərin sayında növbəti illərdə artım müşahidə olunacaq".
"Həm paytaxtda, həm də regionlarda belə yerləşmə vasitələrinin fəaliyyət göstərməsi turistlərin daha əlçatan şərtlərlə istirahət etməsinə imkan verir".
Qonaq evləri Azərbaycanın turizm potensialının bir hissəsidir
Deputat bununla yanaşı, qonaq evləri və hostellərin fəaliyyətində beynəlxalq standartların tətbiqini vacib hesab edir: "Qonaq evlərinin və hostellərin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi və bu sahədə müvafiq standartların müəyyənləşdirilməsi çox vacibdir. Hər bir qonaq evi və hostelin müəyyən standartlara uyğun xidmət göstərməsi turistlərin məmnunluğunun yüksəlməsinə xidmət edəcək. Əsas məqsədlərdən biri Azərbaycana gələn turistlərin sayının ildən-ilə artırılmasıdır. Bunun üçün turistlərin ölkədən məmnun ayrılması xüsusi əhəmiyyət daşıyır. Qonaq evləri və hostellər üçün xidmət standartlarının müəyyənləşdirilməsi də bu baxımdan müsbət addım olardı", – deyə G.Qəhrəmanov qeyd edib.
Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəhər və rayonlar üzrə keçirdiyi gecələmələrin sayı 3 milyon 292 min 85 olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % azdır.
6 aylıq göstəricinin 1 milyon 969 min 687-si Bakının payına düşüb. Bu, 1 il əvvələ nisbətən 12,8 % azdır. Qalan gecələmələr isə ölkənin digər regionlarının payına düşüb.
Yarım ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 1 milyon 90 min 426 gecələməsi mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə (12,1 % az), 440 min 93 gecələməsi kirayə götürülmüş evlərdə (16 % az), 721 min 108 gecələməsi qohum və ya dostların evlərində (5 % az), 1 milyon 40 min 459 gecələməsi isə özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə (25,5 % az) qeydə alınıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib













