Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib
Far.Az xəbər saytı

Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib


Sərgidə nümayiş olunan rəsmlərin heç birində süni intellektdən istifadə edilməyib, hər biri əllə çəkilib.

Bunu "Report"a açıqlamasında fərdi sərgisi keçirilən "Buludlar" layihəsinin yaradıcısı və müəllifi Sərvinaz Eminova deyib.

Onun sözlərinə görə, dünyada bu tərzdə rəsm çəkilişi ilə məşğul olan cəmi rəssam var:

"Onların ən məhşuru İrlandıyadan olan rəssamdır. İnanıram ki, mən də bu tərzdə işləyən məşhur rəssamlardan biri və birincisi olacağam. Əslində, bu, rəsm yaradıcılığının bir qoludur və hələ ki dünyada çox yayılmayıb. Azərbaycanda isə bununla məşğul olan yeganə şəxs mənəm".

Layihə müəllifi qeyd edib ki, yaxınlarının təkidi ilə bir dəfə süni intellektə müraciət etsə də, nəticə istədiyi kimi alınmayıb:

"Mən üç ildir bu layihə üzərində işləyirəm. Layihənin əsas məqsədindən biri budur ki, rəqəmsallaşan dünyada telefondan ayrılıb bir az da səmaya baxaq, təbiətlə bağımızı yenidən bərpa edək, uşaqlıqdan içimizdə olan xəyalpərəst yaradıcı tərəfinizi kəşf edək. Bu gün ilk sərgim baş tutub. Bundan öncə bir neçə görüşlər, uşaqlar üçün "workshop"lar təşkil edilib. Bir neçə tanışımın təkidi ilə üç ildə ilk dəfə rəsm əsərlərimdə süni intellektə müraciət etdim. Amma o, insanın gördüyünü və yaratdığını edə bilmədi. Ona görə də bütün rəsmlərimi özüm çəkirəm. Sadəcə, səmada olan real buludun telefonla yaxud aparatla fotosu çəkilir, mənə göndərilir. Mən də onun əsasında gördüyümü əllə çəkirəm".

S.Eminova sərgidə müxtəlif ölkələrdən olan buludların yer aldığını vurğulayıb:

"Hazırda sərgidə Bakıdan, Almaniyadan, Albaniyadan, Hindistandan, Cənubi Afrikadan, Braziliyadan, İrandan olan bulud fotoları var. Mən öz əl işlərimi sosial şəbəkədə paylaşıram. Beləcə, dünyanın müxtəlif yerlərindən izləyicilərim mənə olduqları ərazilərdəki buludları çəkib göndərirlər. Mən də onu həmin ölkədən gələn bir bulud suveniri kimi qəbul edirəm. Bu, mənə çox xoş olur. Sonra mən onların göndərdiyi buludların üzərində gördüyümü çəkirəm".

Layihə rəhbəri hər insanın bulud üzərində fərqli mənzərəni gördüyünü və bunun psixologiya ilə əlaqəli olduğunu qeyd edib:

"Bir ara bunu çağırış kimi etmişdim. Məsələn, bir bulud şəkli çəkilirdi və mən onun üzərində nə çəkəcəyimi artıq bilirdim. Həmin şəkli sosial şəbəkədə paylaşırdım və izləyicilərdən soruşurdum ki, "Siz burada nə görürsünüz?" İnsanlar o qədər fərqli şeylər görürdülər ki... Hətta bir-birinə çox oxşayan cavablar da verilirdi. Ona görə məndə belə bir ideya yarandı ki, insan buluda baxıb orada nəyisə görəndə, əslində, öz daxilini ifadə edir. Hamı burada eyni şeyi görmür. Bir maraqlı məqam da var ki, mənə hansısa tanışım bulud fotosu göndəribsə, mən həmin buludun üzərində nəsə çəkəndə, nədənsə, həmin insanla bağlı ağlımda bir şey yaranırdı və bunu buludun üzərinə əks etdirirdim. Ona görə bunu psixologiya ilə əlaqələndirirdim".

S.Eminova uşaqlar üçün yazdığı kitabının artıq çapa hazırlandığını da deyib:

"Uşaqlar üçün yazdığım "Pampuşun səyahəti" kitabım hazırda çapa hazırlanır. Burada buludun səyahətindən bəhs ediləcək. Kitabın üzərində bir il yarıma yaxındır işləyirəm".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər