Azərbaycanda ilk dəfə buludlardan ilhamlanan rəsmlərdən ibarət sərgi təşkil edilib
Azərbaycanda ilk dəfə bulud fotoları üzərində yaradılan rəsmlərdən ibarət sərgi təşkil olunub.
"Far.Az" xəbər verir ki, sərginin və "Buludlar" layihəsinin müəllifi Sərvinaz Eminovadır.
Sərgidə S.Eminovanın son üç il ərzində dünyanın müxtəlif yerlərindən çəkdiyi bulud fotoları əsasında əl ilə yaratdığı rəsmlər nümayiş etdirilib. Layihənin əsas məqsədi insanları təbiətə, yaradıcılığa və öz daxili dünyalarına daha yaxınlaşdırmaq, gündəlik həyatın və rəqəmsal dünyanın yaratdığı temp içərisində insanlara göyə baxmağı xatırlatmaqdır.
Müəllif sərgidəki çıxışında buludlara marağının uşaqlıqdan formalaşdığını vurğulayıb:
"Mən hara getsəm, oradan bulud fotoları çəkirəm. Dünyanın müxtəlif yerlərindən olan izləyicilərim və başqa ölkələrə səyahət edən dostlarım da mənə suvenir kimi bulud fotoları göndərirlər. Bu, mənim üçün çox dəyərlidir. Çünki həmin anda onlar başqa bir ölkədə məni və buludlara baxmağı xatırlayıblar. Layihə artıq üç ildir, mövcuddur. Hamımız buludlara baxırıq, onları nəyəsə oxşadırıq. Mən də çox vaxt buludları nəyəsə bənzədirdim, amma gördüyümü necə izah edəcəyimi bilmirdim. Üç il əvvəl bunu reallaşdırmağın yolunu kəşf edərək real şəkillər üzərində əl ilə rəsm çəkməyə başladım".
Onun sözlərinə görə, eyni buluda baxan insanların fərqli obrazlar görməsi layihənin ən maraqlı tərəflərindən biridir:
"Çünki hər birimizin öz təcrübəsi, hissləri, düşüncələri və xəyal dünyası var. Eyni şeyə baxırıq, amma hər birimiz onları öz daxili dünyamızın gözü ilə görürük. Fərqli görmək səhv olmaq demək deyil, əksinə, bu, insanların daxili dünyasının zənginliyini göstərir".
S.Eminova bildirib ki, zaman keçdikcə layihə onun üçün sadəcə yaradıcılıq istiqaməti olmaqdan çıxaraq insanları təbiətə, yaradıcılığa və öz daxili dünyalarına yaxınlaşdıran vasitəyə çevrilib:
"Biz bu gün çox fərqli bir dövrdə yaşayırıq. Sürətlə rəqəmsallaşan bir dünyada uşaqlar da, böyüklər də, yaşlı nəsil də getdikcə daha çox vaxtını ekran qarşısında keçirir. Dünyanı bizə artıq telefonlar göstərir. Amma bəzən telefonun ekranına baxarkən başımızın üstündəki real dünyaya baxmağı unuduruq. Mən bu layihə ilə insanlara xatırlatmaq istəyirəm ki, telefona baxmaq əvəzinə bir az səmaya baxaq, ekrana baxmaq əvəzinə bir az təbiətə çıxaq. Sadəcə görməyək, gördüklərimizin fərqinə də varaq".
O vurğulayıb ki, buludlara baxmaq və onları nəyəsə bənzətmək üçün xüsusi bacarıq tələb olunmur:
"Bəlkə də məhz bu qədər sadə olduğuna görə buludlar belə dəyərlidir. Çünki böyüdükcə xəyalını qurduğumuz şeyləri yavaş-yavaş əhəmiyyətsiz hesab etməyə başlayırıq. Uşaqlıqda isə bir buluda baxmaq üçün heç bir səbəb lazım deyildi. Sadəcə baxırdıq və xəyal edirdik. Layihəmin əsas məqsədi təbiətlə insan arasında yenidən bağ yaratmaq, səmaya baxmağı xatırlatmaq və ən əsası, uşaq vaxtı içimizdə olan xəyalpərəst, yaradıcı tərəfimizi yenidən kəşf etməkdir".
Sərgidə iştirak edən "Nömrə 1" uşaq bağçasının direktoru Samirə Hacıyeva layihənin rəhbəri olduğu müəssisədə keçirilən ilk mərhələsi barədə məlumat verərək bildirib ki, uşaqlar müxtəlif bulud şəkillərinə baxaraq onlarda gördükləri obrazları yaradıblar:
"Daha sonra Sərvinaz Eminova həmin buludlarda özünün nə gördüyünü uşaqlara göstərib. Uşaqlar çox təəccüblənirdilər, hər biri buludlarda nə gördüyünü danışırdı. Bu, uşaqlar üçün həm əyləncəli, həm də çox maraqlı bir kəşf idi. Bununla uşaqlara müxtəlif baxış bucaqlarının olduğunu bilməyi, fikrini izah etməyi, digərlərini dinləməyi və anlamağa çalışmağı təşviq edirdik".
S.Eminova öz növbəsində layihənin həyata keçirilməsinə dəstək verən "Nömrə 1" bağçasının direktoru S.Hacıyevaya təşəkkür edib.
Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Rəhilə Soltanqızı sərgidəki çıxışında insanı irəli aparan əsas amillərdən birinin təhsil və yaradıcılıq olduğunu deyib:
"Düşünürəm ki, yaradıcı insan hər bir hadisəyə kreativ yanaşır. Sərvinaz Eminova da məhz elə insanlardan biridir. İnanıram ki, onun bu layihəsi də dünyada və Azərbaycanda birinci olacaq".
Jurnalist Günay Malikqızı da çıxışında S.Eminovanın yaradıcılığını yüksək qiymətləndirib:
"Həyatımızda olan adi bir şeydəki qeyri-adiliyi görmək heç də asan deyil. Sadə buludu yaradıcılıqla başqa bir mənzərəyə çevirmək incəlik, yüksək yaradıcılıq tələb edir. Düşünürəm ki, bu məsələdə Sərvinaz xanım çox uğurludur".
Psixoloq Sevinc Mustafayeva isə bulud fotoları üzərində müxtəlif obrazların yaradılmasını art-terapiyanın bir növü kimi qiymətləndirib:
"Fotolar üzərində hansısa rəsm yaratmaq art-terapiyanın bir növüdür. Danışa bilməyən uşaqlarla bu sahədə daha çox məşğul olunur. Böyüklərdə isə bu, özünü fərqli tərəfdən göstərir, hisslər və emosiyalarla özünü büruzə verir. Hər bir halda bu prosesin gedişatı şəfalı bir prosesdir. Səmada çəkilən hər hansı bulud fotosu dəyişə bilməyən bir haldır. İnsan isə bu foto üzərində nəsə yaratmağa çalışırsa, artıq ona müdaxilə edir. Psixologiyada bunun açması belədir ki, insan həll edə bilmədiyi problemləri, müdaxilə edə bilmədiyi durumları bu üsulla yoluna qoya bilər".
Sərgidə iştirak edənlərə bulud fotoları üzərində öz obrazlarını yaratmaq imkanı da verilib. İştirakçılar əvvəlcə öz gördüklərini çəkib, daha sonra vərəqdəki QR kod vasitəsilə Sərvinaz Eminovanın həmin buludda nə gördüyü ilə tanış olublar.
Müəllifin sözlərinə görə, bu proses insanın öz baxışını və xəyal dünyasını kəşf etməsinə imkan yaradır. İştirakçılar həmçinin çəkdikləri rəsmlərlə psixoloqa müraciət edərək gördükləri obrazların mümkün psixoloji şərhi barədə məlumat ala biliblər.
S.Eminova həmçinin bildirib ki, layihənin gələcəkdə yalnız onun gördüyü buludlardan ibarət olmasını istəmir:
"İstəyirəm ki, bu layihə gələcəkdə yalnız mənim gördüyüm buludlardan ibarət olmasın. Hər bir insan bununla öz baxışını, öz xəyalını, öz buludunu kəşf etsin. Hər birimizin buluda özünəməxsus yanaşma tərzi var. Amma buludlar bizim xəyal dünyamızın ortaq bir parçasıdır, hamımızın başa düşdüyü bir dildir, bizi görünməz bir şəkildə birləşdirən ən sadə və ən gözəl şeylərdən biridir".
S.Eminova çıxışının sonunda iştirakçıları "öz buludlarını" kəşf etməyə çağırıb:
"Sizi bu layihənin bir hissəsi olmağa dəvət edirəm. Bir az dayanmağa, öz buludunuzu görməyə və gördüyünüzü çəkməyə çağırıram. Çünki uşaqlıqda olan yaradıcılıq, əslində, hər zaman oradadır, yox olmur. Sadəcə, ondan istifadə etmirik, ona vaxt ayırmırıq, arxa plana keçiririk. Amma yaradıcılıq insanın düşüncə dünyasını genişləndirir. Orada düzgün və yanlış yoxdur. Yalnız siz və daxili aləminiz var".
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













