Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsi çərçivəsində bu ərazinin yaşayış məntəqələrinin tarixini, əhalisini və maddi-mədəni irsini sənədləşdirən xüsusi layihənin ilk materiallarından biri Şəki kəndinə həsr olunub.
Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması çərçivəsində həyata keçirilib.
"Far.Az"un məlumatına görə, hazırda Ermənistan Respublikasının Sünik vilayətində yerləşən kənd mənbələrdə Şəki və Şaki adları ilə keçir. Rusiya imperiyası dövrünün sənədlərində əsasən "Şəki", bəzi mənbələrdə isə "Şaki", sovet dövründə isə "Şaki" adı işlədilib. 1995-ci ildən yaşayış məntəqəsi Ermənistanın Sünik vilayətinin tərkibindədir.
Layihə Şəkini Zəngəzur bölgəsinin yaşayış məntəqəsi kimi təqdim edir və kəndin tarixini Osmanlı reyestrləri, Rusiya imperiyası statistik nəşrləri, Azərbaycan və Ermənistan arxiv sənədləri, erməni müəlliflərin tədqiqatları, mətbuat materialları, epiqrafik mənbələr və 2021-2024-cü illərdə aparılmış çöl tədqiqatları əsasında izləyir.
Şəkinin adı XVI-XVIII əsr sənədlərində
Məlumatlara görə, Şəki kəndinin adı ən azı XVI əsrin sonlarından yazılı mənbələrdə qeydə alınıb. 1590-cı ildə Osmanlı-Səfəvi müharibəsini başa çatdıran İstanbul sülhündən sonra bölgədə Osmanlı idarəçiliyi dövründə hazırlanmış "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Şəki kəndinin adı göstərilir.
1724-cü il Rusiya-Osmanlı İstanbul müqaviləsindən sonra bölgədə aparılan inzibati siyahıyaalmalarda da kəndə rast gəlinir. 1727-ci ildə tərtib edilmiş "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə, eləcə də 1728-ci ilin "İrəvan əyalətinin icmal dəftəri"ndə Şəki yaşayış məntəqəsi kimi qeyd edilir.
XVIII əsrin ortalarından Rusiya imperiyasının bölgəni ələ keçirməsinədək Şəkinin yerləşdiyi ərazi Qarabağ xanlığının tərkibində olub. XIX əsrin əvvəllərində Qarabağ xanlığının Rusiya imperiyasının nəzarətinə keçməsindən sonra kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilib.
1823-cü ildə general Aleksey Yermolovun göstərişi ilə hazırlanmış "Qarabağ əyalətinin təsviri" sənədində də Şəki haqqında məlumat verilir. Araşdırmada həmin sənədə istinadla bildirilir ki, kənddə müasir azərbaycanlıların əcdadları yaşayırdılar və kənd Qarabağın sonuncu xanı Mehdiqulu xan tərəfindən iri torpaq sahibi Hacı Ağalar bəyə bağışlanmışdı.
Əhali haqqında tarixi statistika
Layihədə Rusiya imperiyası dövrünün statistik nəşrləri ilə yanaşı, erməni müəllif Zaven Korkotyanın "Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)" əsərindəki məlumatlar da müqayisə edilir. 1831-ci ildə kənddə 48 nəfər yaşayırdı və layihədə onların hamısının azərbaycanlıların əcdadları olduğu göstərilir. 1915-ci ildə kənddə 1 584 nəfər qeydə alınıb və onların böyük əksəriyyətinin azərbaycanlıların əcdadları olduğu bildirilir.
1918-ci il hadisələri
Layihənin ən geniş bölmələrindən biri 1918-ci ildə Zəngəzurda baş vermiş hadisələrə həsr olunub. Materialda 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərarı, bundan sonra yaranmış Ermənistan Respublikasının Azərbaycan, Gürcüstan və Osmanlı dövləti ilə ərazi mübahisələri fonunda bölgədə qarşıdurmaların dərinləşməsi barədə məlumatlar təqdim olunur.
Müəlliflər 1918-1920-ci illərdə Zəngəzur və digər bölgələrdə türk-müsəlman əhalisinə qarşı baş vermiş zorakılıqları etnik təmizləmə kimi xarakterizə edir və bunun nəticəsində Şəkinin türk-müsəlman əhalisinin bir hissəsinin öldürüldüyünü, bir hissəsinin isə kənddən çıxarıldığını bildirirlər. 1918-ci ilin "Gürcüstan" qəzetində dərc edilmiş məlumata istinadən bildirilir ki, həmin ilin avqustunda Şəkidə 95 nəfər öldürülüb, kənd dağıdılıb və dəymiş zərər 16 milyon rubl qiymətləndirilib.
Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan digər sənədə istinadən isə 1918-ci ilin payızında Şəki kəndində 500 nəfərin, o cümlədən 200 uşağın öldürüldüyü, 156 nəfərin yaralandığı qeyd olunur. 1915-ci ildə kənddə 1 584 nəfərin yaşadığı göstərildiyi halda, 1922-ci ildə keçirilmiş siyahıyaalmada Şəkidə cəmi 294 nəfər qeydə alınıb. Onların 282-si azərbaycanlı olub. Layihə bu kəskin demoqrafik azalmanı 1918-ci il hadisələrinin nəticələri ilə əlaqələndirir.
Zəngəzurun inzibati taleyi
Materialda 29 noyabr 1920-ci ildə Sovet Ermənistanının elan olunması və bundan bir gün sonra Sovet Azərbaycanı rəhbərliyinin Zəngəzurla bağlı qərarları barədə də məlumat verilir. İstinad olunan sənədlərə əsasən, Zəngəzur qəzasının qərb hissəsi Ermənistan SSR-in, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb. 1930-cu ildən Şəki kəndi Sisian rayonunun tərkibinə daxil olub.
Azərbaycanlılar sovet dövründə də Şəkidə yaşayıblar
Statistik mənbələrinə əsasən, azərbaycanlılar kənddə XX əsrin sonlarınadək yaşamaqda davam ediblər. 1926-cı ildə Şəkidə 792 nəfər yaşayırdı və onların 385-i azərbaycanlı idi. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə Şəkinin ümumi əhalisi 1970-ci ildə 1 704, 1979-cu ildə 1 698, 1989-cu ildə isə 1 449 nəfər göstərilir. Layihə müəllifləri həmin lüğətdə statistik məlumatların təqdimatında ziddiyyət olduğunu bildirirlər. Onların qeyd etdiyinə görə, lüğət Z.Korkotyan, A.Manvelyan və Q.Martirosyanın əsərlərinə istinad etsə də, ilkin əsərlərdə azərbaycanlı kimi göstərilən sakinlərin hamısı və ya bir hissəsi lüğətdə erməni sakinlər kimi təqdim olunur. Bununla yanaşı, həmin erməni toponimik mənbəsində 1988-1989-cu illərdə azərbaycanlıların Şəkini tərk etdiyi ayrıca qeyd olunur. Layihə bunu 1980-ci illərin sonlarında Qarabağ məsələsi ətrafında gərginləşən Ermənistan-Azərbaycan münasibətləri və Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi köçü kontekstində təqdim edir.
Şəkidə məscid olub
1902-ci ildə nəşr edilmiş "Yelizavetpol quberniyası haqqında məlumatlar toplusu"nda Şəki kəndində məscidin fəaliyyət göstərdiyi qeyd olunur. Həmin məscid bu günədək qorunub saxlanılmayıb. "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində 2021-2024-cü illərdə Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq ərazilərdə azərbaycanlılara aid tarixi və mədəni irs obyektlərinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi məqsədilə çöl tədqiqatları aparılıb.
Layihənin məlumatına görə, Şəki kəndində aparılmış tədqiqat zamanı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Qəbiristanlıqda bir neçə onlarla dağıdılmış və zədələnmiş qəbirüstü abidənin qaldığı bildirilir.
Məşədixanım Nemətin "Azərbaycanın epiqrafik abidələri korpusu" əsərində isə Şəki kəndindəki qəbir daşlarından birində XIV əsr üçün xarakterik hesab edilən ərəb yazısının qeydə alındığı bildirilir. Layihənin Şəkiyə həsr edilmiş səhifəsində 36 yazılı mənbə təqdim olunur. Mənbələr arasında Rusiya imperiyasının statistik topluları və qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Arxivinin materialları, Ermənistan SSR dövrünün statistik və inzibati nəşrləri, erməni müəlliflərin əsərləri, Osmanlı reyestrləri, "Gürcüstan" qəzeti, "The Scotsman", Richard Hovannisianın tədqiqatı və digər materiallar yer alır. Səhifədə Şəki kəndi və burada qeydə alınmış tarixi irs nümunələri ilə bağlı 53 foto yerləşdirilib.
"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsi Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır?
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub













