İlkin Qasımov: "Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni kadr gündəliyi formalaşdırır"
Prezident İlham Əliyevin sədrliyi ilə "2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdim edilib.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramı mineral xammalın yalnız hasilatını deyil, onun ölkə daxilində daha dərindən emalını və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını nəzərdə tutur.
İİTKM rəsmisi qeyd edib ki, müşavirədə təqdim olunan hədəflər təhsil sistemi üçün də yeni çağırışlar formalaşdırır: "Proqramın həyata keçirilməsinin ixtisaslı kadrlara tələbatı artıracağınının vurğulanması, eyni zamanda elmi potensialın artırılması, tədqiqat və inkişafın dəstəklənməsi, təhsil-sənaye əməkdaşlığının gücləndirilməsinin ayrıca istiqamətlər olaraq müəyyənləşdirilməsi bu faktı təsdiqləyir".
İ.Qasımov hesab edir ki, bu proses təhsil sisteminə olan tələbin yalnız kəmiyyət deyil, həm də keyfiyyət və struktur baxımından dəyişəcəyini göstərir. Onun sözlərinə görə dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi təkcə mədən mühəndislərinə tələbatın artması kimi başa düşülməməlidir: "Geologiya, metallurgiya və materialşünaslıqla yanaşı, proseslərin avtomatlaşdırılması, mexanika, elektroenergetika, kimya mühəndisliyi, sənaye təhlükəsizliyi, ekoloji idarəetmə, laboratoriya texnologiyaları və logistika kimi sahələrdə də yeni kadr ehtiyacının yaranması proqnozlaşdırıla bilər. Əsas məsələlərdən biri sənayenin inkişaf tempi ilə kadr hazırlığı arasında uyğunluğun təmin edilməsidir. İri sənaye layihələrinin investisiya mərhələsindən istehsala keçməsi müəyyən vaxt tələb etdiyi kimi, ali və peşə təhsilində yeni mütəxəssisin hazırlanması da uzunmüddətli prosesdir. Bu səbəbdən perspektiv kadr tələbinin istehsal gücləri fəaliyyətə başladıqdan sonra deyil, əvvəlcədən müəyyənləşdirilməsi əhəmiyyətlidir. Başqa sözlə, sənaye investisiyası ilə insan kapitalına investisiyanın paralel olaraq həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".
İ.Qasımovun fikrincə Azərbaycanın peşə təhsili sistemində son illərdə müşahidə olunan genişlənmə bu istiqamətdə mühüm baza yaradır: "Xüsusilə ikili təhsil modelinin genişləndirilməsi dağ-mədən və metallurgiya sənayesi üçün əhəmiyyətli ola bilər. Bu sahələrdə yalnız nəzəri hazırlıq kifayət etmir; tələbələrin təhsil müddətində real istehsal proseslərinə qoşulması, müasir avadanlıq və texnologiyalarla işləməsi onların əmək bazarına keçidini asanlaşdıra bilər. Yeni və modernləşdirilən peşə təhsili müəssisələrinin ixtisas profilinin regionlarda formalaşacaq sənaye tələbi ilə əlaqələndirilməsi də mühüm imkan yaradır".
"Bununla yanaşı, məsələyə yalnız peşə təhsili səviyyəsində yanaşmaq kifayət etmir. Filiz hasilatından daha dərin emala və son məhsul istehsalına keçid yüksək ixtisaslı mühəndislərin və tədqiqatçıların rolunu artırır. Buna görə ali təhsil proqramlarının yeni sənaye texnologiyalarının tələblərinə uyğunlaşdırılması, universitetlərin istehsal müəssisələri ilə birgə laboratoriyalar və tətbiqi tədqiqat layihələri həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır", - deyə o, əlavə edib.
İ.Qasımovun sözlərinə görə, universitet–sənaye əməkdaşlığı istehsalat təcrübəsi ilə məhdudlaşmamalı, müəssisələrin təhsil proqramlarının hazırlanmasında və tədrisdə iştirakını, tələbələrin real istehsal problemləri üzərində işləməsini və müvafiq sahələrdə tətbiqi tədqiqatların genişləndirilməsini əhatə etməlidir: "Bu əməkdaşlıq həm təhsilin keyfiyyətinə, həm də müəssisələrin texnoloji imkanlarına müsbət təsir göstərə bilər. Digər mühüm istiqamət regional kadr hazırlığıdır. Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və digər ərazilərdə nəzərdə tutulan layihələr regionlardakı peşə və ali təhsil müəssisələrinin ixtisas profillərinin yerli iqtisadiyyatın perspektiv tələblərinə uyğunlaşdırılmasını aktuallaşdırır. Bu yanaşma yerli məşğulluğun və müəssisələrin kadr təminatının yaxşılaşmasına xidmət edə bilər".
"Yeni sənaye mərhələsi mövcud işçi qüvvəsinin yenidən hazırlanmasını da zəruri edir. Avtomatlaşdırma, rəqəmsallaşma və müasir ekoloji standartlar fonunda qısamüddətli modul proqramların, mikrokvalifikasiyaların və müəssisədaxili ixtisasartırma mexanizmlərinin genişləndirilməsi əmək resurslarının yeni texnologiyalara uyğunlaşmasını sürətləndirə bilər. Beləliklə, 2027–2030-cu illər üçün nəzərdə tutulan dağ-mədən və metallurgiya layihələri Azərbaycanın mövcud kadr potensialından daha səmərəli istifadəyə imkan yaratmaqla yanaşı, həmin potensialın keyfiyyətcə yeni mərhələyə keçirilməsini də tələb edir. Əmək bazarının perspektiv tələbinin proqnozlaşdırılması, peşə və ali təhsil proqramlarının bu tələbə uyğunlaşdırılması, ikili təhsilin genişləndirilməsi, universitet–sənaye əməkdaşlığının dərinləşdirilməsi və regional kadr hazırlığının iqtisadi layihələrlə əlaqələndirilməsi sənaye investisiyaları ilə insan kapitalı arasında daha güclü əlaqə formalaşdıra bilər", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ













