AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində baş tutan Dialoq süni intellekt və rəqəmsal infrastruktur, enerji infrastrukturu, həmçinin strateji nəqliyyat və logistika dəhlizləri üzrə investisiya imkanlarının müzakirəsinə həsr olunub.
Dialoqda Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznes qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Dialoqun "Süni intellekt və rəqəmsal infrastruktur" mövzusunda ilk panel sessiyasına "BlackRock"un baş direktoru, maliyyə və strateji investorlar qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Sessiyada Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Temasek Global Investments" şirkətinin prezidenti və Avropa, Yaxın Şərq və Afrika regionu (EMEA) üzrə rəhbəri Nagi Hamiyeh, eləcə də "Coravel, ACS" şirkətinin baş icraçı direktoru Hovard Bovil çıxış ediblər.
Müzakirələr zamanı süni intellekt texnologiyalarının tətbiqi, məlumatların emalı və saxlanması imkanlarının genişləndirilməsi, rəqəmsal bağlantının gücləndirilməsi və rəqəmsallaşma prosesləri, eləcə də bu sahələr üzrə investisiya imkanları nəzərdən keçirilib. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafında dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
"Enerji infrastrukturu" mövzusunda ikinci panel sessiyasına "Global Infrastructure Partners"in ("GIP") tərəfdaşı və kapitalın cəlb edilməsi qrupunun qlobal rəhbəri Erik Varvel moderatorluq edib. Paneldə energetika naziri Pərviz Şahbazov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, "Vision Invest" şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, həmçinin "Skyborn Renewables" şirkətinin baş icraçı direktoru Patrik Lammers çıxış ediblər.
Panel çərçivəsində enerji infrastrukturunun inkişafı, bu sahədə dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpa olunan enerjinin artan rolu müzakirə olunub. Eyni zamanda, enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanları, eləcə də dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət və özəl sektorun birgə iştirakının genişləndirilməsi perspektivləri müzakirə olunub.
Dialoq "Strateji nəqliyyat və logistika dəhlizləri" mövzusunda panel sessiyası ilə yekunlaşıb. "GIP" şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən sessiyada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, "NEQSOL Holding"in baş icraçı direktoru Kirill Rubinski, "Eldridge Industries" şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli və Qatvik hava limanının maliyyə direktoru Cim Batler çıxış ediblər.
Sonuncu paneldə nəqliyyat və logistika infrastrukturuna investisiyaların genişləndirilməsi, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycanın regional bazarları birləşdirən nəqliyyat marşrutlarında rolu və ölkənin bu istiqamətdə təqdim etdiyi imkanlar da müzakirələrin əsas mövzuları sırasında olub.
Dialoq çərçivəsində keçirilən üç panel sessiyası müasir iqtisadiyyatın əsasını təşkil edən infrastrukturun inkişafında uzunmüddətli institusional kapitalın və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini ön plana çıxarıb.
Azərbaycanın dövlət rəsmiləri ilə beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznesin rəhbər nümayəndələrini bir araya gətirən tədbir investisiya prioritetləri, bazardakı yeni tendensiyalar və infrastrukturun inkişaf perspektivləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.
Aparılan müzakirələr Azərbaycanın infrastruktur sahəsində prioritetlərini qlobal investisiya prosesləri ilə əlaqəli şəkildə nəzərdən keçirməyə, eyni zamanda ölkənin regional bağlantıların və nəqliyyat əlaqələrinin gücləndirilməsində rolunu diqqətə çatdırmağa imkan verib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













