Elvin Şahverdiyev: "Azərbaycanda ictimai əhəmiyyətli informasiya infrastrukturu ilə bağlı tələblər hazırlanıb"
Far.Az xəbər saytı

Elvin Şahverdiyev: "Azərbaycanda ictimai əhəmiyyətli informasiya infrastrukturu ilə bağlı tələblər hazırlanıb"


Azərbaycanda ictimai əhəmiyyətli informasiya infrastrukturuna daxil olan obyektlər üçün tələblər hazırlanıb və sənəd normativ akt kimi baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin müavini Elvin Şahverdiyev "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində panel müzakirədə bildirib.

Onun sözlərinə görə, hazırlanmış tələblər ictimai əhəmiyyətli informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin formalaşdırılmasına xidmət edəcək.

"Həmçinin özəl sektorun infrastrukturları da bura daxil ola bilər və qanunvericilikdə artıq bunlara dair minimal tələblər və nəzarət mexanizmləri mövcuddur. Buradan irəli gələrək, əgər özəl sektor ictimai əhəmiyyətli informasiya infrastrukturunun tərkibinə daxil olacaqsa, mütləq şəkildə həmin tələblərə riayət edilməsi tələb olunacaq", - deyə E. Şahverdiyev qeyd edib.

O bildirib ki, müvafiq nəzarət mexanizmləri formalaşdırıldıqdan sonra aidiyyəti qurumların bu sahədə gedən prosesləri daha yaxından izləməsi mümkün olacaq.

"Nəzarət mexanizmləri formalaşdığı andan etibarən biz həmin proseslərə müəyyən qədər baxış imkanı əldə edəcəyik. Bu, həm tənzimləməyə gətirib çıxaracaq, həm də müəyyən təhdid və risklərin sağlamlaşdırılması üçün əsas olacaq", - Agentlik rəsmisi vurğulayıb.

E. Şahverdiyev özəl sektorun kibertəhlükəsizliyi ilə bağlı məsələlərin tənzimlənməsinin dövlət qurumları ilə müqayisədə daha mürəkkəb olduğunu bildirib.

"Özəl sektorla bağlı kibertəhlükə məsələlərinin tənzimlənməsi elə də rahat və bəsit bir proses deyil. Hər bir özəl sektorda özünün daxili qanunvericiliyi, daxili siyasəti və biznesyönümlü müəyyən siyasətləri var. Ona dövlət tərəfindən hər hansı bir müdaxilənin edilməsi və yaxud da nəzarətə götürülməsi elə də rahat proses olmur", - deyə o bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı proseslərin qanunvericilik aktları, nəzarət mexanizmləri və regulatorlar vasitəsilə tənzimlənməsi nisbətən daha asandır.

"Dövlət qurumlarından müqayisə etdiyimiz zaman burada prosesləri müəyyən qanunvericilik aktlarında və müəyyən nəzarət mexanizmləri, regulatorlar səviyyəsində tənzimləməni həyata keçirmək mümkündür", - E. Şahverdiyev əlavə edib.

Oxşar xəbərlər

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər