Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir
Sağlam Ailə Tibb Mərkəzləri Şəbəkəsinin idarəçi direktoru Vədiyə Ələkbərzadə müsahibəsində özəl tibb müəssisələrində akkreditasiya, ölçüləbilən keyfiyyət sistemi, klinik göstəricilər və bu proseslərin gələcək inkişaf perspektivlərindən danışıb.
Müsahibəni təqdim edirik:
- Vədiyə xanım, son illər səhiyyədə xidmət keyfiyyəti və pasiyent təhlükəsizliyi məsələləri daha çox diqqət mərkəzindədir. Bu baxımdan, özəl tibb müəssisələri üçün akkreditasiya nə ifadə edir?
- Özəl tibb müəssisələri üçün akkreditasiya xidmətin keyfiyyətinin, pasiyent təhlükəsizliyinin və idarəetmə proseslərinin obyektiv meyarlarla qiymətləndirilməsini təmin edən mühüm mexanizmdir. Onun əhəmiyyətini düzgün anlamaq üçün özəl səhiyyə müəssisələrinin daşıdığı məsuliyyəti də nəzərə almaq lazımdır. Özəl tibb müəssisəsi hüquqi baxımdan sahibkarlıq subyekti olsa da, onun fəaliyyətinin predmeti insan sağlamlığıdır və bu, iqtisadi məsuliyyətlə yanaşı ciddi sosial, hüquqi və peşə məsuliyyəti də yaradır. Özəl səhiyyə sektorunu ölkənin ümumi səhiyyə sistemindən ayrı təsəvvür etmək doğru olmazdı. Dövlət və özəl tibb müəssisələrinin idarəetmə və maliyyələşmə modelləri fərqli olsa da, hər biri milli səhiyyə sisteminin müəyyən yükünü daşıyır və onun ümumi keyfiyyətinə öz payı qədər təsir göstərir. Bu baxımdan akkreditasiya sadəcə normativ tələb və ya sonunda şəhadətnamə alınan inzibati prosedur deyil. O, müəssisənin zəif nöqtələrinin müəyyənləşdirilməsi, risklərin qabaqcadan idarə edilməsi, proseslərin standartlaşdırılması və nəticələrin ölçülməsi üçün institusional mexanizmdir. Əsas məsələ müəssisənin yoxlamadan keçməsi deyil, yoxlama olmasa belə eyni standartla işləməsidir. Akkreditasiyanın real dəyəri məhz burada başlayır.
- Müasir səhiyyədə keyfiyyət anlayışını necə izah edərdiniz? Yalnız peşəkar həkimlərin mövcudluğu keyfiyyətli xidmət üçün kifayət edirmi?
- Tibbi xidmətin mənəvi təməlində vicdan dayanır. Həkimin, tibb bacısının və tibbi xidmət prosesində iştirak edən hər bir şəxsin insan sağlamlığına münasibətində peşə vicdanı əvəzolunmaz dəyərdir. Lakin tibbi xidmətin əsasında vicdan faktoru mühüm yer tutsa da, keyfiyyət yalnız vicdanlı yanaşmaya etibar edilməklə kifayətlənməməli, konkret meyarlar əsasında ölçülməlidir. Pasiyent bir həkimə müraciət edir, amma əslində bütöv sistemdən xidmət alır. Həkimin peşəkarlığı keyfiyyətli tibbi xidmətin əsas şərtlərindən biridir, lakin təkbaşına kifayət etmir. Tibb bacısının hazırlığı, laboratoriyanın etibarlılığı, sterilizasiya, infeksion nəzarət, tibbi avadanlığın təhlükəsizliyi və kalibrasiyası, dərman təhlükəsizliyi, tibbi sənədləşmə və komanda daxilində kommunikasiya eyni nəticənin müxtəlif komponentləridir. Akkreditasiyanın əsas fəlsəfəsi keyfiyyəti fərdi peşəkarlıqdan institusional qabiliyyətə çevirməkdir. Güclü səhiyyə sistemində yaxşı niyyət standartla, standart indikatorla, indikator məlumatla, məlumat isə obyektiv qiymətləndirmə və davamlı təkmilləşdirmə ilə tamamlanır.
- Lisenziyalaşdırma, tibb mütəxəssisinin sertifikasiyası və tibb müəssisəsinin akkreditasiyası arasında əsas fərq nədən ibarətdir?
- Bu mexanizmlər bir-birini tamamlasa da, fərqli məqsədlərə xidmət edir və müxtəlif səviyyələrdə uyğunluğu qiymətləndirir. Lisenziya müəyyən tibbi fəaliyyət növünün həyata keçirilməsi üçün hüquqi əsas yaradır. Sertifikasiya tibb mütəxəssisinin peşə fəaliyyətinə yararlılığının fərdi qaydada qiymətləndirilməsi mexanizmidir. Akkreditasiya isə bütöv tibb müəssisəsinin idarəetmə və klinik proseslərini, təhlükəsizlik sistemini və fəaliyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirir. Burada əsas məqam ondan ibarətdir ki, müəssisənin lisenziyaya malik olması və mütəxəssislərin sertifikasiyadan keçməsi bütövlükdə tibbi xidmət proseslərinin keyfiyyətinə avtomatik təminat vermir. Tibbi fəaliyyət zamanı insan resursları, texnologiyalar, klinik yanaşmalar və risklər dəyişir. Bu baxımdan akkreditasiya həmin dəyişikliklərin müəssisənin fəaliyyətinə təsirinin sistemli qiymətləndirilməsinə, təşkilati proseslərin uzlaşdırılmasına və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi tibbi fəaliyyətin hüquqi, peşəkar və institusional səviyyələrdə ardıcıl qiymətləndirilməsinə imkan yaradır.
- Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası istiqamətində formalaşan hüquqi və institusional çərçivəni necə qiymətləndirirsiniz?
- Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası üçün hüquqi və institusional əsaslar formalaşdırılıb. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 7-1-ci maddəsində akkreditasiyanın tibbi xidmətin keyfiyyətinin və müəssisələrin fəaliyyətinin normativ hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi, eləcə də əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən müəssisəni seçmək hüququnun təmin olunması məqsədilə aparıldığı göstərilir. Akkreditasiya hər beş ildən bir həyata keçirilir. 2024-cü il mayın 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulmasına və inkişafına dəstək göstərilməsi də daxildir. Nazirlər Kabinetinin 9 iyul 2026-cı il tarixli 209 nömrəli Qərarı ilə "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib. Həmin yeni redaksiyanın 2028-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Bu addımlar akkreditasiya sahəsində sistemli yanaşmanın inkişafı baxımından əhəmiyyətlidir. Eyni zamanda səhiyyə sektorunun inkişaf dinamikası hüquqi tənzimləmənin də davamlı təkmilləşdirilməsini zəruri edir. Xüsusilə akkreditasiya meyarlarının praktik tətbiqi, keyfiyyət indikatorlarının müəyyənləşdirilməsi və qiymətləndirmənin obyektivliyi baxımından normativ-hüquqi bazanın inkişaf etdirilməsi vacibdir. Bu prosesdə özəl tibb müəssisələrinin praktik təcrübəsinin və əsaslandırılmış təkliflərinin nəzərə alınmasını da faydalı hesab edirəm.
- Gələcəyin səhiyyəsində klinik göstəricilər və hüquqi tənzimləmə keyfiyyətin qiymətləndirilməsində hansı rolu oynayacaq?
- Səhiyyədə keyfiyyətin qiymətləndirilməsinin gələcək inkişafı etibarlı klinik məlumatların toplanması, təhlili və hüquqi baxımdan düzgün idarə olunması ilə sıx bağlıdır. Fəaliyyətin həcmini, yəni qəbul edilən pasiyentlərin, aparılan müayinələrin və əməliyyatların sayını müəyyənləşdirmək nisbətən asandır. Lakin xidmətin həcmi onun keyfiyyəti barədə tam təsəvvür yaratmır. Bunun üçün ağırlaşmaların strukturu, təkrar müraciətlər, infeksiya göstəriciləri, pasiyent təhlükəsizliyi hadisələri və klinik protokollara uyğunluq kimi indikatorların sistemli təhlili vacibdir. Burada mühüm metodoloji məqam var: tibbdə rəqəm özlüyündə nəticənin keyfiyyətini ifadə etmir, onun düzgün klinik kontekstdə qiymətləndirilməsi vacibdir. Məsələn, iki cərrahın fəaliyyətini yalnız ağırlaşma faizinə əsasən müqayisə etmək obyektiv nəticə verməyə bilər. Pasiyentin risk profili, xəstəliyin ağırlığı və müdaxilənin mürəkkəbliyi nəzərə alınmalıdır. Klinik göstəricilərin etibarlılığı isə onların formalaşdığı proseslərin hüquqi müəyyənliyindən də asılıdır. Tibbi sənədləşmə, məlumatlandırılmış razılıq, tibbi sirrin və fərdi məlumatların qorunması, səlahiyyət və məsuliyyət bölgüsü bu sistemin ayrılmaz elementləridir. Akkreditasiya həmin proseslərin standartlara uyğunluğunu qiymətləndirir, hüquqi tənzimləmə isə onların həyata keçirilməsi üçün zəruri hüquq və öhdəlikləri müəyyənləşdirir. Bu qarşılıqlı əlaqə klinik məlumatların etibarlılığının, pasiyent hüquqlarının və qiymətləndirmə prosesinin hüquqi əsaslarının təmin olunmasında mühüm rol oynayır.
- Beynəlxalq təcrübə akkreditasiya və ölçülə bilən keyfiyyət baxımından hansı istiqaməti göstərir?
- Beynəlxalq təcrübədə əsas istiqamət aydındır: prosesin mövcudluğunu təsdiqləməklə kifayətlənməyib onun nəticəsini və təşkilatın fəaliyyətini necə təkmilləşdirdiyini də ölçmək lazımdır. Joint Commission International (JCI) akkreditasiya standartlarını səhiyyə təşkilatlarının fəaliyyətinin ölçülməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsinə xidmət edən mexanizm kimi təqdim edir. Türkiyədə TÜSKA-nın modelində isə xəstəxanalar, laboratoriyalar, hemodializ, ambulator və ağız-diş sağlamlığı xidmətləri üzrə ayrıca akkreditasiya standartları mövcuddur. Bu yanaşma göstərir ki, müxtəlif tibbi fəaliyyət növlərinin risk profili və keyfiyyət göstəriciləri fərqlidir. Akkreditasiya həmin xüsusiyyətləri nəzərə almalıdır.Azərbaycan üçün əsas məsələ hər hansı xarici modeli olduğu kimi köçürmək olmamalıdır. Beynəlxalq təcrübədən pasiyent təhlükəsizliyi, ölçülə bilən keyfiyyət, risklərin qabaqlayıcı idarə olunması və davamlı təkmilləşdirmə prinsiplərini götürərək onları milli hüquqi və institusional reallığımıza uyğun işlək mexanizmə çevirməliyik. Güclü sistem xarici standartı təkrarlayan yox, beynəlxalq keyfiyyət prinsipini öz daxilində real şəkildə işlədən sistemdir.
- Akkreditasiya və ölçülə bilən keyfiyyət sisteminin inkişafı Azərbaycanın tibbi turizm perspektivlərinə necə təsir edə bilər?
- Tibbi turizm haqqında danışanda ilk növbədə etimaddan danışmalıyıq. Xarici pasiyent tanımadığı ölkədə tibb müəssisəsinə öz sağlamlığını etibar edir. Bu qərar yalnız reklam və ya ayrı-ayrı həkimlərin nüfuzu üzərində qurula bilməz. Xüsusən prosesdə beynəlxalq sığorta şirkəti, korporativ tərəfdaş və ya assistans şirkəti iştirak edirsə, obyektiv göstəricilər əhəmiyyət qazanır. Müəssisənin hansı standartlarla işləməsi, klinik nəticələri necə izləməsi, pasiyent təhlükəsizliyini və məlumatların qorunmasını necə təmin etməsi mühüm etimad meyarlarına çevrilir. Bu səbəbdən akkreditasiya özəl tibb müəssisələrinin beynəlxalq tərəfdaşlarla eyni keyfiyyət dilində danışmasına imkan verən mexanizmlərdən biri ola bilər. Azərbaycanın coğrafi mövqeyi, tibbi kadr potensialı, özəl səhiyyə sektorunda formalaşmış təcrübə və regional əlaqələri bu istiqamətdə imkanlar yaradır. Lakin tibbi turizmin davamlı inkişafı üçün keyfiyyəti yalnız bəyan etmək kifayət etməyəcək. Onu ölçmək, izləmək və sübut etmək lazım olacaq. Yaxın gələcəkdə həm pasiyentin, həm sığorta şirkətinin, həm də korporativ tərəfdaşın tibb müəssisəsinə verəcəyi əsas suallardan biri belə olacaq:
"Siz keyfiyyətli olduğunuzu deyirsiniz. Bunu hansı göstəricilərlə sübut edirsiniz?" Akkreditasiyanın strateji dəyəri də məhz bu suala verilən obyektiv cavabda ortaya çıxır.
Oxşar xəbərlər
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













