COP-un humanitar məqsədi: qlobal gərginliklərin missiyaya təsiri
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçüncü gündür davam edir. Toplantı iştirakçıları qlobal iqlimin dəyişikliklərindən yaranan problemlərdən yayınmaq üçün məsələləri müzakirə edir, çıxış yolları təklif olunur.
COP31-in bu gün keçirilən Liderlər Sammitinə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir ilə 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva da sammitdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxışı zamanı COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib: "COP31 çərçivəsində qəbul ediləcək qərarların bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayıram. Bu xüsusda BMT Baş katibinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Həmçinin əvvəlki COP sədrlikləri zamanı əldə etdikləri təcrübəni bizimlə bölüşən Braziliyaya və can Azərbaycana da təşəkkür edirəm".
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-22-də Bakıda keçirilib. Həmin sammitdə 198 ölkədən 70 mindən çox nümayəndə və iştirakçı qeydiyyatdan keçmişdi. Rəsmi Bakının səyləri nəticəsində həmin toplantıda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyəti üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsait ayırmasını nəzərdə tutan yeni maliyyə hədəfi qəbul edilmişdi.
Bu toplantında Paris Sazişinin 6-cı maddəsi "beynəlxalq karbon bazarlarının işləmə mexanizmləri" 10 illik müzakirələrdən sonra tamamilə razılaşdırılaraq əməli vəziyyətə gətirilib. COP29-da 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq hədəflənib.
BMT-nin Baş katibi Antonio Quterreş COP31-də çıxışında da Bakı konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb: "İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər ildə ən azı 300 milyard dollar məbləğində maliyyələşdirmənin təmin edilməsində aparıcı rol oynamalı, həmin müddətə qədər adaptasiyanın maliyyələşdirilməsini ən azı üç dəfə artırmaq üçün aydın aralıq hədəfləri olan konkret planlar təqdim etməlidirlər".
Onun sözlərinə görə, maliyyələşmə yetərli həcmdə olmalı və operativ şəkildə təmin edilməlidir. Eyni zamanda, 1,3 trilyon dollar məbləğində vəsaitin səfərbər edilməsi hədəfi inkişaf etməkdə olan ölkələrə daxil olan real maliyyə axınlarına çevrilməlidir. Çoxtərəfli inkişaf bankları 2030-cu ilə qədər ildə 120 milyard dolların ayrılması ilə bağlı Bakıda götürdükləri öhdəlik çərçivəsindən kənara çıxmalıdırlar. Baş katibi Yaşıl İqlim Fondunun, İtki və Zərərlərə Cavab Fondunun vəsaitlərinin əhəmiyyətli dərəcədə artırılmasının zəruriliyini də vurğulayıb.
Bunlarla yanaşı, COP31 iştirakçıları həmçinin dünya enerji istehlakında elektrik enerjisinin payının artırılması, neft, qaz və kömürdən asılılığın azaldılması barədə razılığın əldə edilməsinə nail olmaq niyyətindədirlər.
Ümumiyyətlə, COP31-in gündəliyində dünya dövlətlərinin liderləri və baş nazirləri tərəfindən milli iqli prioritetlərinin təqdimatı, öhdəliklərin yerinə yetirilməsi üçün siyasi iradənin gücləndirilməsi, 2030-cu ildən sonrakı iqlim hədəfləri, o cümlədən dünya iqtisadiyyatında elektrik enerjisinin payının artırılması, binaların enerji səmərəliliyinin yüksəldilməsi, metan emissiyalarının (daş kömür hasilatı zamanı ətraf mühitə sızan qazın) azaldılması, resurslardan daha səmərəli istifadə, gündəlik energetika, ağır sənaye, şəhər inkişafı (şəhərlər emissiyaların 70%-dən çoxunu yaradır), kənd təsərrüfatı və tullantıların səmərəli idarə olunması müzakirə olunacaq.
Tədbirin mahiyyətində humanitar məqsədlər dursa da, müzakirə ediləcək məsələlərdə fikir ayrılıqlarının olacağı da istisna edilmir. Bu, ilk növbədə təbii qaz, neft, daş kömür kimi karbohidrogen daşıyıcları ilə bağlı yanacaq növlərindən istifadənin azaldılması ilə bağlıdır. Qlobal miqyasda aparıcı güclər sadaladığımız yanacaq növlərinə alternativ aşkarlamayıb. Düzdür, elektrik enerjisindən istifadə ilə bağlı "yaşıl enerji" layihələri son illər çoxalıb. Bununla belə, həmin planlar tələbatın ödənilməsinə yetərli sayılmır.
Odur ki, Türkiyənin sammitin gündəliyinə təqdim etdiyi 10 prioritet mövzu arasında aşağıdakı məsələlər öz əksinin tapıb: təmiz enerji keçidi və elektrikləşdirmə, sıfır tullantı və metan azaldılması, iqlimə davamlı şəhərlər hazırlanması, yaşıl sənayeləşmə, gənclər və təhsil, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlər ekosisteminin qorunması və s.
Bundan başqa, COP31 qlobal miqyasda mövcud ziddiyyətlər fonunda keçirilir. Yaxın Şərqdə gərginlik, Rusiyanın Ukraynada apardığı müharibə, Hörmüz boğazının blokadası, Avropanın enerji təhlükəsizliyi, Çinlə Hindistanın neft və qaz idxalatının artırması kimi hadisələr beynəlxalq bazarda qiymətlərin də qalxmasına təsirsiz ötüşməyib. Yaxın Şərq dünya üzrə neft hasilatının təxminən 29–30%-ni təmin edir. Qlobal neft ixracında isə onun payı 40%-dən artıqdır. Dünya üzrə təbii qaz hasilatının təxminən 17–18%-i Yaxın Şərq ölkələrinin payına düşür. Neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20%-i Yaxın Şərqdə yerləşən Hörmüz boğazı vasitəsilə daşınır.
ABŞ-nin İranda keçirdiyi hərbi əməliyyatlar, onun regiondakı müttəfiqlərinə qarşı Tehranın cavab tədbirləri Yaxın Şərqdən neft, neft məhsulları və təbii qazın ixracında problemlər yaradıb. Ona görə də hasilatçı ölkələr alternativ nəqliyyat marşrutları arayır, istifadə edirlər.
Bundan başqa, İslam Respublikasının enerji sektoruna da ABŞ və müttəfiqlərinin tətbiq etdikləri sanksiya beynəlxalq bazarda yanacaq sektorunda müəyyən çətinliklər yaradıb.
Ukraynada apardığı müharibə səbəbindən Rusiyanın neft və neft məhsulları, təbii qaz sektorlarına da məhdudiyyətlər tətbiq edilib.
Rusiya, Çin, Hindistan kimi ölkələr daş kömür hasilatçılarıdır. Dünyada daş kömür istifadəsi təxminən 8,84 milyard tona çataraq tarixi rekorda yüksəlib. Xüsusilə Asiya ölkələrində daş kömürə olan ehtiyac hələ də yüksək səviyyədədir. Bu yanacaq vasitəsi dünyada elektrik istehsalının təxminən 35%-ni əvəzləyir. Kömür istehlakının təxminən üçdə ikisi istilik elektrik stansiyalarında istifadə olunur. Metallurgiya, sement, kimya sahələrində də daş kömür ucuz yanacaq vasitəsi olaraq qalır.
2015-ci ildə qəbul olunmuş Paris Sazişində daş kömürdən istifadənin mərhələli şəkildə azaldılması əsas şərt kimi qəbul olunub. Sazişə əsasən, Avropa ölkələri 2030-cu ilədək, dünyanın qalan hissəsi isə 2040-cı ilədək daş kömürdən istifadə edən elektrik stansiyalarını tamamilə bağlamalıdır.
Qlobal miqyasda karbohidrogen daşıyıcılarından yancaq kimi istifadə edilməsi ətraf mühitin çirklənməsinə, atmosferdə karbon qazının həcminin artmasına səbəb olur. Bu isə buzlaqların əriməsinə, nəticədə Yer kürəsində su sahəsinin artmasına səbəb ola bilər. Odur ki, planeti gözləyən bu fəlakətdən yayınmaq üçün bəhs etdiyimiz yanacaqlardan istifadəni azaltmağa ehtiyac yaranır.
Qlobal miqyasda gərginliklər, münaqişələr nəticəsində yaranan qaçqınlıq, dinc insanların ölməsi, ərazilərin xəritəsiz minalanması, onların təmizlənməsinə maneələr və başqa bu kimi amillər dünya ictimaiyyətinin hələ də üzləşdiyi faciələrdir.
Məhz belə bir şəraitdə qlobal miqyasda bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi, yaranmış vəziyyətdən çıxış yollarının aranması baxımından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çox münasib platformadır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













