Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ
Xəzər dənizində suyun səviyyəsinin azalması Bakı sahillərinin gələcək görünüşü ilə bağlı bir sıra suallar yaradır. Dənizin geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan ərazilər üzə çıxır, sahil xətti dəyişir və yeni torpaq sahələri formalaşır.
Far.Az-in məlumatına görə, bu proses isə təkcə ekoloji deyil, həm də şəhərsalma, mülkiyyət və iqtisadi baxımdan müzakirə mövzusuna çevrilir.
Dənizin altından üzə çıxan torpaqların hüquqi statusunun necə müəyyənləşdiriləcəyi, onların kimə məxsus olacağı və gələcəkdə hansı məqsədlərlə istifadə ediləcəyi hələ də açıq suallar olaraq qalır.
Mövzu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurumdan Far.Az-in sorğusuan cavab olaraq bildirildi ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində yeni quru ərazilər formalaşıb və bu ərazilərin hüquqi statusu su fondu torpaqları olsa da, hüquqi rejimi tam müəyyən edilməyib:
"Bu, hüquqi, ekoloji və idarəetmə baxımından xüsusi diqqət tələb edən məsələdir. Fərman bu ərazilərlə bağlı hüquqi müəyyənliyin yaradılması, gələcək istifadə prinsiplərinin əvvəlcədən aydınlaşdırılması və plansız istifadənin qarşısının alınması üçün əsas yaradır. Burada həm dövlət maraqları, həm ekoloji həssaslıq, həm də gələcək risklər nəzərə alınmalıdır. Unutmaq olmaz ki, tarix boyunca Xəzərin səviyyəsi mütəmadi olaraq həm enib, həm də qalxıb.
Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində fəaliyyət göstərən dövlət orqanlarının işinin əlaqələndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təmin ediləcək.
Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatı əsasında) qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
Ölkə başçısının fərmanı ilə torpaq sahələrinin istifadə və ya icarəyə verilməsində elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkil edilməsi tapşırığı verilib. Bunun üçün "Rəqəmsal sahil idarəetməsi" informasiya sisteminin formalaşdırılması nəzərdə tutulur. Sahilboyu ərazidə yerləşən torpaq sahələri, tikililər, infrastruktur və digər obyektlər üzrə məlumatlar GİS əsaslı aktual xəritələr və vahid məlumat bazası üzərində toplanacaq".
Həmçinin qeyd edilib ki, bu rəqəmsal informasiya sistemi sahilboyu ərazilərdə torpaqların dövlət idarəetməsi, istifadəyə və icarəyə verilməsi, infrastrukturun planlaşdırılması, ətraf mühitin mühafizəsi, turizm və rekreasiya imkanlarının inkişafı ilə bağlı məlumatların vahid platformada idarə olunmasını, həmçinin əhalinin, o cümlədən sahibkarların xidmətlərə əlçatanlığının artırılması məqsədilə torpaq sahəsindən istifadə və icarə ilə bağlı zəruri sənədləşmələrin elektron mühitdə təşkilini təmin edəcəkdir:
"Eyni zamanda, sistem qanun pozuntuları və sui-istifadə hallarına qarşı nəzarətin gücləndirilməsi, mütəmadi monitorinqlərin aparılması, aidiyyəti dövlət orqanları arasında məlumat mübadiləsinin təmin edilməsi və "bir pəncərə" prinsipi əsasında müraciətlərin daha səmərəli təşkili üçün əsas alət kimi istifadə ediləcək.
Məqsəd biznes üçün məhdudiyyət yaratmaq deyil, əksinə, hüquqi və prosedur aydınlığını artırmaqdır. Sahibkarlar üçün ən vacib məsələlərdən biri dəqiq qaydaların, şəffaf prosedurların və proqnozlaşdırılan mühitin olmasıdır.
Zonalaşdırma, rəqəmsal xəritələşdirmə, vahid məlumat bazası və "bir pəncərə" yanaşması sahibkarların dövlət qurumları ilə işini sadələşdirə, prosedurları azalda və investisiya qərarlarının daha əsaslandırılmış şəkildə qəbuluna kömək edəcək, Fərman çərçivəsində nəzərdə tutulmuş qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri isə sahibkarların hüquqlarının qorunması əsaslarını gücləndirmiş olacaqdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













