Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekun Protokolu imzalanıb, növbəti iclas Bakıda keçiriləcək
İslamabad şəhərində yanvarın 24-də Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iclasda Azərbaycanın müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.
O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.
V.Mustafayev ölkələri yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib. Komissiyanın həmsədri Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələr və xalqlar arasındakı tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayaraq bu mötəbər və qlobal tədbirdə qardaş Pakistanın fəal iştirakına görə minnətdarlığını bildirib. V.Mustafayev Birgə Komissiyanın VIII iclasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı yeni mərhələyə daşıyan mühüm məsələlərin səmərəli müzakirə edildiyini, qarşılıqlı mənfəət üçün əlverişli mühitin yaradıldığını qeyd edib.
İclasda müdafiə sənayesi, informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə və nəqliyyat, sosial innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi ilə yanaşı, təhsil, elm, səhiyyə, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət və digər sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Tədbirdə Birgə Komissiyanın növbəti IX iclasının Bakıda keçirilməsi qərara alınıb.
Sonda Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair Protokol imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib













