“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən, “PAŞA Holdinq” və “Trendyol” şirkətlərinin dəstəyi ilə media üçün effektiv kommunikasiya strategiyalarına həsr olunmuş seminar təşkil olunub.
APA xəbər verir ki, seminar yerli medianı COP29 prosesləri ilə daha yaxından tanış etmək və bu mühüm iqlim fəaliyyətinin işıqlandırılması xüsusunda mətbuat nümayəndələrinin peşəkar potensialının artırılmasına yönəlib.
Tədbir qarşıdan gələn COP29 tədbirinə hazırlıq çərçivəsində medianın cəlb edilməsinin vacibliyini vurğulayan əsas maraqlı tərəflərin salamlama çıxışları ilə başlayıb. İştirakçılara təqdim edilən “COP nədir?” adlı qısa videonun ardınca UNFCCC Katibliyinin Kommunikasiyalar üzrə rəhbəri Aleksandr Sayer UNFCCC prosesi və COP29 üzrə gözləntiləri təsvir edən təqdimatla çıxış edib.
Panel müzakirəsi zamanı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan prioritetləri, bu istiqamətdə qoyulan hədəflərin reallığa çevrilməsi üçün atılmalı olan addımlar ətrafında əhatəli müzakirələr aparıblar. İqlim müzakirələri çərçivəsində səmərəli nəticələrin əldə edilməsinə ev sahibi ölkənin töhfələri, eləcə də COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycan üçün yaratdığı imkanlar da panel sessiyasının müzakirə mövzularından olub.
Moderatorun suallarını cavablandıraraq Y. Rəfiyev dövlətlərin COP29 danışıqlar prosesinə yanaşmasının kifayət qədər konstruktiv olduğunu və uğurlu nəticələrə olan inamı artırdığını qeyd edib. O həmçinin bildirib ki, iqlim maliyyəsi mövzusunun gündəmdə olması danışıqlar prosesini müəyyən mənada mürəkkəbləşdirsə də, COP29 danışıqçılar qrupu həm rəsmi, həm də qeyri-rəsmi platformalar vasitəsilə dövlətləri ortaq mövqelərə gətirməyə uğurla davam edir.
N. Carçalova Azərbaycanda COP29 konfransının təşkili üçün digər ölkələrlə müqayisədə daha qısa zaman ayrıldığına baxmayaraq, konfransın qüsursuz və müvəffəqiyətlə keçirilməsi üçün işlərin planlı şəkildə icrasının davam etdiyini bildirib. O, hazırlıq prosesinin gedişatı, eləcə də COP29 konfransının Yaşıl və Mavi Zonalarının fəaliyyəti haqqında jurnalistlərə geniş məlumat verib.
Medianın iqlim böhranının həllində mühüm rol oynadığını qeyd edən V. Andreeva media hekayələrinin məlumatlandırmaq, həvəsləndirmək və təcili tədbirlər görməyə təkan vermək gücünə malik olduğunu xüsusi vurğulayıb. O əlavə edib ki, jurnalistlər COP prosesində iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalanların səslərinə səs verə, onların təcrübələrinin və həll yollarının eşidilməsi və həyata keçirilməsini təmin etməkdə səfərbər olmalıdırlar.
Medianın COP29-da səmərəli iştirakçılığı mövzusunda çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP prosesinin mahiyyətinin ətraf mühit və iqlim məsələlərini əhatə etməklə məhdudlaşmayaraq, ümumilikdə gələcəyin iqtisadi modelinin müəyyən etdiyini qeyd edib, bu baxımdan müfəssəl ictimai rəyin formalaşdırılmasında medianın üzərinə düşən məsuliyyət və onun əvəzsiz rolunu, COP29-un gündəmə gətirdiyi mövzuların dəqiq və ətraflı işıqlandırılmasının vacibliyinə diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva “Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu” mövzusunda çıxış edərək, baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumat verib. C.Əliyeva böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü və mətbuat katibi Ayan Nəcəf COP29 zamanı Yaşıl və Mavi zonalarda fəaliyyət göstərəcək media xidmətləri və infrastrukturu haqqında ətraflı məlumat təqdim edərək, medianın konfransda iştirakı üçün yaradılan infrastruktur və imkanlar, eləcə də zəruri olan prosedur və icazələrdən bəhs edib.
Qeyd edək ki, bu seminar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən COP29-a hazırlıq çərçivəsində təşkil edilən “29 iqlim müzakirəsi: COP29-a gedən yol” təşəbbüsünün 19-cu tədbiri olan bu seminar “PAŞA Holdinq” ilə tərəfdaşlıq çərçivəsində keçirilən üçüncü tədbirdir.
***
11.13
Bakıda media nümayəndələrinin maarifləndirilməsi məqsədilə “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib.
APA-nın məlumatına görə, tədbirin yerli media nümayəndələrinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Eyni zamanda tədbirin əsas məqsədinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) ilə bağlı auditoriyanın maarifləndirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb.
Daha sonra COP29-un qlobal əhəmiyyətini təsvir edən videoçarx nümayiş etdirilib.
BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier bildirib ki, sözü gedən Konvensiyanın əsası 1992-ci ildə qoyulub. Sonradan bu konvensiyaya 197 ölkə və Avropa İttifaqı da qoşuldu. BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ofisi Almaniyanın Bonn şəhərində yerləşir.
Qeyd olunub ki, dövlətlər iqlim dəyişikliyinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planını hazırlamalı və 2025-ci ilin fevralınadək təqdim etməlidirlər: "Son illərdə iqlim dəyişikliyi daha sürətlə baş verdiyi üçün onun qarşısını almaq üçün daha çox vəsait tələb olunur. Bakıdakı konfrans zamanı bu istiqamətdə maliyyə hədəflərinin seçilməsi də diqqət mərkəzində olacaq".
Daha sonra "Qlobal və Yerli İqlim Gündəliyi" mövzusunda panel keçirilib. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu konfransın məqsədlərindən biri iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəyyənləşdirilməsidir:
"Bilirsiniz ki, COP29-un çərçivəsində iqlim dəyişikliyinin qarşısının alınması üçün məhz bu vəsait müəyyənləşdirilib. Əsas məqsəd əlbəttə ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal məqsədlərə nail olmaqdan ibarətdir. Hesab edirəm ki, bu konfransda nəzərdə tutulan məqsədlərə çatacağıq. Konnfransın keçiriləcəyi tarixə qədər iştirakçı olan dövlətlərin nümayəndələrinin müxtəlif səviyyələrdə bir araya gətirmək əsas məqsədlərdən biridir. İndiyədək heç bir dövlət tərəfindən konfransa zidd olacaq hər hansı addım müşahidə olunmayıb. Müəyyən dövlətlərdə bu gün seçkilər keçirilir və ola bilsin ki, onların bəzilərində iqlim dəyişikliyi məsələsinə siyasi yanaşma dəyişsin. Onu da qeyd edim ki, COP29-a kontent hazırlığı iki əsas istiqamətdə gedir. Bu yaxınlarda irəli sürdüyümüz 14 təşəbbüs mövcuddur. Bizim COP29 irəli sürdüyümüz 14 təşəbbüsün hər birinə böyük maraq müşahidə olunur. Bu təşəbbüslərin hər biri üzrə aparılacaq iş qlobal məqsədlərə nail olmağa mühüm töhfə verəcək".
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib ki, Azərbaycanın əsas məqsədi bu konfransda gözlənilən hədəflərə nail olunmasıdır:
"Bizim qarşımızda konkret hədəflər qoyulub və əsas məsələ bu hədəflərə çatmaq üçün gücləri səfərbər edilməsidir. Bu məqsədlə COP29 Əməliyyat Şirkətinə peşəkar kadrlar cəlb olunub. Mən ümid edirəm ki, bu konfransda qlobal səviyyədə narahatlıq yaradan iqlim dəyişikliyi problemi ilə effektiv mübarizə yolları tapılacaq. Mən sizi əmin etmək istəyirəm ki, hazırda bütün işlərin vaxtında tamamlanması üçün intensiv işlər həyata keçirilir. Biz bu konfransın təşkilinin nə qədər böyük məsuliyyət olduğunu anlayırıq. Bizim hazırlıq üçün 11 aydan da az vaxtımız var idi, halbuki digər ölkələr azı iki il öncədən hazırlıq işlərinə başlayır. Biz artıq Bakı Olimpiya Stadionunda da hazırlıq işlərinə başlanılıb. Konfransda hər kəsin iştirakını təmin edəcək və bütün prosesləri tənzimləyəcək hazırlıq işləri görülür və uğurla davam etdirilir. Bu konfransın keçiriləcəyi məkan "mavi zona" adlanır. Əsas məqsəd bu ərazini konfrans başlamadan bir neçə gün əvvəl BMT-nin istifadəsinə təhvil verməkdən ibarətdir. Bu konfransdakı zonalar "A, B, C, D, E" zonalarına bölünüb. Media əməliyyatları "D" zonasında həyata keçiriləcək. Bir də "V.I.P" ərazisi olacaq. Burada da müxtəlif ölkələrin dövlət və hökumət başçıları üçün nəzərdə tutulub. Bu konfransın Azərbaycan üçün geniş mənfəəti olacaq. İlk növbədə mən bu mənfəəti onun qazandıracağı insan kapitalında görürəm. Bunu da nəzərə almaq lazımdır ki, bu regionda ilk iqlim konfransı məhz Azərbaycanda keçiriləcək".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva bildirib ki, bütün iştirakçılar iqlim dəyişikliyinin mühüm məsələ olduğunu tərəflərə çatdırmalıdır:
"BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının Bakıda keçirilməsi çox mühüm məsələdir. Bu konfransın konkret məqsədləri var və istər təşkilatçı ölkə kimi Azərbaycan, istərsə də digər tərəflər bu məqsədlərə nail olmağın yollarını məhz bu mühüm beynəlxalq tədbir çərçivəsində müzakirə edib real nəticələrə nail olacaqlar. Biz düşünürük ki, COP29-un keçirilməsi böyük bir məsuliyyətdir. Əsas məqsədimiz də bu tədbirin uğurla keçirilməsidir. Substantiv məsələlərə gəlincə, 35 qlobal institut bir araya gəlmişdi ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə məqsədləri müəyyənləşdirərək, onların icrasına nəzarət etsinlər. Mən bu konfransın təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, BMT iqlim dəyişikliyinin qarşısını almağa yönələn bütün təşəbbüsləri dəstəkləyir. Biz həmçinin təmsil etdiyim qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq".
Media seminarında həmçinin COP29 üzrə qlobal məqsədlərə nail olunmasının vacibliyinin auditoriyaya çatdırılmasında medianın rolu xüsusilə qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan və BMT-nin müxtəlif qurumlarının birgə ərsəyə gətirdiyi 14 təşəbbüsün təşviqi COP29 başa çatdıqdan sonra da davam etdiriləcək.
Konfranda həmçinin BMT ilə media arasında əməkdaşlığın inkişafının vacibliyinə toxunulub.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
PAŞA Sığortadan KASKO sığortası üzrə “Yayın son fürsəti”!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə vətəndaşı Azərbaycanda yaratdığı yeni şirkəti 16 gündən sonra satıb
-
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
-
İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
-
Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb
-
Litva XİN: NATO Ukraynada sülhün təminatına zəmanət verməli olacaq
-
Ceyhun Bayramov AK-nın vitse-prezidenti ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib - YENİLƏNİB