Bakı Media Mərkəzinin dəstəyi ilə "VIVANT" serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb
Far.Az xəbər saytı

Bakı Media Mərkəzinin dəstəyi ilə "VIVANT" serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb


Yaponiya televiziya sənayesinin ən uğurlu layihələrindən biri olan "VIVANT" serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda uğurla tamamlanıb.

BAKU.WS xəbər verir ki, serial "Tokyo Broadcasting System Television" (TBS Television) tərəfindən istehsal olunub. Ekran əsərinin rejissoru Yaponiyanın tanınmış kino mütəxəssisi Katsuo Fukuzavadır.

Birinci mövsümü Yaponiyada 60 milyondan artıq tamaşaçı tərəfindən izlənilən və hazırda "Netflix" platformasında yayımlanaraq beynəlxalq miqyasda geniş auditoriyanın rəğbətini qazanan "VIVANT" bu dəfə öz hekayəsini Azərbaycanın unikal təbiəti və çoxşaxəli mədəni mənzərəsi fonunda davam etdirir.

Serialın ikinci mövsümünün çəkilişlərinə bu ilin avqustunda start verilib. Çəkilişlər oktyabr ayının sonuna qədər davam edib. Film Azərbaycanın ən müxtəlif bölgələrində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Quba şəhərlərində lentə alınıb.

Azərbaycanın və regionun aparıcı audiovisual şirkəti Bakı Media Mərkəzi layihə üzrə tərəfdaş kimi serialın çəkilişləri üçün vacib olan təşkilati və texniki təminatı, logistika, çəkiliş icazələri və koordinasiya işlərini həyata keçirib.

"VIVANT" serialının yeni mövsümünün 2026-cı ildə nümayişi planlaşdırılır. Serialın növbəti bölümlərinin milyonlarla izləyicini heyran qoyan hekayəni daha da cəlbedici edəcəyinə və beynəlxalq səviyyədə geniş maraq doğuracağına əminlik ifadə olunub.

Qeyd edilib ki, sözügedən bu əməkdaşlıq Yaponiya ilə Azərbaycan arasında mədəni və yaradıcılıq əlaqələrinin inkişafında mühüm mərhələ olub. Birgə tərəfdaşlığın Azərbaycanın kino sənayesinin inkişafını, müasir istehsal imkanlarını və təbii gözəlliklərini geniş dünya auditoriyasına təqdim etmək baxımından əlamətdar hadisə olduğu vurğulanıb.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər