Belçikanın XİN başçısı Tehranı etirazçıların tələblərinə qulaq asmağa çağırıb
İranın Brüsseldəki səfiri Seyid Məhəmməd Əli Robajazi Belçikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report"un "Belga" agentliyinə istinadən məlumatına görə, Belçikanın xarici işlər naziri Maksim Prevo diplomatla görüş zamanı İslam Respublikasındakı vəziyyətdən narahatlığını bildirib.
"İrandakı mövcud vəziyyət həyəcanvericidir. Mən bu gün (bazar ertəsi) İranın Belçikadakı səfirini çağırdım", - nazirlik rəhbərinin açıqlamasında bildirilir.
Prevo Tehran hakimiyyətini İran etirazçılarının dinc tələblərinə qulaq asmağa və onlara qarşı qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb.
"Görünür, İran hakimiyyəti etirazları yatırmaq üçün həddindən artıq güc tətbiq edir", - nazir bildirib.
Ötən həftə Belçika vətəndaşlarını özbaşına saxlanılma riskini əsas gətirərək, İranı mümkün qədər tez tərk etməyə çağırıb. Belçika Xarici İşlər Nazirliyinin rəhbəri yenidən Brüsselin İrandakı nümayəndələrini ayıq-sayıq olmağa çağırıb.
"Xüsusən Tehrandakı səfirliyimiz yüksək hazırlıq vəziyyətindədir və hadisələri izləmək üçün tərəfdaşlarımızla daim əlaqə saxlayır", - o əlavə edib.
Prevo həmçinin bildirib ki, Belçika İrana qarşı Avropanın əlavə sanksiyalarının tətbiqini müzakirə etməyə hazırdır. Xatırladaq ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas da bazar günü Tehrana qarşı yeni məhdudiyyətlər təklif edə biləcəyini bildirib.














