17
yanvar
2026
11:30
88
36
362

Bernard Lippert: "Qarabağ"ın bu büdcə və heyətlə Çempionlar Liqasındakı nəticələri inanılmazdır" - MÜSAHİBƏ

AFFA-nın sabiq texniki direktoru (2008-2020) Bernard Lippert "Far.Az"un suallarını cavablandırıb. Azərbaycanın U-21 yığmasının keçmiş baş məşqçisi (2009-2014) Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb. Əsas milli komandamızda həmyerlisi Berti Foqtsun köməkçisi qismində də çalışmış mütəxəssis qarşılaşmanı tribunadan izləyəcək. Lippert həmçinin milli komanda ilə bağlı fikirlərini bölüşüb.

- "Qarabağ" UEFA Çempionlar Liqasında ölkənizin "Ayntraxt" komandası ilə üz-üzə gələcək. Bu oyun haqqında nə deyə bilərsiniz?

- Düşünürəm ki, şanslar bərabərdir. Bəlkə də evdə oynayacağı üçün "Qarabağ"ın cüzi üstünlüyü var. Bu qarşılaşma hər iki kollektivə gələcək üçün yol göstərəcək. Məncə, qalib gələn komandanın növbəti mərhələyə adlamaq şansları daha yüksək olacaq. Ona görə də bizi çox maraqlı oyun gözləyir.

- "Qarabağ" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsində yaxşı nəticələrə imza atıb. Komandanın oyunlarını izləmisiniz?

- Bəlkə də inanmayacaqsınız, "Qarabağ"ın bütün matçlarını televiziya vasitəsilə izləyirəm və komandanı yaxından tanıdığımı deyə bilərəm. Onların komanda ruhu, mübarizə əzmi məni çox həyəcanlandırır. Bu büdcə və heyətlə Çempionlar Liqasındakı nəticələr inanılmazdır. Açığı, həm çox həyəcanlıyam, həm də təəccüblənirəm. Bütün bunlara görə Azərbaycana böyük təbriklər!

- Daha əvvəl "Ayntraxt" klubunda işləmisiniz. Frankfurt təmsilçisinin Bundesliqanın digər komandalarından fərqi nədir?

- Onların inanılmaz azarkeş kütləsi var. Komanda ilə çoxlu insan qarşılaşmaları stadiondan izləmək üçün səyahətlər edir. Amma təəssüf ki, Bakıdakı görüşdə azarkeşlərin iştirakına icazə verilmir. Halbuki "Ayntraxt" ölkə xaricində oynayarkən azarkeşlər komandaya böyük üstünlük qazandırır. Amma bu dəfə UEFA-nın qadağası səbəbindən Bakıya gələ bilməyəcəklər.

- Azərbaycan futbolunu izləyirsiniz? Milli komandanın son nəticələrindən xəbərdarsınız?

- ⁠Əlbəttə. Nəticələrdən xəbərim var. Bilirəm ki, yığma son iki ildə o qədər də uğurlu olmayıb.

- Artıq Azərbaycan millisində əcnəbi mütəxəssis yoxdur, Ayxan Abbasov baş məşqçi təyin olunub...

- ⁠Bilirəm. Onun gəlişindən sonra vəziyyət yaxşılaşıb. Ona yığmada uğurlar arzulayıram. Milli komandanıza da gələcəkdə yaxşı nailiyyətlər arzu edirəm.

- Sizcə, Ayxan Abbasov millidə uğurlu ola biləcək?

- ⁠Heyətdə yaxşı gənc futbolçular var. Məncə, Ayxan Abbasov işinin öhdəsindən layiqincə gələcək.

- Hazırda nə işlə məşğulsunuz?

- ⁠FIFA-da, xüsusən də Afrika ölkələri üçün texniki mütəxəssis kimi çalışıram. Ali futbol qurumu bəzi mütəxəssisləri bu qitəyə göndərir. Mən də onları yetişdirməkdən məsulam.

- Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsla münasibətləriniz necədir?

- Artıq üç illdir əlaqə saxlamıram. Daha əvvəl müntəzəm danışırdıq, görüşürdük. Amma son üç ildə ondan xəbər ala bilmədim.