Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub
Far.Az xəbər saytı

Kənd təsərrüfatı torpaqlarında yaşıllıqların götürülməsinə dair dəyişiklik ilk oxunuşda qəbul olunub


Milli Məclis məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı "Yaşıllıqların mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, yuxarıda qeyd edilən halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Bildirilib ki, həmçinin, təklif edilən dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilir. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.

Qanun layihəsində vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.

Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.

Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.

İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər