Leya Qutierres: "ADB Azərbaycandakı layihələr üçün maliyyə alətlərinin spektrini genişləndirəcək" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Leya Qutierres: "ADB Azərbaycandakı layihələr üçün maliyyə alətlərinin spektrini genişləndirəcək" - MÜSAHİBƏ


Qlobal logistika zəncirlərinin yenidən qurulması fonunda Azərbaycan Mərkəzi Asiya və Avropa iqtisadiyyatlarını birləşdirən Orta Dəhlizin əsas həlqəsi statusunu möhkəmləndirir. Nəqliyyat şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsi, sərhədlərin rəqəmsallaşdırılması və ölkənin "yaşıl" enerji körpüsü yaratmaq kimi iddialı hədəfləri bütün regionun dayanıqlı inkişafının hərəkətverici qüvvəsinə çevrilir. Bu transformasiyada Asiya İnkişaf Bankı (ADB) həm dövlət islahatlarını, həm də özəl təşəbbüsləri dəstəkləyən strateji tərəfdaş kimi çıxış edir.

ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leya Qutierres "Far.Az"a müsahibəsində Trans-Xəzər Enerji Dəhlizinin inkişaf perspektivləri, günəş və külək enerjisi istehsalına investisiyalar, eləcə də özəl sektor üçün yeni maliyyə alətləri barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- ADB və Azərbaycan transsərhəd dəhlizlərin inkişafı istiqamətində fəal əməkdaşlıq edir. Hazırda hansı konkret layihələr aktiv işlənmə mərhələsindədir və Bank Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində regional əlaqələrin təmin edilməsində Azərbaycanın rolunu necə qiymətləndirir?

- ADB Orta Dəhlizlə əhəmiyyətli dərəcədə üst-üstə düşən CAREC-2 dəhlizinin inkişafına böyük məbləğdə vəsait ayırıb. Azərbaycanda bura dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi və avtomobil yolu infrastrukturunun yenilənməsi layihələri daxildir. Regional qarşılıqlı əlaqənin potensialını tam üzə çıxarmaq üçün ilk növbədə, infrastrukturun yenilənməsi, multimodal yükdaşımaların genişləndirilməsi, eləcə də səmərəliliyin və ötürmə qabiliyyətinin artırılması üçün rəqəmsal texnologiyaların inteqrasiyası sahələrində əlavə məqsədyönlü dəstək zəruridir.

CAREC proqramı çərçivəsində ADB Azərbaycanda dövlət və özəl investisiyalar üçün prioritet layihələri müəyyənləşdirir. Bundan başqa, dəmir yolu sahəsində islahatların aparılmasına dəstək göstərilir və Xəzər limanlarının, eləcə də onlarla əlaqəli logistika qovşaqlarının gücünün artırılması və məhsuldarlığının yüksəldilməsi üçün özəl sektorun cəlb edilməsi təşviq edilir.

Paralel olaraq şəhər mühitinin inkişafı və turizm potensialının perspektivlərinin öyrənilməsi, həmçinin rəqəmsal həllər əsasında sərhəd keçid məntəqələrinin modernləşdirilməsi istiqamətində iş aparılır. Bütün bu addımlar nəqliyyat dəhlizlərinin yeni iş yerləri yaratmağa, sahibkarlıq fəaliyyətini stimullaşdırmağa və ilk növbədə, qadınlar və gənclər üçün inklüziv imkanlar formalaşdırmağa qadir olan tamhüquqlu iqtisadi dəhlizlərə çevrilməsinə təkan verəcək.

- Azərbaycan regional "yaşıl enerji" mərkəzinə çevrilməyi hədəfləyib. ADB ölkədə bərpa olunan enerji mənbələri (BOEM) sahəsində yeni layihələrin maliyyələşdirilməsi perspektivlərini araşdırırmı? Günəş və külək elektrik stansiyalarından başqa, Bank ixrac enerji infrastrukturunun formalaşdırılmasına, məsələn, Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi layihəsinə və ya Avropa istiqamətində yüksəkgərginlikli elektrik ötürücü xətlərin qurulmasına dəstək verməyə hazırdırmı?

- ADB özəl sektorda apardığı əməliyyatlar vasitəsilə Azərbaycan ərazisində iri BOEM layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Bank "Masdar" şirkətinin "Ələt", eləcə də "Biləsuvar" və "Bankə" günəş elektrik stansiyalarının investorlarından biri olub, ekoloji cəhətdən təmiz mənbələr əsasında generasiya güclərinin artırılmasına və ölkənin daha balanslı və dayanıqlı enerji modelinə keçidinə töhfə verib.

Mərkəzi Asiya və Qafqazda təmiz enerjinin təşviqi kontekstində ADB BOEM sahəsində yeni inkişaf istiqamətlərini, o cümlədən həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda günəş və ofşor külək enerjisi layihələrini nəzərdən keçirir.

ADB "Xəzər Dənizi Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasında öz rolunu xüsusilə qeyd edir. Söhbət təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə və Asiya ilə Avropa arasında "yaşıl körpü"nün yaradılmasına yönəlmiş genişmiqyaslı regional təşəbbüsdən gedir.

Biz bu dəhlizin bərpa olunan enerjinin ixracı üçün mühüm platformaya çevrilməsində və Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarında "yaşıl" keçidin sürətləndirilməsində böyük potensial görürük.

ADB-nin bu flaqman layihəyə dəstəyinin miqyası artmaqda davam edir. 2025-ci ilin aprelində Bank Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan, Qazaxıstan və Özbəkistanın Energetika nazirlikləri ilə birlikdə TİƏ-nin hazırlanmasına dair Anlaşma Memorandumu imzalayıb. Bu araşdırma layihənin texniki, maliyyə, tənzimləyici və ekoloji parametrlərinin hərtərəfli qiymətləndirilməsinə imkan verəcək. Ümumilikdə bu təşəbbüs ADB-nin dayanıqlı, bir-biri ilə əlaqəli və ixracyönümlü enerji gələcəyinə keçiddə, eyni zamanda regional enerji təhlükəsizliyinin və iqtisadi kooperasiyanın gücləndirilməsində Azərbaycana dəstək göstərməyə sadiqliyini nümayiş etdirir.

- Azərbaycan Dövlət-Özəl Tərəfdaşlığı (PPP) mexanizmlərini fəal şəkildə inkişaf etdirir. ADB orta və iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün ölkənin özəl sektoruna birbaşa kreditlərin (dövlət zəmanəti olmadan) ayrılması imkanını nəzərdən keçirirmi?

- ADB uzun müddətdir ki, ölkədə PPP-nin normativ-hüquqi bazasının gücləndirilməsi səylərini dəstəkləyir. Bank hökumətlə sıx əməkdaşlıq çərçivəsində Dövlət-Özəl Tərəfdaşlığı haqqında qanunun hazırlanmasında, PPP üzrə ixtisaslaşdırılmış strukturun formalaşdırılmasında, eləcə də müvafiq dövlət qulluqçuları üçün təlim proqramlarının təşkilində iştirak edib.

Bundan başqa, biz infrastrukturun yenilənməsinə və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş PPP layihələrinin həyata keçirilməsi perspektivlərini təhlil edirik. ADB-nin bu yaxınlarda Hövsanda tullantı sularının təmizlənməsi və təkrar istifadəsi layihəsi çərçivəsində PPP sövdələşməsinə göstərdiyi məsləhət xidməti buna bariz nümunədir.

Eyni zamanda, biz kiçik və orta sahibkarlığa dəstək sahəsində investisiya imkanlarının müəyyənləşdirilməsi üçün özəl sektorun müxtəlif nümayəndələri ilə iş aparırıq - iş yerlərinin yaradılmasında və innovasiyaların tətbiqində onların rolu böyükdür. Bu məqsədlə biz təklif olunan maliyyə alətlərinin spektrini genişləndiririk. Klassik kreditlərlə yanaşı, zəmanətlər verə, səhm kapitalında iştirak edə və əlavə özəl investisiyaların səfərbər edilməsi üçün ticarətin maliyyələşdirilməsinə yardım göstərə bilərik.

Bizim vəzifəmiz təkcə layihələri maliyyələşdirmək deyil, həm də investisiya risklərini minimuma endirmək, digər tərəfdaşların vacib təşəbbüslərin maliyyələşdirilməsinə qoşulmasını təmin etməkdr. Bu yanaşmaları tətbiq etməklə biz Azərbaycanın iqtisadi potensialının tam üzə çıxarılmasında, dayanıqlı özəl sektorun formalaşdırılmasında, davamlı və inklüziv inkişaf konsepsiyasının təşviqində ölkəyə dəstək göstərmək niyyətindəyik.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər