Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI
Far.Az xəbər saytı

Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI


"UĞUR 777 estetik mərkəz"də yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevaya ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslərin ali və orta tibb təhsili yoxdur və onlar qanunsuz olaraq "Uğur 777" adı altında estetik əməliyyat mərkəzi yaradıb, orada fəaliyyət göstəriblər.

İttihamda qeyd olunub ki, onlar mərkəzə estetik əməliyyat üçün müraciət edən Ləman Nəbiyevadan 600 manat, Ceyhunə Fərəcovanın əməliyyat olunması üçün 2400 manat ödəniş alıblar, lakin hər iki əməliyyat qüsurlu olub. Eyni zamanda Ceyhunə Fərəcova bu əməliyyat zamanı Hepatit C virusuna yoluxub.

Həmçinin onlara müraciət edən Ləman Əhmədli və Tamara Səlimova, Şamama Quliyeva da əməliyyat üçün müraciət ediblər. Onların üzərində keçirilən estetik əməliyyatlar da uğursuz olub.

İttiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər.

Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə məlumat və videogörüntülər yayılıb.

Sözügedən məlumatlarla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, "UĞUR 777 estetik mərkəz"in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı onların müvafiq ali və ya orta ixtisas tibbi təhsili, "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri"nin olmadığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər