İnqa Pxaladze: "Azərbaycan və Gürcüstan "yaşıl hidrogen" sahəsində birgə layihələrə keçə bilər" - MÜSAHİBƏ
Cənubi Qafqaz və Avropa arasında enerji dəhlizlərinin inkişafı yeni səviyyəyə yüksəlir. Regionun enerji xəritəsini dəyişdirə biləcək əsas layihələrdən biri isə Cənubi Qafqaz və Avropa İttifaqının (Aİ) enerji sistemlərini birləşdirməli olan Qara dəniz sualtı kabeli ("Black Sea Submarine Cable") hesab olunur. Layihə Azərbaycandan və Gürcüstandan Avropa bazarlarına "yaşıl elektrik enerjisi"nin ixracı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yeni tranzit marşrutlarının formalaşdırılması üçün yeni imkanlar açır.
Bakı Enerji Həftəsi çərçivəsində "Far.Az"a müsahibəsində Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze Qara dəniz sualtı kabelinin çəkilməsinə dair perspektivlər, Avropaya elektrik enerjisi tədarükündən kommersiya gözləntiləri, bərpa olunan enerji və "yaşıl hidrogen" sahəsində iki ölkənin əməkdaşlıq imkanları, həmçinin Azərbaycan investisiyalarının Gürcüstanın enerji sektoruna cəlb edilməsi barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Qara dəniz kabeli layihəsi region üçün tarixi layihə adlandırılır. Hazırda texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması və Azərbaycan tərəfi ilə qarşılıqlı əlaqə hansı mərhələdədir?
- Hazırda paralel olaraq iki layihə həyata keçirilir. Birincisi, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü olan Qara dəniz sualtı kabeli layihəsidir. İkincisi isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən "Yaşıl Enerji Dəhlizi" layihəsidir. Hər ikisi Qara dənizin dibi ilə enerji infrastrukturunun çəkilməsini nəzərdə tutur.
Gürcüstanla Rumıniya arasındakı sualtı kabelin gücü 1 300 MVt təşkil edir, "Yaşıl Enerji Dəhlizi" layihəsinin ötürücülük qabiliyyəti isə 4 000 MVt-a çatır.
Elektrik kabeli ilə yanaşı, illik təxminən 950 min ton ötürmə gücünə malik "yaşıl hidrogen"in nəqli üçün boru kəmərinin tikintisi imkanı da nəzərdən keçirilir. Bu kəmər də Cənubi Qafqazı Avropa bazarı ilə birləşdirəcək.
Bu layihələr region üçün Avropa bazarlarına çıxış, tədarüklərin etibarlılığının möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin artırılması və enerji mənbələrinin şaxələndirilməsi üzrə yeni imkanlar açır.
- Azərbaycan elektrik enerjisinin Avropa İttifaqına tranzitindən Gürcüstanın kommersiya gözləntiləri nələrdir? Tranzit qovşağı kimi ölkə hansı üstünlükləri əldə edəcək?
- Gürcüstan Cənubi Qafqaz ölkələrində istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına nəqlini təmin etməklə Şərqlə Qərb arasında mühüm körpüyə çevriləcək.
Hazırda layihənin icrasından əldə olunacaq potensial gəlirlərin və iqtisadi faydaların detallı hesablamalarını aparırıq. Bir sıra nüanslar onun yekun modelindən - layihənin özəl kapitalın, dövlətlərin iştirakı ilə yoxsa qarışıq maliyyələşdirmə mexanizmi çərçivəsində reallaşdırılacağından asılı olacaq. Bu məsələlər hələ ki, müzakirə mərhələsindədir.
Bununla yanaşı, 2026-cı ildə başa çatmış TİƏ layihənin həyat qabiliyyətini və məqsədəuyğunluğunu təsdiq edib. Növbəti mühüm mərhələ elə bu il başlanması gözlənilən Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatları olacaq.
Məhz bu tədqiqatların nəticələri Qara dənizin dibi ilə həm enerji kabelinin, həm də hidrogen boru kəmərinin çəkilməsinin texniki imkanlarını yekun olaraq qiymətləndirməyə imkan verəcək.
Biz Cənubi Qafqaz regionundan Avropaya elektrik enerjisi tədarükünə yüksək kommersiya marağı görürük. Lakin layihənin əhəmiyyəti kommersiya tərkib hissəsi çərçivəsindən çox kənara çıxır. Onun əsas dəyəri isə region ölkələrinin və Avropanın qarşılıqlı enerji əlaqəsinin möhkəmləndirilməsindən, elektrik enerjisi təchizatı mənbələrinin şaxələndirilməsindən və layihənin bütün iştirakçılarının enerji sistemlərinin dayanıqlığının artırılmasından ibarətdir.
- Azərbaycan beynəlxalq şirkətlərlə birgə günəş və külək elektrik stansiyalarının irimiqyaslı layihələrini həyata keçirərək, bərpa olunan enerjinin inkişafına fəal şəkildə investisiya yatırır. Tbilisi və Bakı "yaşıl hidrogen"in istehsalı və ixracı sahəsində birgə layihələrin işə salınması imkanını müzakirə edirmi?
- Artıq qeyd etdiyim kimi Gürcüstanda ölkəmizdə günəş və külək elektrik stansiyalarının tikintisinə maraq göstərən bir sıra Azərbaycan şirkətləri var. Hələ ki, biz bu sahədə konkret birgə layihələri müzakirə etməmişik, lakin belə bir imkan mövcuddur və tamamilə real görünür.
"Yaşıl hidrogen" məsələsinə gəldikdə isə, bu məsələ də müzakirə mərhələsindədir. Biz azərbaycanlı həmkarlarımızın bu istiqamətin inkişafına yüksək maraq göstərdiyini bilirik. Qeyd edim ki, Asiya İnkişaf Bankının dəstəyi ilə Gürcüstan artıq hidrogen energetikasının inkişaf strategiyasını, eləcə də müvafiq yol xəritəsini və fəaliyyət planını hazırlayıb.
Gələcəkdə, xüsusən də hidrogenin nəqli üçün transsərhəd infrastrukturun qurulması qərarı verilərsə, birgə təşəbbüslərin həyata keçirilməsinə keçməyimiz mümkündür.
- Gürcüstan istehsal olunan elektrik enerjisinin sonradan xarici bazarlara ixracı məqsədilə kiçik və orta su elektrik stansiyalarının tikintisinə Azərbaycan investisiyalarının cəlb edilməsi imkanını nəzərdən keçirirmi?
- Sözsüz ki, belə bir ssenari tamamilə mümkündür. Biz strateji tərəfdaşımız və qonşumuz olan Azərbaycan tərəfindən Gürcüstanın energetika sektorunun inkişafına, o cümlədən hidroenergetika sahəsindəki layihələrə yatırılan istənilən investisiyaları alqışlayırıq.
Belə bir əməkdaşlıq təkcə investisiyaların cəlb edilməsinə və energetika infrastrukturunun inkişafına deyil, həm də regional enerji inteqrasiyasının gücləndirilməsinə, eləcə də ölkələrimizin ixrac potensialının genişləndirilməsinə kömək edə bilər.
Oxşar xəbərlər
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bakı Bulvarında yeni festival başlayır
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













