İlhamə Qədimova: "Dövlət Proqramı çərçivəsində kombayn parkı yenilənəcək"
Far.Az xəbər saytı

İlhamə Qədimova: "Dövlət Proqramı çərçivəsində kombayn parkı yenilənəcək"


"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində kombayn parkı yenilənəcək, 84,9 min hektarda lazer hamarlama işləri aparılacaq.

"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramında 22 rayon üzrə kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur: "Bu addım taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Torpaq resurslarından səmərəli istifadə də Proqramın əsas istiqamətlərindən biridir. Bu sahədə tətbiqi nəzərdə tutulan mühüm texnologiyalardan biri lazer hamarlama, yəni lazer mala texnologiyasıdır. Lazer hamarlama torpaq səthinin bərabər şəkildə hazırlanmasını təmin edir. Bu texnologiya suvarmanın daha səmərəli aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumların bərabər cücərməsinə və nəticədə məhsuldarlığın artmasına imkan yaradır".

Nazir müavini əlavə edib ki, Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqinin subsidiyalaşdırılması nəzərdə tutulur: "Bu texnologiya xüsusilə suvarılan taxıl sahələri üçün böyük əhəmiyyət kəsb edir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə toplanır, digər hissələrə isə çatmır. Nəticədə bir sahədə bitkilər artıq nəmlikdən zərər görür, digər sahələrdə isə su çatışmazlığı yaranır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və əkin sahəsinin bütün hissələrində bitkilərin bərabər inkişafı üçün əlverişli şərait yaradır.

Fermerlərə tövsiyəmiz ondan ibarətdir ki, xüsusilə 5 hektardan böyük əkin sahələrində lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu texnologiya ilkin mərhələdə əlavə xərc kimi görünsə də, suya qənaət, məhsuldarlığın artması və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli investisiyadır".

Bundan başqa, onun sözlərinə görə, yeni anbar və silo layihələri məhsul itkilərini azaldacaq: Növbəti mühüm istiqamətlərdən biri taxıl siloları və soyuducu anbar infrastrukturunun inkişaf etdirilməsidir. İstehsalın artırılması vacib olsa da, məhsulun düzgün saxlanılması və bazara səmərəli şəkildə çıxarılması da ən azı eyni dərəcədə əhəmiyyətlidir. Fermer məhsulu yığdıqdan sonra onu saxlamaq imkanı olmadıqda, əksər hallarda məhsulu dərhal və aşağı qiymətlə satmağa məcbur qalır. Bu isə fermerlərin gəlirlərinə mənfi təsir göstərir. Eyni zamanda məhsul itkiləri artır, keyfiyyət göstəriciləri zəifləyir, emal və ixrac imkanları məhdudlaşır".

"Dövlət Proqramında əlavə 150 min ton həcmində taxıl silolarının yaradılması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu məqsədlə avadanlıqların dəyərinin 40 %-nə güzəşt, 40–50 %-nə isə kredit faizlərinin subsidiyalaşdırılması planlaşdırılır. Soyuducu anbarlar üzrə də əlavə 100 min ton tutumun yaradılması təşviq ediləcək. Bu istiqamətdə də avadanlıqların dəyərinin 40 %-nə güzəşt və 40–50 % həcmində kredit faiz subsidiyası nəzərdə tutulur. Həmin dəstək mexanizmləri taxılçılıq, meyvəçilik və tərəvəzçiliklə yanaşı, ixracyönümlü məhsul istehsalı üçün də mühüm əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerlərə məhsulu bazara daha əlverişli vaxtda çıxarmaq imkanı verir. Bu isə gəlirlərin artmasına, ixrac imkanlarının genişlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir", - deyə İ.Qədimova vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir"
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər