Türkiyəyə yaraşan: demokratiya, milli birlik, artan nüfuz, üstün rol - ŞƏRH
10 il öncə bir qrup hərbçi Türkiyədə hakimiyyət çevrilişi etməyə cəhd göstərdi. Lakin cümhuriyyətin qüdrətli, bütöv, xalqın həmrəy olduğunu dünya sanki o gecə gördü. Onda Prezident Rəcəb Tayyib Ərdoğanın, xalqın, siyasi qüvvələrin və ictimaiyyətin birliyi nəticəsində təxribatçıların niyyəti baş tutmadı.
Fətullah Gülənin başçılıq etdiyi təşkilatın (FETÖ) zaman-zaman Türkiyə Silahlı Qüvvələrinə yerləşdirdiyi hərbçilərin 2016-cı il iyulun 15-də gecə saatlarında dövlət çevrilişi cəhdlərinin anonsunu elə təşkilatın lideri "xaki rəngli" cübbəsi ilə həmin il martın 19-da vermişdi. O, kamera qarşısına keçərək təşkilata bağlı hərbiçiləri çevriliş etməyə çağırmışdı.
Türkiyədə sabitlik, ölkənin regionda və qlobal miqyasda artan nüfuzu xaricdə və daxildəki gücləri, qrupları narahat edirdi. 2015-ci il noyabrın 1-də Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası (AK Parti) parlament seçkilərində 49 faiz səs toplayaraq üstünlük əldə etmiş, iqtidara demokratik yolla yenidən yiyələnmişdi.
Ölkənin demokratik yolla inkişaf etdiyini, habelə AK Partinin təkbaşına iqtidarı qoruyub saxlaya bilməsini bəzi qüvvələr qəbul edə bilmirdi. Çünki cümhuriyyəti sevməyənlər onun inkişafının qarşısını almaq istəyirdilər. Onun regionda güc olmasını istəməyənlər, demokratiyanın verdiyi imkanlardan faydalandığına qarşı çıxanlar əvvəllər də bu addımları atıblar;
1960-cı il mayın 27-də Türkiyə tarixində ilk hərbi çevriliş olub. Onda dövlətin idaretmə sistemi ələ keçirilmiş, Prezident Cəlal Bayar və Baş nazir Adnan Menderes həbs edilmişdi. Hökumət başçısı və iki nazir edam edilmişdi.
İkinci çevriliş 1971-ci il martın 12-də baş verib. Ordunun verdiyi memorandumla Baş nazir Süleyman Dəmirəl hökuməti istefaya məcbur edilmişdi.
1980-ci il sentyabrın 12-də Baş Qərargah rəisi, general Kənan Evrənin rəhbərliyi altında hərbçilər çevriliş edib. Onda parlament buraxılmış, ölkədə hərbi vəziyyət elan olunmuşdu. O illər Türkiyədə sol və sağlar arasında ziddiyyətin kəskinləşdiyi dövr idi. O prosesi keçmiş sovetlərin müdaxiləsi də artmışdı. Ona görə də Qərb müqaviməti Türkiyədə hərbi çevriliş reallaşdırmaqda görürdü. Başqa sözlə, mülki hakimiyyəti oyuncaq, marionet sayırdılar. Ona görə mövcud siyasi-iqtisadi böhranları hakimiyyəti dəyişməklə həll etməyə üstünlük verirdilər.
Ölkədə 2016-cı il iyulun 15-i hadisəsi də daxil olmaqla daha iki dəfə çevriliş cəhdləri olub. Onların hər ikisi polkovnik Talat Aydəmirin başçılığı ilə baş verib. Cəhdlərdən biri 1962-ci il fevralın 22-də, o biri isə 1963-cü il mayın 20-də olub. Hər ikisinin qarşısı hökumət qüvvələri tərəfindən alınıb.
Qeyd etiklərimizlə yanaşı, Silahlı Qüvvələrin hökuməti birbaşa hədəf aldığı və siyasətdə balans tənzimləməsi kimi xarakterizə edilən daha iki mühüm memorandum vardır; 1971-ci il martın 9-u (ara müdaxilə cəhdi) və 1997-ci il fevralın 28-i (postmodern çevriliş prosesi). Fevral hadisələri nəticəsində Baş nazir Nəcməddin Ərbakan istefa vermişdi.
10 il öncəki cəhd baş verərkən bu hərəkatın ideoloqu və başçısı Fətullah Gülən ABŞ-də olub. İyulun 11-də ona çevriliş planı təqdim olunub. Təsdiqdən sonra iyulun 13-də Türkiyəyə qayıdan təşkilat üzvləri çevrilişin iyulun 16-sı saat 3-də ediləcəyini müəyyənləşdirmişdilər. Ancaq sonradan bu vaxt iyulun 15-i saat 20:30-a çəkilmişdi.
Çevriliş cəhdinə görə Fəatullah Gülən ittiham olundu. O, ABŞ-də sürgündə yaşadı və 2024-cü ildə orada öldü. Halbuki o, bir zamanlar Rəcəb Tayyib Ərdoğanın ən yaxın müttəfiqlərindən biri sayılıb. Bu ittifaq Türkiyə Silahlı Qüvvələrinin rolunun azaldılması istiqamətində birgə fəaliyyət göstərmiş və dövlətin güclənməsi istiqamətində ortaq planlar həyata keçirmişdilər. Ancaq Gülənin sonradan ortaq maraqlara, Türkiyənin hədəflərinə qarşı çıxdığı məlum olmuşdu.
Rəsmi məlumatlara görə, sözügedən çevrilişə cəhd nəticəsində çoxu mülkü olmaqla 253 nəfər həlak olub. Hadisədən sonra dövlət orqanlarında genişmiqyaslı təmizləmələr aparıldı. Dövlət qurumları və silahlı qüvvələrin 125 mindən çox əməkdaşı işdən qovuldu.
Rəsmi məlumatlara görə, 2016-2025-ci illər arasında Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən təxminən 390 min nəfər saxlanılıb. Onlardan təxminən 113 mini həbs olunub. Bundan əlavə, məktəblər, ictimai təşkilatlar, fondlar və kütləvi informasiya vasitələri daxil olmaqla 2761 qurum bağlanıb. Dövlət çevrilişi cəhdində iştiraka görə 4130 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
10 il öncəki cəhdin baş tutmaması Türkiyədə dövlətçiliyə, demokratiyaya, milli birliyə, ərazi bütövlüyünə və təhlükəsizliyə qarşı tuşlanmış niyyətin də reallaşmaması idi.
Həmin dövrə qədər Türkiyə dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olmuşdu. Məcburi təhsil 12 ilə çıxarılmış və məktəbə cəlb olunma nisbətləri artırılmışdı. Həmçinin Anadolunun hər bölgəsində ali təhsil ocaqları fəaliyyət göstərməyə başlamışdı. Yəni son çevriliş cəhdinə qədər Türkiyənin regional və qlobal miqyasda çəkisi artırdı.
Yaxın Şərqdə 2010-cu ildə "ərəb baharı" zamanı onun nüfuzu daha qabarıq şəkildə görünürdü. Bölgədə baş vermiş inqilablardan sonra ölkələrdə Türkiyə modeli örnək olaraq göstərilirdi. Başqa sözlə, müsəlman, dünyəvi dövlət kimi Qərblə tərəfdaş, NATO üzvü olmağın mümkünlüyü nümunə göstərilirdi.
Cəhdin qarşısı alındıqdan sonra da Türkiyənin regionda və beynəlxalq miqyasda rolu artıb. Dünyanın təhlükəsiz enerji təminatında onun aparıcı funksiyası dəfələrlə təsdiqlənib. Türkiyənin Şərqlə Qərb arasında əsas rolda olması ölkədə sabitlik və təhlükəsizliyin mövcudluğudur.
İyulun 15-dəki cəhd planının baş tutmaması cümhuriyyətə qlobal miqyasda münasibətin müsbət istiqamətdə dəyişməsinə təkan verib. Onun etibarı və nüfuzunu artırıb.
Hazırda Türkiyə regionda və qlobal səviyyədə üstün söz sahiblərindən biridir. Müxtəlif münaqişəli məsələlərin həllində rəsmi Ankara vasitəçilik edir. Türk və islam dünyasında da cümhuriyyətin mövqeyi, nüfuzu artır. İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında çıxış etdiyi təşəbbüslər buna örnək ola bilər.
Azərbaycanla Türkiyə münasibətləri də məlum hadisədən sonra ən yüksək səviyyəyə qalxıb. Torpaqlarını Ermənistan və havadarlarının işğalından azad etdiyi günlərdə, 44 günlük müharibədə rəsmi Bakı Ankaranın siyasi, mənəvi dəstəyini daim hiss edib. Müharibə bitdikdən sonra iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətin daha da srtateji müstəviyə çıxarıldığını göstərir.
Odur ki, iyulun 15-i hadisələrindən sonra Türkiyənin Cənubi Qafqazda rolu artmağa, güclənməyə başlayıb. Azərbaycan torpaqları işğaldan təmizləndikdən sonra rəsmi Bakı ilə Ankara ortaq layihələr və təşəbbüslər irəli sürüb. Zəngəzur dəhlizi ideyası bunlardan biridir.
Cümhuriyyət Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində də səylərini artırır, vasitəçilik missiyasını davam etdirir.
Bu günlərdə NATO-nun Ankarada 36-cı Zirvə toplantısı keçirilib. Belə bir tədbirin həssas regionla qonşuluqda keçirilməsi aparıcı güclərlə Türkiyənin əlaqələrinin, münasibətlərinin göstəricisidir. Bununla cümhuriyyət onların sırasında mövqeyini gücləndirir.
Türkiyənin ərazi, bütövlüyü, suverenliyi və təhlükəsizliyini 42 ildir, təhdid edən PKK terror qruplaşmasının özünü buraxması, uydurma iddialardan imtina məlum cəhddən 10 il sonra baş vermiş hadisələrdən sayılır. Bu, terrorun qarşısının alınması istiqamətində atılan ən uğurlu hadisədir.
Türkiyənin apardığı siyasət Suriyada da müsbət nəticə verir. Rəsmi Ankaranın təşəbbüsləri, addımları qlobal güclər tərəfindən də qəbul olunur.
Türkiyə Şimali Kiprin də hüquqlarını ardıcıl olaraq müdafiə edir. Aralıq dənizinin şərqindəki neft-qaz yataqlarının onunla birgə istismarına yardım etməklə yanaşı, həm də Şimali Kipri xarici qüvvələrin əsassız maraqlarından, təhdidlərindən qoruyur. Bu yaxınlarda Fransa yunan Kipri və Yunanıstanla hərbi sahədə əməkdaşlığa dair müqavilə imzalayıb. Bu, fransızlara adanın yunan hissəsinə qoşun yeritməsinə imkan verəcək. Türkiyə ordusunun adanın şimalında mövcudluğu Kipr türklərinin maraqlarının qorunmasına xidmət edir.
Beləliklə, son çevriliş cəhdi cümhuriyyəti daha da gücləndirib. Ölkə cəmiyyətinin özünəinamını artırıb. Vətəndaşların seçdiyi, səsə verdiyi hakimiyyətini qoruması ənənsini gücləndirib.
Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çağırışında belə vurğulayıb: "Millətimə çağırış edirəm; meydanlara, hava limanlarına dəvət edirəm. Bu günə qədər xalqın gücünün üstündə bir güc mən tanımadım".
Bu cəhdin qarşısının alınması Cümhuriyyət düşmənlərinə bir dərs və güclü ismarış oldu.
Türkiyə güclənəndə, xarici güclərdən aşlılığı azaltmağa səy göstərəndə, yaxud onların bu istəklərini rədd etdikdə dərbələr, çevrilişlərlə üzləşib. Bu dəfə də onların səyi nəticə vermədi. Bu hadisənin yerinə "Demokratiya və Milli Birlik Günü" yarandı. Cümhuriyyət böyüyür, güclənir. Ona yaraşan da budur!
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı
-
İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib
-
ABŞ İslandiyanın NATO-da qalmasını istəyir
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
"Qarabağ" Dani Boltla yolları ayırıb













