Azərbaycan hotellərinin gəlirliliyini necə artırmaq olar? - ARAŞDIRMA
Azərbaycana turist axınının azalması hotelçilik sektoruna da təsirsiz ötüşmür. Son aylar hotellərdə doluluq səviyyəsi aşağı düşüb, bu isə onların gəlirlərinin azalmasına səbəb olub. Artıq sektor nümayəndələri həyacan təbili çalışır. Onların sözlərinə görə, ölkəyə gələn turistlərin sayını artırmaq, gələnlərin burada uzun müddəti qalmasına, daha çox vəsait xərcləməsinə nail olmaq üçün təcili tədbir görmək lazımdır.
"Far.Az" vəziyyəti dəyişməyin yollarını araşdırıb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin fikrincə ölkənin mehmanxana bazarı son illər kəmiyyət baxımından inkişaf etsə də, sektorun maliyyə dayanıqlığı ilə bağlı narahatlıq artır: "Yeni mehmanxanalar istifadəyə verilir, turizm infrastrukturu genişlənir, ölkəyə gələn ziyarətçilərin sayı artır. Lakin bu dinamika mehmanxanaların gəlirlərində və rentabelliyində eyni templə özünü göstərmir. Bazarda təklif artsa da, gəlirlilik azalır və bu, uzunmüddətli perspektivdə investisiya mühitinə mənfi təsir göstərə bilər. Turizmin vəziyyətini yalnız ölkəyə gələn əcnəbilərin sayı ilə qiymətləndirmək düzgün yanaşma deyil. Ölkəyə daxil olan hər bir şəxs turist hesab edilmir, hər turist mehmanxanada qalmır və hər gecələmə mehmanxana üçün iqtisadi baxımdan səmərəli gəlir formalaşdırmır. Buna görə sektorun real vəziyyəti doluluq, orta gecələmə müddəti, orta otaq qiyməti, mövcud nömrəyə düşən gəlir, turist xərclərinin strukturu, maliyyə dayanıqlığı kimi vacib göstəricilərlə qiymətləndirilməlidir".
Mənfi maliyyə tendensiyası
S. Dübəndi qeyd edib ki, 2025-ci ildə Azərbaycanda 885 mehmanxana və analoji yerləşdirmə vasitəsi fəaliyyət göstərib: "İl ərzində bu obyektlərdə yerləşdirilən şəxslərin sayı 10,9 %, gecələmələrin sayı isə 6,7 % artsa da, ümumi gəlirlər 653 milyon manata düşərək 5,9 % azalıb. Ən ciddi azalma isə əsas gəlir mənbəyi olan nömrə satışında qeydə alınıb. Bu istiqamətdə gəlirlər 454,5 milyon manatdan 403,8 milyon manata enib. Eyni zamanda istismar, əməkhaqqı, enerji və vergi xərcləri artıb. Bir qonaq-gecəyə düşən otaq gəliri bir il ərzində 106,13 manatdan 88,37 manata enərək təxminən 16,7 % azalıb. Azərbaycan mehmanxanalarının əsas problemlərindən biri turistlərin ölkədə qısa müddət qalmasıdır. 2025-ci ildə orta qalma müddəti ölkə üzrə cəmi 1,73 gecə təşkil edib. Belə göstərici mehmanxanaların nömrə fondunun səmərəli istifadəsinə imkan vermir. Turist sayı artsa belə, onların əksəriyyəti bir və ya iki gecə qaldığından bazarın gəlir potensialı tam reallaşmır. Bundan əlavə, xarici turistlərin keçirdiyi bütün gecələmələrin yalnız 31,4 %-i mehmanxanaların payına düşür. Digər hissəsi kirayə mənzillərdə, qohum və tanışların evində və ya şəxsi yaşayış yerlərində keçirilir. Bu isə gələn turist sayının artmasının avtomatik olaraq mehmanxana sektorunun böyüməsi demək olmadığını göstərir".
Ulduz kateqoriyalı hotellərin sayı artır
Bu arada, Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı da artmaqda davam edir. Dövlət Turizm Agentliyi daha 3 hotelə ulduz kateqoriyası verib. Onlardan biri 5 ulduzlu, biri 4 ulduzlu, digəri isə 3 ulduzlu hotel kimi təsnifləndirilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı 278-ə çatıb. Hazırda Azərbaycanda 24 hotel 5 ulduzlu, 44 hotel 4 ulduzlu, 98 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzlu kateqoriyaya malikdir. Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir. Bu da ölkə üzrə ulduz kateqoriyalı hotellərin təxminən 72 %-nin paytaxtın payına düşdüyünü göstərir.
S. Dübəndinin fikrincə, Azərbaycan ucuz turizm istiqaməti kimi formalaşmamalıdır: "Bununla belə, yüksək qiymət yalnız yüksək xidmət keyfiyyəti ilə əsaslandırılmalıdır. Təhlükəsizlik, peşəkar xidmət, rahat bronlaşdırma, əlavə xidmətlər və müsbət qonaq təcrübəsi qiymətin qorunmasına imkan verən əsas amillərdir. Bəzi kiçik mehmanxanalar bazarı düzgün təhlil etmədən tarifləri müəyyənləşdirir və onlayn platformalarda görünmək üçün davamlı endirimlərə üstünlük verir. Bu isə bazarda qeyri-sağlam qiymət rəqabəti yaradır. Dempinqlə mübarizə yalnız peşəkar idarəetmə, düzgün maya dəyəri hesablaması və xidmət keyfiyyətinin artırılması ilə mümkündür".
Orta qalma müddəti çox qısadır
S. Dübəndi hesab edir ki, hazırlanmaqda olan 2026–2030-cu illər üzrə Dövlət Proqramı sektorun sistemli inkişafı üçün mühüm imkan yarada bilər: "Bunun üçün proqram yalnız tədbirlər toplusu deyil, dövlət, biznes, elm və yerli icmalar arasında koordinasiyanı təmin edən mexanizmə çevrilməlidir. Eyni zamanda proqramın icrası turistlərin orta qalma müddəti, kommersiya gecələmələrinin sayı, doluluq səviyyəsi, turist xərcləri və xidmət keyfiyyəti kimi ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməlidir. Azərbaycanın əsas məqsədi turistlərin sayını artırmaqdan daha çox, onların ölkədə daha uzun qalmasına, daha çox xidmət almasına və daha yüksək əlavə dəyər yaratmasına nail olmaq olmalıdır. Bunun üçün nəqliyyat əlçatanlığı, regional turizm məhsullarının inkişafı, peşəkar idarəetmə, kadr hazırlığı və keyfiyyətli xidmət vahid strategiya çərçivəsində əlaqələndirilməlidir. Əks halda mehmanxanalar uzun müddət qiymət endirimləri hesabına rəqabət aparacaq ki, bu da gələcəkdə xidmət keyfiyyətinin və sektorun rəqabət qabiliyyətinin zəifləməsinə səbəb ola bilər".
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, turistlərin sayında azalma xüsusilə hotellərin doluluq səviyyəsində özünü daha qabarıq büruzə verir: "Regionlar üzrə hotellərin doluluq göstəriciləri arasında 30 %-ə qədər fərq müşahidə olunur. Bazardakı vəziyyətə bir sıra daxili və xarici amillər təsir edir. Belə ki, qlobal turizmdə gözlənilən 4 %-lik artım reallaşmayıb və artım təxminən 2 % səviyyəsində qalıb. Buna regiondakı müharibələr, geosiyasi gərginlik, enerji daşıyıcılarının bahalaşması, təyyarə yanacağının qiymətinin artması və uçuşların azalması səbəb olub".
Azərbaycana gəlmək baha başa gəlir
C.Aşurov qeyd edib ki, Azərbaycanın turizm sektoru qlobal tendensiyadan daha çox təsirlənib: "Buna ölkənin cənubunda davam edən gərginlik, hava məkanının qismən məhdudlaşması, eləcə də əsas hədəf bazarlardan biri olan Körfəz ölkələrindən turist axınının azalması səbəb olub. Hotellərdə doluluğun aşağı olması sahibkarların gəlirlərinə və dövlət büdcəsinə vergi daxilolmalarına da mənfi təsir göstərir. Bununla belə, Azərbaycanın regionlarında hotellərin, restoranların və iaşə xidmətlərinin qiymətləri kifayət qədər rəqabətqabiliyyətlidir və xarici turistlər üçün əlverişli hesab oluna bilər".
Ekspert hesab edir ki, problem ölkədaxili qiymətlərdə deyil, Azərbaycana gəlməyin baha başa gəlməsindədir: "Tur paketlərində nəqliyyat xərclərinin payı bəzən 40 %-ə, hətta daha yuxarı səviyyəyə çatır. Bu isə ölkəyə səfəri bahalaşdırır və turistlərin seçimlərinə birbaşa təsir edir. Azərbaycanın təhlükəsiz turizm istiqaməti kimi üstünlüyündən daha səmərəli istifadə etmək üçün hava nəqliyyatının əlçatanlığı artırılmalı, aşağıbüdcəli aviaşirkətlərlə əməkdaşlıq genişləndirilməli və daha rəqabətli aviabiletlər təklif olunmalıdır. Azərbaycanın bunun üçün kifayət qədər potensialı var. Beynəlxalq hava limanlarının imkanlarından daha səmərəli istifadə edilməli, turistlər üçün daha sərfəli uçuş imkanları yaradılmalıdır. Azərbaycana uçuşlar nə qədər əlçatan və münasib qiymətli olsa, ölkəyə gələn turistlərin sayı da bir o qədər artacaq".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib













