Munira Aminova: Beynəlxalq media Özbəkistanın irsini dünyaya tanıtmağa kömək edir
Far.Az xəbər saytı

Munira Aminova: Beynəlxalq media Özbəkistanın irsini dünyaya tanıtmağa kömək edir


Beynəlxalq media Özbəkistanın tarixi və mədəni irsinin populyarlaşdırılmasında, eləcə də dünya auditoriyasının ölkədəki müasir dəyişikliklər barədə məlumatlandırılmasında mühüm rol oynayır.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri Munira Aminova beynəlxalq mediaforum çərçivəsində keçirilən "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları" plenar sessiyası zamanı bildirib.

O, CNN, Euronews, BBC və Al Jazeera daxil olmaqla beynəlxalq media nümayəndələrini salamlayaraq, onların mediaforumda iştirakının vacibliyini qeyd edib.

"Sizin burada olmanız çox vacibdir, çünki beynəlxalq media dünyaya Özbəkistan və bu gün ölkəmizdə baş verən dəyişikliklər barədə danışmağa kömək edir", - Aminova bildirib.

Onun sözlərinə görə, Özbəkistan Böyük İpək Yolunun bir hissəsidir və onun tarixi irsi yalnız ölkə üçün deyil, bütün bəşəriyyət tarixi üçün əhəmiyyət daşıyır.

Nazirin müşaviri Səmərqənd və Buxara kimi şəhərlərin, eləcə də İbn Sina kimi görkəmli şəxsiyyətlərin yalnız Özbəkistan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən irsin bir hissəsi olduğunu vurğulayıb.

O, İslam Sivilizasiyası Mərkəzinin Özbəkistanın müasir tarixinin mühüm hissəsi və mədəni diplomatiya aləti olduğunu vurğulayıb.

"Bu Mərkəz bizə insanlarla ünsiyyət qurmaq və onlara ölkəmiz barədə danışmaq imkanı verir. Ölkələr arasında münasibətlər yalnız siyasət və iqtisadiyyat üzərində qurulmur. Mədəniyyət də böyük rol oynayır", - Aminova bildirib.

O, həmçinin beynəlxalq media nümayəndələrini Özbəkistanın tarixi görməli yerlərini, o cümlədən İmam əl-Buxari kompleksini, eləcə də Səmərqənd, Buxara və Xivanı ziyarət etməyə çağırıb.

Müasir dəyişikliklərdən danışarkən Aminova iqtisadi artımı, infrastrukturun inkişafını və Mərkəzi Asiyada qarşılıqlı əlaqələrin genişlənməsini qeyd edib.

"Özbəkistanın özü çox sürətlə dəyişir. Siz yeni sahələr, yeni binalar, yeni yollar görürsünüz. Və deyə bilərəm ki, bu yalnız başlanğıcdır. Qarşıda bizi daha çox yeni layihələr gözləyir", - o vurğulayıb.

Sonda Aminova beynəlxalq jurnalistləri dünya auditoriyasını Özbəkistanın tarixi irsi və müasir nailiyyətləri ilə tanış etməyə çağırıb.

"Hamınız üçün əsas mesajım budur: keçmişimizi kəşf edin, irsimiz barədə daha çox öyrənin və Özbəkistan haqqında bütün dünyaya danışın", - xarici işlər nazirinin müşaviri bildirib.

Oxşar xəbərlər

"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər