11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ
Bakı Metropolitenində yeni hərəkət sxeminin tətbiqindən və "28 May"-"Nizami" sahətsində qatarların hərəkətinin dayandırılmasından artıq 10 gündən çox vaxt keçir. Bu müddət ərzində sərnişin daşınmasını təmin etmək və yaranan boşluğu doldurmaq məqsədilə yeni ekspres avtobus marşrutları fəaliyyətə başlayıb, bir sıra mövcud xətlər isə gücləndirilib. Bəs sərnişinlərin yeni sxemə uyğunlaşma prosesi necə gedir və hazırda sistemdə hansı boşluqlar müşahidə olunur? Yaradılan alternativ nəqliyyat imkanları metroda yaranan sərnişin yükünü tam kompensasiya edə bilirmi?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Artıq ekspres marşrutlarda dəyişikliklərə başlanılıb"
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, alternativ daşımaların təmin edilməsi məqsədilə altı ekspres marşrut təşkil edilib:
"Eyni zamanda 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb ki, bu da avtobuslararası intervalın azaldılmasını və sərnişinlər üçün əlçatanlığın artırılmasını təmin edib. İlk 10 gün ərzində sərnişin tələbatının öyrənilməsi və daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, ekspres marşrutlarda dəyişikliklərə başlanılıb. Avqustun 24-dən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemi dəyişdirilib. Əvvəllər "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən marşrut artıq "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını əlaqələndirir. Avtobuslar "Nizami" metrostansiyasından keçərək burada aralıq dayanacaq edəcək, son dayanacaq isə "Koroğlu" stansiyası olacaq. Bundan əlavə, "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda da yenilik tətbiq edilir. Sərnişinlərin avtobuslara minməsini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci validatorun quraşdırılmasına başlanılıb. Bununla sərnişinlərin eyni vaxtda avtobusun həm ön, həm də orta qapılarından salona daxil olması mümkün olacaq".
"Metroda qatarların hərəkət intervalı azaldılıb"
"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, həm tikinti, həm də mövcud xətlər üzrə sərnişindaşıma sahəsində işlər planlaşdırılmış qaydada davam edir:
"Avqustun 15-dək "yaşıl" və "qırmızı" xətlərin müstəqil sahələrində hərəkət intervalı gur saatlarda 3:30 saniyə təşkil edirdi. Qırmızı xətt üzrə hərəkətin təşkilində tam müstəqil fəaliyyət mümkün olduğundan, artıq "İçərişəhər-Əhmədli" istiqamətində interval 1 dəqiqə azaldılaraq 2:30 saniyə təmin edilib. Həmçinin avqustun 15-dək hər iki xəttin müştərək "Həzi Aslanov"-"28 May" sahəsində fərqli xətlər üzrə hərəkət edən sərnişinlərin stansiyalara daxil olan qatarlara növbə ilə minməsi aradan qalxdığından sərnişin axınının daha nizamlı təşkilinə şərait yaranıb".
"Sərnişinlər yeni sxemə uyğunlaşırlar"
Qurumdan bildirildi ki, 2025-ci və 2026-cı illərin avqust ayı üzrə müqayisəli statistik daşıma təhlillərinə əsasən, sərnişin gedişlərində 21 faiz aşağı nəticə qeydə alınıb:
"Bu isə xətlərin ayrılması layihəsinin təsiri də nəzərə alınmaqla hazırkı dövrdə müşahidə olunan maksimal azalma hesab edilə bilər. Son günlərdə sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması ilə bağlı müsbət dinamika müşahidə olunur. Ümumilikdə, ilk günlərdə bir sıra sərnişinlərdə müşahidə olunan çaşqınlıq, əsasən, azalıb. Yaxın dövr üçün əsas hədəf yeni tədris mövsümünə qədər sərnişinlərin daha çox məlumatlı olması, mümkün texniki optimallaşdırma tədbirlərinin diqqət mərkəzində saxlanılması və operativliyin təmin edilməsidir".
Tikinti işləri ilə bağlı isə bildirildi ki, proses müəyyən edilmiş qrafik üzrə mobilizasiya, xətlərin ayrıldığı sahədə infrastrukturun ləğv edilməsi də daxil edilməklə planlı şəkildə davam etdirilir. Əsas hədəf layihəni nəzərdə tutulan 11 aylıq müddətdə başa çatdırmaqdır.
"Koroğlu-Dərnəgül" dəmir yolunun tikintisi sürətləndirilməlidir"
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, ilk 10 günün təcrübəsi sərnişin axınının real mənzərəsini görmək və mövcud nəqliyyat həllərində hansı dəyişikliklərə ehtiyac olduğunu müəyyənləşdirmək baxımından mühüm mərhələdir. Yaxın gələcəkdə yeni xətlərin açılması da mümkündür:
"Məsələn, "Neftçilər" metrostansiyasından "Elmlər Akademiyası"na birbaşa avtobus xəttinin açılması daha məqsədəuyğun olardı və zamanında, pandemiya dövründə də bu növ M indeksli marşrutlar mövcud idi. Digər tərəfdən, yaranacaq təsirlər qaçılmazdır, çünki metronun daşıdığı sərnişin yükünü avtobusların tam gücü ilə daşıması qeyri-mümkündür. Bu səbəbdən xəttə daha çox avtobusun buraxılmasına və ayrılmış avtobus şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Nəqliyyat şəbəkəsinə düşən təzyiqi minimuma endirmək üçün təxirə salınmadan "Koroğlu" ilə "Dərnəgül" stansiyalarını əlaqələndirən dəmir yolunun tikinti layihəsi sürətləndirilməlidir. Dövlət proqramında da yer alan təqribən 2 kilometrlik bu yolun artıq 50 faizi tikilib və onu 1-2 ay ərzində sürətlə istifadəyə verib sərnişin axınının parçalanmasına zəmin yaratmaq olar. Şəhərin mərkəzində piyada infrastrukturunun abadlaşdırılması, qısa marşrutları formalaşdıran zolaqlı və işıqforlu keçidlərin sayının artırılması da vacibdir".
"Metroda işlər 11 aydan tez başa çata bilər"
R.Ağamirzəyevin fikrincə, layihənin icrasının maksimum 11 ay çəkəcəyi bildirilsə də, işlərin daha tez bitməsi də mümkündür. Lakin növbəti 10 ay müddətində ciddi təsirlər gözləniləndir:
"Bu müddətdə təhsil sistemində məsafəli və ya hibrid variantlara keçilməsi də mütləq dəyərləndirilməlidir. Pandemiya dövründə məsafədən iş və tədrisin tətbiqi yükü necə azaltmışdısa, sırf bu çətin dövrü dəyərləndirib mümkün variantları tətbiq etmək lazımdır ki, nəqliyyat təsirləri minimum olsun. Əlimizdə olan avtobus imkanlarından maksimum istifadə etməklə və layihələri sürətləndirməklə bu keçid dövrünü yüngülləşdirə bilərik".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...













