İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
Far.Az xəbər saytı

İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı


Prezident İlham Əliyev Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mətndə deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat edib.

Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışıb.

Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri var. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırıb. Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanıb. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilib və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə verib.

Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməyib.

Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, "Əməkdar artist" (1987) və "Xalq artisti" (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" (2008), "Şərəf" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilib.

Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Qəbri nurla dolsun!".

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Ramin Məmmədov

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Lyudmila Duxovnaya

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər