Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir
Far.Az xəbər saytı

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir


Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətinin əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafının sürətləndirilməsi və regionlarda yeni istehsal imkanlarının yaradılmasıdır.

Sənaye parklarının və məhəllələrinin formalaşdırılması, sahibkarlar üçün infrastrukturun yaradılması, investisiya təşviqlərinin tətbiqi və istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi bu siyasətin əsas alətlərindən birinə çevrilib. Nəticədə sənaye siyasəti istehsal zəncirlərinin, yeni iş yerlərinin və özəl investisiyanın formalaşmasına yönələn daha geniş iqtisadi mexanizmə çevrilir.

Bu siyasətin əhəmiyyəti işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpası prosesində daha aydın görünür. Burada məqsəd dağıdılmış infrastrukturun yenidən qurulması ilə yanaşı, regionların uzunmüddətli iqtisadi fəaliyyətə qoşulması, istehsal və xidmət sahələrinin yaradılması, özəl kapitalın cəlb edilməsi və əhalinin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan sənaye zonaları dövlətin yaratdığı imkanların özəl sektorun investisiya və istehsal fəaliyyəti ilə birləşdiyi əsas platformalardan biri kimi çıxış edir.

Bu modelin nümunələrindən biri Ağdam Sənaye Parkıdır. Parkın son illərdəki inkişaf dinamikası göstərir ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır. Prosesin növbəti mərhələsində əsas məsələ regionda davamlı iqtisadi fəaliyyətin, istehsal zəncirlərinin və özəl sektorun formalaşdırılmasıdır. Ağdam Sənaye Parkı məhz bu keçidin ən mühüm nümunələrindən biri kimi çıxış edir. 2021-ci ildə 190 hektar ərazidə yaradılan park regionun inkişafı baxımından mühüm mexanizmlərdən biridir. Park rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikincidir. Ağdam Sənaye Parkında 36 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 175 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

İnvestisiyanın artması yeni iqtisadi mərhələyə işarədir

Park üzrə ümumi investisiya portfelinin 175 milyon manatdan çox olması parka investor marağının artıdığını göstərir. Dövlət tərəfindən sənaye infrastrukturu yaradılır, güzəştlər təqdim olunur, bundan sonra isə özəl kapital istehsal layihələrinə yönəlir.

İstehsalın diversifikasiyası parkın üstünlüyünü artırır

Ağdam Sənaye Parkında tikinti materialları, metal məmulatları, elektrik paylayıcı avadanlıqlar, dam və fasad örtükləri, divar kağızları, xüsusi təyinatlı işçi ayaqqabıları, beton yarımstansiyaları və digər məhsullar istehsal edilir. Bu müxtəliflik parkı tək bir sektordan asılı olan sənaye zonası modelindən uzaqlaşdırır.

Məşğulluq iqtisadi reinteqrasiyanın əsas göstəricilərindəndir

Ağdam Sənaye Parkının əhəmiyyəti yalnız investisiya və istehsal rəqəmləri ilə ölçülmür. 2026-cı ilin avqustuna qədər parkda 1000-dən çox daimi iş yerinin yaradılması regionun sosial-iqtisadi reinteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı üçün insanların regiona qayıtması qədər həmin ərazilərdə iqtisadi fəaliyyət imkanlarının yaradılması da vacibdir. Sənaye müəssisələri bu baxımdan gəlir mənbəyi yaratmaqla yanaşı, əhali üçün uzunmüddətli məşğulluq bazası formalaşdırır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər