Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Far.Az xəbər saytı

Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır


Bakı bulvarı paytaxt sakinlərinin və şəhərin qonaqlarının ən çox üz tutduğu məkanlardan biridir. Son illər bulvar ərazisində infrastrukturun yenilənməsi, istirahət imkanlarının genişlənməsi və yaşıllıqların qorunması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, Xəzər dənizində su səviyyəsinin azalması, su səthinin çirklənməsi, eləcə də başqa səbəblər hazırda Bakı bulvarının qarşısında yeni çağırışlar qoyub.

Mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibə verib. O, bulvarla bağlı vətəndaşları maraqlandıran aktual məsələlərə aydınlıq gətirib, görülən işlər və gələcək planlar barədə danışıb.

- "ARB": Bulvar kimi böyük ictimai məkanın saxlanılması xüsusi idarəetmə və resurslar tələb edir. Bunu hansı maliyyə modeli əsasında təmin edirsiniz? İdarə öz gəlirləri hesabına xərclərin nə qədərini qarşılayır? Prezident İlham Əliyevin Dənizkənarı Bulvar İdarəsi ilə bağlı bu yaxınlarda imzaladığı Fərman gələcəkdə nə kimi təsirlər göstərəcək?

- Bakı bulvarı öz tarixiliyi, memarlığı, müxtəlif xüsusiyyətlərinə görə yalnız unikal bir şəhər parkı deyil, həm də Bakı şəhərinin ictimai həyatında mühüm rol oynayan multifunksional bir ictimai məkandır. Bu o deməkdir ki, onun ərazisində müxtəlif sahələrində fəaliyyət göstərən subyektlər və Dənizkənarı Bulvar İdarəsinin də bütün istiqamətlərini əhatə edən fəaliyyəti vahid bir məkanda cəmləşib. Bakı bulvarının multifunksionallığı ondan ibarətdir ki, bura həm xüsusi mühafizə olunan təbiət ərazidir, həm də minlərlə insanın gəldiyi, kütləvi tədbirlərin keçirildiyi böyük ictimai ərazi və müxtəlif çoxsaylı imkanların mövcud olduğu turizm ünvanıdır. Bura ictimai iaşə, əyləncə, mədəniyyət və idman obyektlərinin, infrastrukturunun olduğu ərazidir. Həmin ərazinin müxtəlif fəaliyyət növlərini əhatə etdiyi kimi, saxlanılması ilə bağlı resursların istiqaməti bir-birini tamamlayan və şaxələndirilmiş mexanizmlər üzərində qurulmanı şərtləndirir.

Dənizkənarı Milli Parkın saxlanılması ilə bağlı bir neçə cari fəaliyyət istiqamətləri mövcuddur. Milli park kimi yaşıllıq fondunun mühafizəsi, qorunması, inkişafı, ərazinin abadlığı, təmizliyinin qorunub saxlanılması, cari təmir və yenidənqurma işlərinin aparılması, habelə ərazidə mühəndis və kommunal infrastrukturun istismarı ilə əlaqədar olan xərclər xərc istiqamətinin hissəsini təşkil edir. Habelə bütün bu fəaliyyətlərin təmin olunmasına cəlb olunmuş yüzlərlə əməkdaşın əməkhaqqı fondunun ödənişi xərc istiqamətinin əsas hissəsini təşkil edir. Bundan başqa, bulvarın perspektiv inkişafına uyğun olaraq müxtəlif layihələrin icrası ilə bağlı xərc istiqamətləri mövcuddur.

İdarə tərəfindən bütün bu xərc istiqamətlər ilə bağlı fərqli maliyyələşmə mənbələri mövcuddur. Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsinə uyğun olaraq onun müxtəlif fəaliyyətlər, layihələr, tədbirlər, dövlət və özəl tərəfdaşlar, sahibkarlıq subyektləri ilə bağlanan müqavilələr və digər mənbələrdən gəlir əldə etmək hüququ var. Həmin gəlirlərdən əldə olunan vəsait bilavasitə milli parkın saxlanmasına yönəldilir. Həmçinin əməkdaşların əməkhaqqının ödənilməsi ilə bağlı dövlət büdcəsindən Milli Parkın saxlanmasına ayrılan subsidiyalar hesabına təmin olunur.

Milli Parkın saxlanılması ilə bağlı xərclər, eyni zamanda İdarənin gəlirləri ilə əlaqədar göstəricilər açıq informasiyanı təşkil edir. Bununla bağlı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İdarənin illik hesabatları müstəqil auditor tərəfindən tərtib olunan konsolidə edilmiş maliyyə hesabatları şəklində hər ilin sonunda müxtəlif açıq informasiya resurslarında dərc olunur, həmçinin İdarənin rəsmi internet saytında yerləşdirilir. Həmin məlumatlara və xüsusilə son illər müşahidə olunan tendensiyalara nəzər yetirdikdə, bəzi qanunauyğunluqları görə bilərik.

Son bir neçə il ərzində Dənizkənarı Milli Parkın saxlanılması xərclərinin ümumi tutumunda Dənizkənarı Bulvar İdarəsinin gəlirlərinin payının artması ilə bağlı müəyyən tendensiya müşahidə edilir. Məsələn, 2023-cü ildə milli parkın saxlanması xərclərinin cəmində İdarənin gəlirlərinin payı təxminən 23 faiz idisə, hər növbəti ildə bu göstəricinin tədricən artırılması ilə bağlı ardıcıl işlər görülüb. Cari ilin ilk 8 ayında milli parkın saxlanması xərclərinin artıq 64 faizə yaxın hissəsi İdarənin büdcədənkənar gəlirləri hesabına təmin olunması mümkün olub.

Növbəti bir tendensiya Dənizkənarı Bulvar İdarəsinin büdcədənkənar gəlirlərinin artmasıdır. Həmin nisbətin dəyişməsinin əsasında da bu çıxış edir. Çünki Dənizkənarı Bulvar İdarəsinin 2023-cü ildə gəlirlərin həddi təxminən 3.4 milyon manat olmuşdusa, 2024-cü ildə bu göstərici təqribən 93 faiz, yəni iki dəfəyə yaxın artıb. 2026-cı ilin sonlarına doğru proqnozlaşdırılan göstəricilərdə 2023-cü ildə olan statistika ilə müqayisədə təxminən 3 dəfəyə yaxın artım gözlənilir. Bütün bu istiqamətlərdə görünən tendensiyalar, dəyişikliklər, mövcud dinamika və gələcək fəaliyyət perspektivləri ilə bağlı məqamlar Prezident İlham Əliyevin Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir neçə gün öncə imzaladığı Fərmanında öz əksini tapıb.

Burada Bulvar İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, daha çevik idarəetmə, maliyyə intizamının yüksəldilməsi, milli parkın resurslarından daha səmərəli istifadə edilməsi ilə bağlı müxtəlif məsələləri ortaya qoyur. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin artıq hüquqi varisi kimi Dənizkənarı Bulvar Qapalı Səhmdar Cəmiyyəti (QSC) qismində fəaliyyətini davam etdirəcəyi ilə bağlı istiqamətlər müəyyənləşəcək. Bir məqamı da vurğulayaq ki, bütün bu göstəricilər, parkın saxlanılması ilə bağlı xərclərin tutumu, Dənizkənarı Bulvar İdarəsində xidmətlərin həyata keçirilməsi ilə bağlı bu və ya digər dəyişikliklər təbii ki milli park ərazisindəki hansısa resursların, xidmətlərin, ümumi aktivlərin kommersiyalaşdırılması anlamına gəlmir. İdarənin nizamnaməsinə uyğun olaraq əsas vəzifə ondan ibarətdir ki, milli parkın saxlanılması, idarəolunması, mühafizəsi, həmçinin perspektiv inkişafı təmin edilsin. Əsas məqsəd bütün bu resursların milli parkın təyinatına uyğun olaraq, şəhərimizin sakinləri üçün maksimal ictimai dəyər yaratmasına yönəltmək və bu sahədə idarəetməni təkmilləşdirməkdir.

- "ARB": Bakının Baş Planında bulvarın Bibiheybət və Zığ istiqamətində genişləndirilməsi nəzərdə tutulur. Belə bir perspektivdə mövcud bulvarın rolu necə dəyişəcək?

- Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmada şəhər parklarının çox müxtəlif istiqamətlərdə fərqli funksiyaları meydana çıxır. Bu parklar şəhərin yaşıllıq infrastrukturunu təşkil edir, müxtəlif iaşə xidmətlərinin göstərildiyi ictimai məkanlar şəbəkəsi kimi çıxış edir. Həmçinin insanların sağlamlığının və aktiv həyat tərzinin elementi kimi rolu var. Eyni zamanda, şəhərin ekoloji və iqlim dayanıqlılığı ilə bağlı önəmli funksiyasını yerinə yetirir. Son dövrlərdə şəhərsalma nöqteyi-nəzərindən şəhər parklarının xüsusi önəmi onların şəhərin müxtəlif hissələri arasında bağlantı, əlaqələndirmə və müəyyən bir ictimai dəhliz kimi funksiyaları önə çıxır.

Bildiyimiz kimi, Bakı bulvarının tarixi artıq 117 illik bir dövrü əhatə edir. 1909-cu ildə bulvar salındıqda onun ərazisi indikindən dəfələrlə məhdud ərazidə və miqyasda fəaliyyət göstərirdi. Keçən müddət ərzində, növbəti onilliklər ərzində müasir şəhər parklarına xas olan funksiyaların Bakı bulvarında ardıcıllıqla bərqərar olduğunu demək mümkündür. Təbii ki, Bakı bulvarının bugünkü miqyasda, görkəmdə, ictimai funksiyalara uyğun formalaşması müstəqillik illərinə təsadüf edib. İlk olaraq 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Bakı bulvarına milli park statusu verilib və o artıq respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusu əldə edib. Daha sonra ərazinin institusional idarəetməsi ilə bağlı mexanizmlər formalaşdırılıb, müvafiq fərmana uyğun olaraq Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı bulvarına daim xüsusi yanaşması və diqqəti ilə ərazinin genişləndirilməsi, daha da gözəlləşdirilməsi, abadlaşdırılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.

2012-ci ildə mövcud Bakı bulvarı indiki Dövlət Bayrağı Meydanı və Bayıl istiqamətində, Su İdmanı Sarayı istiqamətində, 2015-ci ildə isə indiki Ağ Şəhər bulvarı istiqamətində genişləndirilib. Bakı şəhərinin Baş Planında onun ərazisinin uzadılması ilə bağlı əks olunan planlar tarixinin davamı və şəhərimizdə son illər yaşıllıq sahələrinin artırılması ilə bağlı mövcud yanaşmanın tərkib hissəsidir.

Bu mənada Bakı bulvarının rolu gələcək perspektivdə necə dəyişə bilər? Nəzərə almaq lazımdır ki, Bakı bulvarının yeri və forması da unikaldır. Çünki şəhərin mərkəzində olduqca uzun ərazini əhatə edən bir ictimai məkandır. Bulvar ərazisinin Zığ və Bibiheybət kimi şəhərin kifayət qədər uzaq nöqtələrini birləşdirən bir ictimai məkana çevrilməsi Bakıda bulvarın sadəcə son təyinat nöqtəsi kimi deyil, şəhərin daxilində böyük bir ictimai dəhliz, yaşıllıq zolağına çevrilməsi mənasına gəlir.

Digər tərəfdən isə bunun şəhərin Xəzər dənizi ilə bağlılığı nöqteyi-nəzərdən böyük əhəmiyyəti var. Bakının həm tarixi, iqtisadiyyatı, kimliyi də Xəzər dənizi ilə bağlı olub. Xəzər dənizinin sahili boyu bulvarın və bu yaşıllıq zolağının perspektiv olaraq genişləndirilməsi o deməkdir ki, Bakı şəhərinin Xəzər dənizinə olan çıxışı bilavasitə böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək. Bunun həm də ekoloji və iqlim dayanıqlılığı nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var. Müasir şəhərsalmada mavi və yaşıl infrastruktur su hövzələrinin və yaşıllıq ərazilərinin yanaşı yerləşməsinin ekoloji dayanıqlılığa böyük təsirləri var. Həmin zolağın genişləndirilməsi ərazinin mikroiqliminə, istilik, havanın təmizliyi ilə bağlı göstəricilər, ərazinin biomüxtəlifliyi, insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının daha da asanlaşdırılması kimi məsələlərə öz təsirini göstərəcək.

Son olaraq bir məqamı da vurğulamaq yerinə düşərdi ki, dediyiniz kimi Bakı şəhərinin Baş planında müxtəlif istiqamətlərdə şəhərimizin inkişaf etdirilməsi ilə bağlı prinsiplər və yanaşmalar öz əksini tapır. Buradakı yanaşmalardan biri də şəhərimizin polisentrik inkişaf prinsipinə uyğun olaraq, yəni çox mərkəzli inkişafın dəstəklənməsi ilə gələcək inkişafının təmin edilməsidir. Bununla bağlı təbii ki, şəhərimizin bu istiqamətdə inkişaf etdirilməsi, onun ərazisindəki böyük ictimai məkanlara da eyni təsirini göstərəcək.

Genişlənən Bakı bulvarı yalnız vahid mərkəzdə cəmləşmiş hansısa infrastruktur, xidmətlər vasitəsilə deyil, şəhərin çox böyük ərazisini əhatə edən müxtəlif infrastruktur klasterləri və cəlbetmə nöqtələri vasitəsilə insanlara əlçatanlığı artırmış olacaq. İnsanlar artıq milli parkın və Bakı Bulvarının təqdim etdiyi bu və ya digər xidmətlərə, infrastruktura əlçatanlığı onların uzun məsafə qət etməsi ilə deyil, bilavasitə yaşadıqları ərazilərdən daha yaxından əlçatanlığının təmin edilməsi məsələsini ortaya çıxarır.

- "Report": Son illər müzakirə olunan məsələlərdən biri də Xəzərdə suyun səviyyəsinin azalmasıdır. Bu məsələ Dənizkənarı Milli Parkın gündəlik fəaliyyətində və infrastrukturun idarə olunmasında hansı çətinliklər yaradır? Bu proses bulvarın gələcək inkişaf planlarının dəyişməsini şərtləndirirmi?

- Son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif müstəvilərdə müzakirə edilir. Artıq sirr deyil ki, son bir neçə il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı enməsi Bakı bulvarında da müşahidə edilən bir prosesdir. Ekoloji təsirlərlə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin ərazinin infrastrukturunun, gələcək planların qurulması ilə bağlı bir neçə istiqamətdə yeni çağırışlar meydana çıxarır. Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi.

Xatırlayırsınızsa, bir müddət öncə bununla bağlı məlumatlar ictimailəşmişdi, suyun səviyyəsinin enməsi səbəbindən bulvar ərazisində gəzinti gəmilərinin fəaliyyətində fasilə elan edilmişdi. Çünki artıq gəmilərin hərəkət etdiyi müvafiq körpülər, yanalma körpüləri və onların ətrafında suyun səviyyəsinin dayazlaşması kritik həddə çatmışdı. Eyni zamanda, müvafiq estakadalarda yanalma körpülərindən mövcud texniki parametrlər çərçivəsində istifadə etmək çətinləşirdi. Bulvar İdarəsinin ilk müşahidə etdiyi çətinlik bununla bağlı idi. Gəmi gəzintisində bu səbəbdən çətinliklər yarandı.

Daha sonra, təbii ki, suyun çəkilməsi ilə ərazinin vizual görüntüsünə də təsirlər müşahidə edilməkdədir. Əgər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində tarixən suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli azalması müşahidə edilirdisə, son bir neçə il ərzində üfüqi istiqamətdə suyun geri çəkildiyi müəyyən ərazilər ortaya çıxır. Artıq bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələrinin görüntüləri meydana çıxır. Bu, bilavasitə sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması, qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına uyğunlaşdırılması ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır.

Suyun səviyyəsinin azalması bilavasitə və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir göstərir. Bu problem orta temperatur göstəricilərinə təsirsiz ötüşmür. Bakı buxtasının xüsusi formasını nəzərə alaraq bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr görünür. Bildiyiniz kimi, suyun səviyyəsinin mövcud dayazlaşma həddi ərazidə təmizlənmə işlərinə də təsir göstərir. Gələcək perspektivlərlə bağlı planlarda Bulvar İdarəsi yalnız stabil sahil xəttinin idarəetməsi deyil, icra edilən, planlaşdırılan bütün layihələrlə bağlı müxtəlif ssenarilərə əsaslanan, suyun dəyişmə dinamikasına əvvəlcədən təsirlərini mitiqasiya edə biləcək müxtəlif adaptiv memarlıq həllərinin, adaptiv infrastrukturun qurulması və tətbiq edilməsi ilə bağlı yanaşmanı ortaya çıxarır.

- "ARB": Bulvarın sahil sularının neft və müxtəlif tullantılarla çirklənməsi də yeni problem deyil. Bulvar İdarəsinin sahil sularının təmizliyi ilə bağlı məsuliyyəti nədən ibarətdir və bu istiqamətdə hansı işlər görülür?

- Dənizkənarı Bulvar İdarəsinin sahil sularının təmizlənməsi ilə bağlı səlahiyyət həddinin hansı səviyyədə olmasından asılı olmayaraq, İdarənin bu mövzuya yanaşması birmənalıdır. Xəzər dənizi Bakı bulvarının ekosisteminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, dəniz amili ziyarətçi təcrübəsini bilavasitə formalaşdıran və təəssüratlara təsir edən önəmli amildir. Bu mənada, Xəzər dənizinin ekoloji vəziyyəti hər zaman Bulvar İdarəsinin gündəliyində duran məsələlərdən biridir. Qeyd etmək lazımdır ki, bununla bağlı geniş institusional səviyyədə müxtəlif tədbirlərin görülməsi üzrə işlər həyata keçirilir.

Cari ilin əvvəlində Azərbaycan Baş nazirinin sədrliyi, müvafiq səlahiyyətli qurumların nümayəndələrinin iştirakı ilə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına həsr olunan iclas keçirilib. Bu iclasdan irəli gələrək qarşıda Bakı buxtasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı məsələlərin əsas istiqamətləri müəyyən edilib. Ümumilikdə, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələ iki fərqli müstəvini əhatə edir. Birincisi, Xəzərin açıq sulardan daxil olan müxtəlif çirkləndirici mənbələrinin olmasını, xüsusilə Bakı buxtasının formasını və çirkləndirici amillərin burada toplanaraq yığışması amilini nəzərə alaraq çirklənmənin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətdir. Digər istiqamət isə çirklənmənin kökündən həlli ilə bağlı olan, daha fundamental, onun müxtəlif amilləri və preventiv tədbirlərin görülməsi ilə bağlı yanaşmadır.

Birinci istiqamət üzrə cari ildən müvafiq qurumlarla birgə aidiyyəti üzrə tədbirlərin görülməsinə başlanılıb. Dənizkənarı Bulvar İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə-Qəza Xilasetmə Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı buxtasının Bakı bulvarına düşən akvatoriyasında təmizlik işlərinin aparılması ilə bağlı müvafiq müqavilə imzalanıb. Bununla bağlı olaraq Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə-Qəza Xilasetmə Xidməti tərəfindən Bakı buxtasında suyun səthinin müxtəlif tullantılardan, neft ləkələrindən və digər çirkləndiricilərdən təmizlənməsi ilə bağlı işlər həyata keçirilir. Digər istiqamətlərdə də çirklənmənin qarşısının alınması və ekoloji mövcud vəziyyətə təsir edən digər amillərlə bağlı müxtəlif istiqamətlərdə və aidiyyəti dövlət qurumları ilə birgə işlər görülür.

Bir neçə il əvvəl Bakı bulvarında mövcud çirkab su axarlarının aşkar edilməsi, onların aradan qaldırılması və Bakı bulvarından çirkab su axarlarının Bakı buxtasına daxil olmasının qarşısının alınması ilə bağlı ardıcıl tədbirlər həyata keçirildi. Bu gün də aidiyyəti qurumlarla birgə mütəmadi monitorinqlər aparılır, bu məsələ Bakı bulvarı ərazisində daim nəzarətdə saxlanılır.

Bir məqamı da qeyd etmək lazımdır ki, Bakı şəhərində tullantı və yağış sularının daşınması ilə bağlı mövcud kanalizasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində "Sahil" kollektorunun yenilənməsi işləri aparılır. Təbii ki, bu da Xəzər dənizinin ekoloji vəziyyətinə təsir edən amillərdən biri kimi çıxış edir. Həmin işlər çərçivəsində cari ildən etibarən artıq "Sahil" kollektorunun Bakı bulvarına düşən hissəsində müvafiq işlərə başlanılıb. Müəyyən müddəti əhatə edəcək bu işlərin yekununda Bakı buxtasının ekoloji vəziyyətinə mənfi təsir edən amillərin minimallaşdırılması gözləntiləri var.

- "Report": Müzakirə olunan məsələlərdən biri də obyektlərdə qiymətlər məsələsidir. Ziyarətçilər üçün qiymətlərin əlçatanlığı məsələsinə İdarənin yanaşması necədir və bu sahədə İdarənin hansı təsir və tənzimləmə imkanları mövcuddur?

- Bildiyiniz kimi, Dənizkənarı Milli Park ərazisində müxtəlif sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmətlər və təqdim olunan məhsullar qanunvericiliklə dövlət tərəfindən tənzimlənən hallar istisna olmaqla sərbəst bazar münasibətləri şəraitində formalaşır. Bu mənada Dənizkənarı Bulvar İdarəsi və ya hər hansı dövlət qurumu sahibkarlıq subyektlərinin pərakəndə satış qiymətləri və müxtəlif xidmətləri əsasında müəyyənləşdirdiyi qiymətlərlə bağlı inzibati qaydada tənzimləyici kimi çıxış etmir. Lakin bizim yanaşmamız ondan ibarətdir ki, sahibkarlıq xidmətlərinin pərakəndə satış qiymətləri və müxtəlif xidmətləri ilə müəyyənləşdirdiyi qiymətlər milli parka gələn ziyarətçilər, müxtəlif kateqoriyalardan olan istehlakçılar üçün əlçatan olmalıdır.

İdarənin yanaşması ondan ibarətdir ki, milli park özünün müxtəlif ziyarətçi kateqoriyalarına, istehlakçı kateqoriyalarının tələblərinə - xidmət, keyfiyyət, habelə qiymət tələbləri ilə bağlı müxtəlif alternativlərin olması zəruri amildir. İnzibati qaydada tənzimləmə mümkün olmasa da, İdarə öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlərlə qiymətlərin əlçatanlığı, ərazidəki xidmətlərin müxtəlifliyi, sərbəst rəqabət mühitinin formalaşması, həmçinin digər yollarla əlçatanlıq məsələsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bu çərçivədə əsas format İdarənin sahibkarlıq subyektləri ilə apardığı işçi müzakirələrdir. Məsələn, hansısa qiymət artımına təsir edən amillərin aradan qaldırılması mümkün olduqda həmin kommersiya subyektləri ilə olan kommersiya şərtlərinə hər hansı güzəştlərin edilməsi, həvəsləndirmə və digər faktorların tətbiqi ilə bu cür qiymət artımının qarşısını almaqla bağlı istiqamət götürülür. Son bir neçə il ərzində sahibkarlıq subyektləri ilə bu istiqamətdə aparılan işlərin müəyyən nəticələri özünü göstərir.

Əvvəllər ən çox rast gəlinən tendensiyalardan biri də o idi ki, kütləvi tədbirlər zamanı ziyarətçi sayının artdığı bir zamanda sahibkarlıq subyektləri süni şəkildə qiymət artımına yol verirdilər. Aparılan işlər çərçivəsində bu kimi halların qarşısı alınıb. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tələblər, o cümlədən qiymətlərlə bağlı şəffaflığın təmin edilməsi, hansısa məhsul və ya xidmətlərlə bağlı məlumatların açıq göstərilməsi tələblərin tədricən yerinə yetirilməsi ilə artıq bu istiqamətdə irəliləyişlər var, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Dənizkənarı Bulvar İdarəsi sahibkarlıq subyektləri ilə bağlı aktiv təmaslar çərçivəsində bu cür məsələlərin davamlı olaraq tənzimlənməsini təmin etmək mövqeyində çıxış edir.

- "ARB": Bulvar həm də attraksionlar və əyləncə imkanları məkanıdır. Vaxtilə fəaliyyət göstərən bir sıra attraksionların bir müddət əvvəl yığışdırılmasının səbəbi nə idi? Hazırda bulvarda attraksionların bərpa olunduğu müşahidə edilir. Mövcud attraksionların idarəetməsi və təhlükəsizliyinə nəzarət necə həyata keçirilir?

- Bir müddət öncə bulvar ərazisində olan attraksionlar yığışdırılmışdı, səbəb isə onların uzunmüddətli istismarı idi. Attraksionların texniki istismar müddətinin başa vurması, həm də estetik görünüş cəhətdən mövcud tələblərə cavab vermirdi. Artıq mərhələli şəkildə attraksionların bərpası işlərinə başlanılıb və bu proses davam etdirilir.

Attraksionların təhlükəsizlik məsələsinə gəlincə, bulvarda müxtəlif növ attraksionlar var. Onların bir qismi İdarə tərəfindən, digər qismi isə Bulvar İdarəsi ilə bağlanan müqavilə əsasında ayrı-ayrı operatorlar, sahibkarlıq subyektləri tərəfindən idarə olunur. Attraksionların kimin tərəfindən idarə edilməsindən asılı olmayaraq təhlükəsizliklə bağlı Bakı bulvarında vahid tələblər və standartlar mövcuddur.

Bu tələblər indi yeni quraşdırılan attraksionların gətirilməsi fonunda müxtəlif mərhələləri əhatə edir. Bu təkcə həmin attraksionların istismara qəbul olunmasından sonrakı dövrü əhatə etmir. Attraskionlarla bağlı təhlükəsizlik məsələsi onların seçilməsi və alınması mərhələsindən başlayır. Burada attraksionların quraşdırılacağı ərazi, istehsalçıların bu sahədə təcrübəsi, mövcud attraksionların əraziyə uyğun olub-olmaması, ayrı-ayrı konstruksiya elementlərinin əraziyə uyğunluğu, istifadəçi kateqoriyaları kimi məsələlər nəzərə alınır. Növbəti mərhələ attraksionların quraşdırılması prosesidir. Təhlükəsizlik məqamlarının üzə çıxardığı əsas məsələlərdən biri də quraşdırılması zamanı müvafiq tələblərə əməl olunmasıdır və bununla bağlı bütün zəruri tədbirlərinə nəzarət həyata keçirilir.

Attraksionlar istifadəyə verildikdən sonra onların istismarının təhlükəsiz davam etdirilməsi üçün müxtəlif mərhələlərdə nəzarət tədbirləri həyata keçirilir. Təhlükəsizlik tələblərinə cavabdeh olan müvafiq sahədə təlim keçmiş və bilikləri yoxlanılan əməkdaşlar buraya təhkim olunur. Dənizkənarı Bulvar İdarəsində isə bununla bağlı ixtisaslaşmış struktur bölmə - Qurğuların İstismarı Şöbəsi fəaliyyət göstərir. Bütün bu struktur bölmə və ayrı-ayrı sahibkarlıq subyektlərinin təhkim etdiyi şəxslər həmin attraksionların gündəlik fəaliyyətinə nəzarət həyata keçirir və texniki sazlığı ilə bağlı mütəmadi yoxlamalar aparılır, müvafiq tədbirlər həyata keçirilir.

Digər bir istiqamət isə mürəkkəb kompleks mexanizmlərindən ibarət olan attraksionlara mütəmadi texniki qulluq və xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin mövcud olmasıdır. Bulvar ərazisindəki attraksionların texniki təhlükəsizliyinin təmin edilməsi və onlara vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq ixtisaslaşmış şirkətlərlə müqavilələr bağlanılır. Son mərhələdə bu istiqamətdə səlahiyyətli dövlət qurumları tərəfindən təhlükəsizliklə bağlı nəzarət, yoxlama tədbirlərinin həyata keçirilməsidir. Bununla bağlı illik əsasda, müəyyən intervallarda attraksionlar üzərində defektoskopiya, ölçmə, sınaq işləri aparılır. Orada çalışan əməkdaşların bilik və hazırlıq səviyyəsi ölçülür. Bütün bu proseslərin ardıcıllığı təmin edilməklə mümkün risklərin minimuma endirilməsi və təhlükəsizliyin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir.

- "Report": Siz Bakı bulvarındakı attraksion bazasını zəngin hesab edirsiniz? Gələcəkdə onların sayının artırılması planlaşdılırmı?

- Bakı bulvarında attraksionların bərpa edilməsi ilə bağlı İdarənin yanaşması onların sayının kortəbii artırılmasından daha çox, əyləncə təklifinin keyfiyyətinin və müxtəlifliyinin təmin edilməsinə yönəlib.

Artıq attraksionların iki istiqamətdə bərpa olunmasına başlanılıb. Burada daha çox attraksionların say göstəricilərindən önəmli məqam və amil kimi milli parkın ümumi multifunksional təyinatını, buraya gələn müxtəlif ziyarətçi kateqoriyalarının olduğunu, adrenalin və əyləncə həvəskarlarının yanaşı, Bakı Bulvarının həm də sakit istirahət məkanı olması, müxtəlif iaşə xidmətlərinin göstərildiyi məkandır. Burada yanaşma daha çox müxtəlif istirahət növləri və müxtəlif ziyarətçi arasında düzgün balansın təmin edilməsidir.

Əsas yanaşma mövcud tələbatın düzgün qiymətləndirilməsi, müxtəlif yaş və istifadəçi kateqoriyalarına uyğun olaraq fərqli ərazi zonalarında bölüşdürülməsi, istifadə intensivliyinin nəzərdən keçirilməsidir. Bu çərçivədə bərpa olunan attraksionların iki müxtəlif ərazidə əyləncə zonaları qismində inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Birinci istiqamətdə Dövlət Kukla Teatrı yaxınlığındakı ərazidə azyaşlılar üçün nəzərdə tutulan attraksionların bərpası işləri aparılırsa, ənənəvi olaraq Bakı bulvarında yerləşən və vaxtilə həmin ərazidən götürülən attraksionların bərpası isə Bakı Dəniz Vağzalı yaxınlığındakı ərazidə bərpa etdirilir. Bu cür yaş kateqoriyaları ilə bağlı bölgü onların idarəetməsində daha səmərəli formatı müəyyənləşdirilir, həm də təhlükəsizlik və digər amillərin də əsaslı nəzərə alınmasına şərait yaradır.

Mövcud attraksionların tələbata uyğun sayının artırılması ilə bağlı müvafiq təhlillər aparılır. Tələbata uyğun olaraq attraksionların bərpası ilə bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur.

- "ARB": Bulvar ərazisində təhlükəsizliklə bağlı məsuliyyətin hansı hissəsi birbaşa İdarənin üzərinə düşür? Bu məsələdə nəzarət mexanizmi necə tənzimlənir?

- Təhlükəsizlik məsələsinə Dənizkənarı Bulvar İdarəsində iki fərqli müstəvidə baxış var. Birincisi, ərazinin özünün mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsilə bağlı məsələdir. Burada dayanan əsas amil Dənizkənarı Milli Parkın statusundan irəli gəlir. Dənizkənarı Milli Park xüsusi mühafizə olunan təbiət ərazisi olduğu üçün özünün mühafizə rejimi müəyyən edilir və bu, təmin olunur. İkinci müstəvi Bakı bulvarının minlərlə ziyarətçinin üz tutduğu böyük bir ictimai məkan kimi təhlükəsizlik komponentlərinin nəzərdən keçirilməsidir.

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də Dənizkənarı Milli Park haqqında əsasnamədə milli parkın mühafizə rejiminin xüsusiyyətləri sadalanır. Bu mühafizə rejiminə ərazidə xüsusi tarixi, estetik əhəmiyyəti olan abidələrin, mədəniyyət, memarlıq abidələrinin mühafizəsi, onlardan istifadə qaydalarının tənzimlənməsi və onların qorunmasına nəzarət edilməsi daxildir. Dənizkənarı Bulvar İdarəsinin nizamnaməsinə, həmçinin Milli Parkın əsasnaməsinə uyğun olaraq bu fəaliyyətin həyata keçirilməsi bilavasitə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir.

İdarənin mühafizə xidməti gündəlik fəaliyyətində də müxtəlif məsələlərə - ərazidəki hadisələrə çevik reaksiya, aidiyyəti strukturlara məlumatların çatdırılması, digər qurumlar ilə düzgün əlaqələndirmənin təşkil edilməsinə cavabdehdir.

- "Report": Skuter və velosiped kimi mikromobillik vasitələri müasir şəhərin bir hissəsinə çevrilib, amma piyadaların üstünlük təşkil etdiyi Bulvar kimi məkanda onların hərəkəti təhlükəsizlik və rahatlıq məsələsini də ortaya çıxarır. Sizcə, bu məsələnin nizamlanmasında düzgün yanaşma necə olmalıdır? Məhdudiyyətlər tətbiq edilməlidir, yoxsa müxtəlif hərəkət növlərini məkan daxilində daha düzgün ayırmaq və tənzimləmək?

- Bilirsiniz ki, artıq mikromobillik vasitələri, velosipedlər və digər kiçik elektrik nəqliyyat vasitələri artıq müasir şəhərlərdə mobilliyin əsas elementlərindən birinə çevrilib. Müxtəlif hərəkət növlərinin kəsişdiyi böyük ictimai məkanlarda qarşıda duran məsələlər bu müxtəlif hərəkətlərin vahid, nizamlanmış, təhlükəsiz formada təşkilini həyata keçirməkdir. Bununla bağlı, bilirsiniz ki, artıq tənzimləmə mövcuddur.

Belə ki, 2024-cü ildə "Yol hərəkəti haqqında" qanuna edilən müvafiq dəyişikliklərlə artıq mikromobillik vasitələrinin, kiçik elektrik nəqliyyat vasitələrinin də hərəkətinin təşkilinə dair məsələlər və qaydalar, tənzimləmələr normativ əsaslarla müəyyən edilib. Burada çox müxtəlif aspektlər tənzimlənir. Yəni yolun hərəkət hissəsinin məhz mikromobillik vasitələrinə aid olan hissələrinin anlayışı verilir. Parklarda, o cümlədən həyətyanı ərazilərdə mikromobillik vasitələri üçün müəyyən edilmiş sürət həddi müəyyən edilir və bu sürət həddi yeri gəlmişkən saatda 10 kilometrdən çox olmayan sürətdir. Həmçinin skuter və ya velosiped istifadəçilərinin sürücülərinə dair müəyyən tələblər və onların əməl etməli olduğu təhlükəsizlik tədbirləri məlumdur. Məsələn, velosiped zolağı olduğu halda yalnız ondan istifadə etmək, piyadaların hərəkətinə maneə törədən hallar artıq inzibati məsuliyyət yaradan davranış kimi müəyyən edilib.

Digər tərəfən də nəzərə almaq lazımdır ki, 2024-cü ildən etibarən şəhərin ümumi infrastrukturuna uyğun olaraq artıq bulvar ərazisində də müvafiq səlahiyyətli qurum tərəfindən mikromobillik zolaqlarının salınmasına başlanılıb və bu gün bulvarın bütün əsas istiqamətlərində həmin mikromobillik zolaqları mövcuddur. Qanunvericilik səviyyəsində bu sahənin tənzimlənməsinin artıq öz əskini tapdığı, hərəkətin təşkili üçün ayrılmış xüsusi zolaqların olduğu bir vaxtda, təbii ki, yerdə qalan yeganə məsələ hərəkətin nizamlanmış təşkilinə nail olmaqdır.

Dənizkənarı Bulvar İdarəsinin tənzimlənmə, nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qanunvericiliklə bu və ya digər səlahiyyəti müəyyən edilməyib. Lakin İdarənin üzərinə düşən məsələ hər kəsin təhlükəsizliyi üçün bu hərəkətin qaydalı təşkili istiqamətində düzgün davranışın intuitiv və daha asan olması üçün şəraitin yaradılmasıdır. İlk növbədə, ərazidə müxtəlif məlumatlandırıcı, istiqamətləndirici nişanların quraşdırılması, istifadəçilərin yalnız zolaqlardan istifadə etməyə dəvət edən müxtəlif məlumatlandırıcı nişanlar var. Eyni zamanda, Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti ərazidə fəaliyyət göstərdiyi müddətdə skuter və velosiped istifadəçilərini zolaqlara yönəltmə, onların istiqamətləndirilməsini həyata keçirir. Bununla da tədricən bu istiqamətdə hərəkətin daha nizamlı təşkili üçün ardıcıl tədbirlər görülür.

- "Report": 2026-2030-cu illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı ölkənin turizm imkanlarının daha sistemli və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasını hədəfləyir. Nəzərə alsaq ki, bulvar Bakıya gələn turist üçün şəhərlə ilk tanışlıq məkanlarından biridir. Bu kontekstdə Bakı bulvarının paytaxtın turizm təklifində rolunu necə görürsünüz və bu potensialdan daha səmərəli istifadə etmək üçün hansı istiqamətlər inkişaf etdirilməlidir?

- Bakı bulvarı turizm cəhətdən olduqca cəlbedici və unikal bir məkandır. Onun unikallığı bundan ibarətdir ki, burada istənilən xarici ziyarətçi, yerli sakin üçün vahid məkanda müxtəlif infrastruktur, iaşə obyektləri, turist cəlbetmə nöqtələri vahid bir məkandadır. Şəhərin istənilən qonağının ilk tanışlığının əsas məkanlarından biri kimi Bakı bulvarı çıxış edir. Nəzərə almaq lazımdır ki, Bakı bulvarında çoxsaylı mədəniyyət obyektləri, müxtəlif, unikal muzeylər həmçinin xalça muzeyi fəaliyyət göstərir. Bulvar həm də Bakının tarixini və müasir görkəmini təmsil edir. Burada dünyada ən böyük bayrağın dalğalandığı Dövlət Bayrağı Meydanı yerləşir, həmçinin müxtəlif iaşə xidmətləri, qastronomiya təmsilçiləri fəaliyyət göstərir. Bu mənada Bakı bulvarında ən müxtəlif fəaliyyət xidmətlərini əhatə edən fərqli turizm məhsulları mövcuddur.

Turizmin inkişafına dair Dövlət Proqramının qarşıya qoyduğu bir neçə prioritet var. Bu çərçivədə bulvarla bağlı icrası mümkün olan və əsas məsələlərdən biri də Bakı Bulvarında bu cür cəlbetmə nöqtələrinin vahid məkanda yerləşdiyini nəzərə alaraq bu məkanın vahid turizm marşrutu, məkanı kimi inkişaf etdirilməsinə və vahid təcrübənin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Bilirsiniz ki, sözügedən dövlət proqramında digər prioritetlər də müəyyən olunub. Burada tələbin və təklifin təşviqi, yeni turizm məhsullarının yaradılması, mövsümlük amillərin təsirlərinin aradan qaldırılması, habelə innovasiyaların və rəqəmsallaşmanın tətbiqi ilə bağlı müxtəlif yeni prioritetlər müəyyənləşdirilir. Bu prioritetlərin hər biri Dənizkənarı Bulvar İdarəsinin turizm potensialının inkişaf etdirilməsində tətbiq edilməsi mümkün olan və zəruri istiqamətləri təşkil edir. Bununla bağlı artıq müəyyən turizm məhsullarının yaradılmasına başlanılmışdır.

Yay aylarında Bakı bulvarında onun tarixi marşrutunu əhatə edən xüsusi bir marşrut üzrə elektrik mühərrikli retro faytonlar istifadəyə verilib. Keçən müddət ərzində aparılan müşahidələrimiz onu deməyə əsas verir ki, bu, turizm məhsulu kimi çox uğurlu olub və bulvarı ziyarət edən qonaqların xüsusi marağına səbəb olub. Digər bir inkişaf etdirilməsi nəzərdə tutulan və ziyarətçi təcrübəsinə təsir edən istiqamət isə istənilən ziyarətçinin Bakı Bulvarını nə cür oxuması, buradakı naviqasiya və məlumatlandırma infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Gələcək fəaliyyət dövründə ərazidə mədəni, tarixi əhəmiyyət kəsb edən müxtəlif obyektlər barədə məlumatlandırma nişanlarının, QR kod əsaslı informasiya sistemlərinin, vahid məlumat bazalarının yaradılması ilə ərazinin daha asan naviqasiya və istiqamətləndirilməsinin təmin edilməsi ilə bağlı məsələlər dayanır.

Bakı bulvarını digər turistik məkanlardan fərqləndirən bir cəhət də onun çoxsaylı turizm cəlbetmə obyektlərinin müxtəlif infrastrukturların, muzeylərin yerləşdiyi süni yaradılmış bir turizm məkanı olmamasıdır. Bulvarın bugünkü görkəmi, məzmunu uzun illər ərzində və məqsədli şəkildə planlaşdırılmış, təbii olaraq formalaşmış şəhər, ictimai həyatın çox mühüm bir elementini təşkil edən bir məkan kimi inkişaf edib. Bu mənada, Bakı bulvarını ziyarət edən istənilən qonaq təqdim olunan xidmətlərlə deyil, həm də şəhər həyatının təbii formasında onu bilavasitə hiss etmək imkanı əldə edir. Bu baxımdan, bulvar ərazisində müxtəlif növ ictimai tədbirlərin, festivalların və digər məzmunlu tədbirlərin keçirilməsi ilə Bakı bulvarının məhz bu dəyərinin də gücləndirilməsi və turist cəlbetmə istiqamətində təsirlərin artırılması ilə bağlı işlər aparılır.

- "ARB": "Bulvar son illərdə daha yaxşı idarəolunan və daha keyfiyyətli ictimai məkana çevrilib" demək üçün hansı konkret göstəricilərə əsaslanmaq olar? Siz bu inkişafı nə ilə ölçürsünüz?

- İstənilən idarəetmənin ölçülməsi təbii ki, hansısa subyektiv təəssüratlara deyil, konkret ölçüləbilən meyarlara və nəticələrə əsaslanmalıdır. Doğrudur, nə qədər də Bakı bulvarının fəaliyyətinin bilavasitə göstəriciləri və nəticələri bir çox hallarda insanların təəssüratları, təcrübələri və ölçülə bilməyən digər dəyərlərlə bağlı olsa da Dənizkənarı Bulvar İdarəsi öz fəaliyyətini ölçüləbilən konkret meyarlar üzərində qurulmasının istiqamətində fəaliyyət göstərir və burada artıq bizim fəaliyyət göstəriciləri kimi çıxış edən müxtəlif göstəricilər mövcuddur.

İlk növbədə ictimai məkan üçün ən mühüm göstəricilərdən biri onun cəlbediciliyi və bura gələn ziyarətçilərin sayı ilə bağlıdır. Bununla bağlı apardığımız müşahidələr onu deməyə əsas verir ki, son bir neçə il ərzində bulvara gələn ziyarətçilərin sayında xüsusi artım müşahidə olunur. Bu, İdarə tərəfindən ərazidə quraşdırılmış müxtəlif sayğac rolunu oynayan müxtəlif ərazilərin inkişaf perspektivlərini, cəlbediciliyini müqayisə etmək, təhlil etmək, bulvarın balanslı inkişafını təmin etmək məqsədilə aparılan həmin müşahidələr və təhlillər çərçivəsində müəyyən olunub.

Müşahidələrimiz onu deməyə əsas verir ki, yay aylarında aktivliyin daim yuxarı səviyyədə olmasına baxmayaraq, son 2 il ərzində bulvara qeyri-mövsüm dövrü hesab olunan qış aylarında gələn ziyarətçilərin sayının üç dəfəyə yaxın artdığı müşahidə olunur. Bu təbii ki, müxtəlif amillərlə bağlıdır. Bu ərazidə keçirilən müxtəlif növ tədbirlər, onların keyfiyyəti və məzmununun dəyişməsi, digər tərəfdən, infrastrukturun təkmilləşdirilməsi və yeni obyektlərin istifadəyə verilməsiylə bu cəlbedicilik və aktivlik təmin edilib.

İkinci məsələ isə nə qədər ziyarətçinin gəlməsi deyil, onun nə üçün bulvara gəlməsi və vaxtını necə keçirməsi ilə bağlı məqamdır. Burada əsas göstərici Dənizkənarı Milli Parkın mövcud potensialının, resurslarının və aktivlərinin nə qədər düzgün idarə olunması və onların yaratdığı ictimai dəyərdir.

Bu çərçivədə son bir neçə il ərzində Dənizkənarı Bulvar İdarəsi tərəfindən burada mövcud olan müxtəlif resursların, obyektlərin fəaliyyətinin bərpası ilə bağlı ardıcıl işlər aparıb. Qeyd etdiyimiz kimi, attraksionların fəaliyyəti bərpa olundu, gəzinti gəmilərində yaranmış fasilə aradan qaldırıldı və suyun səviyyəsinin aşağı düşməsinə baxmayaraq artıq yeni marşrut üzrə gəmilərin fəaliyyəti bərpa olundu. Vaxtilə fəaliyyətsiz qalan panorama çarxının fəaliyyəti yenidən bərpa olundu və digər müxtəlif fəaliyyət növlərinin aktivləşdirilməsi milli parkın mövcud resurslarının reallaşdırılması məsələsidir.

Daha bir önəmli göstərici isə milli park olaraq Bakı bulvarının gözəlliyi, təmizliyi, onun ekoloji vəziyyəti ilə bağlıdır. Bu vizual olaraq artıq müşahidə olunan bir məsələdir və bununla bağlı İdarə cari fəaliyyətini davam etdirir. Növbəti önəmli məqamlardan biri bütün bu proseslərin idarəedilməsi ilə bağlı səmərəlilikdir. Bütün bu dəyərləri yaratmaq və onların idarə edilməsi Dənizkənarı Bulvar İdarəsinin nizamnaməsinə uyğun olaraq vəzifələrin həyata keçirilməsi, bu optimal resurslardan idarə etmə, səmərəli idarə etmə prinsipləri üzərində qurulması və mövcud resurslar çərçivəsində nə qədər ictimai dəyərin yaradılması prizmasından yanaşma önəmlidir.

Bakı bulvarının unikallığının beynəlxalq miqyasda təqdim olunması ilə bağlı artıq bir neçə ildir ki, fəaliyyətə başlanılıb. Bu unikal məkanın şəhər mühiti üçün yaratdığı ictimai dəyərin, idarə edilməsi ilə bağlı dövlətin ortaya qoyduğu institusional mexanizmin dünya miqyasında xüsusi bir yeri olacağı ilə bağlı bizim əminliyimiz var idi. Bununla bağlı dünyada mötəbər qiymətləndirmə sistemlərinə və müxtəlif mükafatlandırma sistemlərinə müraciətlər olunub.

2024-cü ildə Dənizkənarı Milli Park "Dünya Şəhər Parkları" mükafatının qalibi elan edildi. 2025-ci ildə isə o, bu sahədə mötəbər qiymətləndirmə sistemlərindən biri olan "Yaşıl Bayraq Mükafatı"na (Green Flag Award) layiq görüldü. Bu mükafatlandırma və qiymətləndirmə prosesi müxtəlif uzunmüddətli təhlillər, Bakı bulvarı ilə xarici mütəxəssislərin yaxından tanış olması, onu təhlil etməsi, sonuncu mərhələdə ekspertlərdən ibarət nümayəndələrin bilavasitə milli park ərazisinə gələrək onun ərazisində müvafiq qiymətləndirmələr aparmaları nəticəsində gəlinən qənaətdir. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq miqyasda da Dənizkənarı Milli Park unikal bir məkan kimi qalmaqdadır.

Bütün bu fəaliyyət göstəriciləri Dənizkənarı Bulvar İdarəsinin bilavasitə qarşısına qoyduğu əsas vəzifələr milli parkın qorunması, saxlanması, idarə edilməsi, inkişafının təmini, həmçinin ölkə sakinləri üçün yaratdığı ictimai dəyərin qorunması və daha böyük dəyər kimi gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər