Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib
Far.Az xəbər saytı

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi "Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək" qrant layihəsi çərçivəsində yekun maarifləndirmə təlimləri Xankəndi şəhərində təşkil olunub.

"Far.Az" xəbər verir ki, layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan tələbələr üçün ümumilikdə 2 təlim keçirilib.

Təlimlərdən öncə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev işğaldan azad edilmiş ərazilərdə qayıdış, məskunlaşma və təhsil prosesinin davam etdiyi bir dövrdə əhali, xüsusilə gənclər arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə donor qurumlara, eləcə də layihə müddətində təşkilati məsələlərin həllinə və təlimlərin keçirilməsinə dəstək göstərən bütün aidiyyəti qurumlara təşəkkürünü bildirib. X. Quliyev, xüsusilə Prezidentin müvafiq xüsusi nümayəndəliklərinə və təhsil müəssisələrinin rəhbərlərinə göstərdikləri dəstəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondu adından minnətdarlığını ifadə edib.

Ardınca çıxış edən BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli qeyd edib ki, bu, Fondun Qarabağ Universitetində keçirdiyi növbəti mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) təlimidir. O, həmçinin, tələbələrin mövzuya göstərdikləri marağı və təlimlərdə fəal iştirakını yüksək qiymətləndirib.

Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib. Sessiyalar interaktiv formatda təşkil olunub, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici formalar hədiyyə olunub.

Qeyd edək ki, Qarabağ Universitetində keçirilən bu təlimlərlə sözügedən layihə çərçivəsində nəzərdə tutulan bütün maarifləndirmə tədbirləri yekunlaşıb. Qrant layihəsinin əsas məqsədi Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində yaşayan, çalışan və təhsil alan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair məlumatlılığı artırmaq, bununla da mina hadisələrinin qarşısının alınmasına və insanların təhlükəsizliyinin qorunmasına töhfə vermək olub.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər